Dedi ki, o, biqeyrət olacaq - Ziyalıların Şirməmməd Hüseynovla bağlı xatirələri
Bizi izləyin

Nida Xəbər

Dedi ki, o, biqeyrət olacaq - Ziyalıların Şirməmməd Hüseynovla bağlı xatirələri

"Azərbaycan xalqına, jurnalistikasına ağır itki üz verib. İctimai fikrimizin sonuncu mogikanlarından biri, mənim universitet müəllimim Şirməmməd Hüseynov 95 yaşında dünyasını dəyişib".

Publika.az xəbər verir ki, bunu yazıçı Sabir Rüstəmxanlı görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimində qeyd edib.

Rüstəmxanlı bildirib ki, Şirməmməd Hüseynov həyat dolu insan idi: "Adam onun ölümlə üz-üzə gələcəyini təsəvvür edə bilmir. O, bütün ömrünü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına sərf edib. Azərbaycana öz ömrünü fəda etmiş insanların bioqrafiyasının toplanmasına böyük əmək sərf edib. O, qeyri-adi yaddaş sahibi idi. Məhəmməd Əmin Rəsulzadə, repressiya, AXC ilə bağlı çoxlarının unutduğu faktları ortaya qoymağı bacarırdı. Mən tələbə olanda Şirməmməd müəllim dekan müavini idi. Bir gün bir dostuma görə Şirməmməd müəllimdən qiymət istədim. Dedi ki, qiymət verməyəcəm. Çünki savadsızdır. Və həmin tələbəni yadında saxladı. Dedi ki, bir gün o savadsız həm də biqeyrət olacaq. Bu söz mənim yaddaşımda kök saldı. Şirməmməd Hüseynov bir alim kimi çox fəal idi. Rəsulzadənin irsini araşdıran və toplayan insan kimi çox dəyərli idi. O, tələbələrinin, iş yoldaşlarının və onu sevənlərin yaddaşında əbədi qalacaq.

BDU-nun müəllimi Nəsir Əhmədli:

“1966-cı ildən bu günə qədər Şirməmməd müəllimlə birlikdə olmuşam. Həmişə onun qayğısını hiss etmişəm. 1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə oğlu Vaqifə zəng ediblər ki, atan rəhmətə gedib. Telefonun dəstəyi onun əlindən yerə düşür. Sonra o, bir şeir yazır: “Dünyanın ən ağır qanteli telefon dəstəyidir. Dünən mən də eyni hissləri keçirdim. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Özümü pis hiss etdim. Çünki Şirməmməd müəllim mənim həyatımda çox böyük rola malik insandır. Universitetə qəbul imtahanından tutmuş bu günə qədər mənim hamim olub. Elm sahəsində, həyatda ağsaqqalım olub. Allah rəhmət eləsin. Ailəsinə doğmalarına səbir versin".

Fazil Mustafanın sözlərinə görə, bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur: “Şirməmməd Hüseynov öz borcunu ölüm gününə qədər yerinə yetirməyi özü üçün müqəddəs vəzifə hesab edən şəxsiyyətdir. Bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur. Onun qoyduğu irs, yaşam tərzi, pedaqoji üslubu, vicdan və obyektivlik meyarları Azərbaycan cəmiyyətində etalona çevriləcək. Onu çox az sayda ziyalı ilə müqayisə edə bilərəm. Onlardan biri Xudu Məmmədovdur. Azərbaycam tarixindən gəlib keçmiş bütün obrazları, parametrlərilə ideallara cavab verən kimlikdir. Onun irsi yaşayacaq. Onun obyektiv kimliyinin ortaya qoyduğu şəxsiyyət etalonu Azərbaycanda uzun müddət nümunə kimi göstəriləcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm