Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa çağırdı
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa çağırdı

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşü açan Slovakiya Milli Şurasının sədri Boris Kollar Milli Məclisin sədrini salamlayaraq, bu səfərin ölkələrimiz və parlamentlər arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, parlamentlərarası əlaqələrin daha da inkişafının hər iki tərəf üçün əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib. O, Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib. Səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin ölkələrimiz arasında ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına yeni impuls verəcəyinə inamını bildirib.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın enerji siyasəti haqqında danışaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyi arxitekturasında oynadığı rolu xüsusi vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından da önəmlidir.

Milli Məclisin sədri görüşdə ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi möhtəşəm Zəfər haqqında danışaraq qeyd edib ki, bu qələbə nəticəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü bərpa edib. Bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü ilə reallaşdırıb.

Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına mane olur. O, Ermənistanın silahlı terrorçu dəstələri azad olunan ərazilərə göndərməsi, işğal altında saxladığı ərazilərdə bütün şəhərləri, kəndləri, tarixi və mədəni abidələrimizi, məscidlərimizi dağıtması, milli sərvətlərimizi talan etməsi barədə ətraflı danışıb. Sahibə Qafarova deyib ki, 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin isə dəqiqliyi yalnız 25 faizdir. Spiker xüsusilə vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 nəfər mülki vətəndaş və hərbçilərimiz həlak olub və ya ağır yaralanıb. Beləliklə, Ermənistan insanların həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratmağa davam edir. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, cari ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.

Parlamentlərarası münasibətlərin hazırkı vəziyyəti haqqında da danışan Milli Məclisinin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycan ilə Slovakiya arasında münasibətlərin inkişafına töhfə verir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Lakin parlamentarilər tərəfindən qəbul olunan qərəzli qərarlar və səsləndirilən qeyri-obyektiv bəyanatlar ikitərəfli əlaqələrə kölgə sala bilər. Sahibə Qafarova xüsusilə, ötən ilin noyabrında Slovakiya Parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı Soyqırımının 30-cu ildönümünün olacağını diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırımı törədərək, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfəri qətlə yetirib, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralanıb. 8 ailə tamamilə məhv edilib. Bu insanlar yalnız etnik mənsubiyyətinə görə öldürülüb və işgəncəyə məruz qalıblar. Spiker artıq bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı törədilmiş bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul olunduğunu xatırladaraq, ümidvar olduğunu bildirib ki, slovakiyalı parlamentarilər də bu qətliamı tanımaq üçün prosesə başlayacaqlar.

Görüşdə Milli Məclisin komitə sədri Zahid Oruc və Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov çıxış edərək iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolu, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının əhəmiyyəti barədə fikirlərini ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm