Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
Bizi izləyin

Nida Xəbər

Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın

Azərbaycanın bir qrup QHT nümayəndəsi ölkəmizin Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair bəyanat yayıb.

Publika.az bildirir ki, bəyanatda deyilir:

"Biz - Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və binasına qarşı edilən hərəkətləri həm Böyük Britaniyanın imicinə zərbə vurduğunu, həm də beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik".

Bildirilib ki, hadisədən artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təkcə avqustun 5-də bir açıqlama verib:

"Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ölkəmizin Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pislədiyini və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını vurğulayıb. Hadisədən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də müəyyənləşdirə bilməyib və onları, sadəcə olaraq, “etirazçılar” adlandırıb. Hadisənin vandalizm aktı olduğu, Azərbaycan bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə “etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da, hələlik Krallıq hökuməti tərəfindən ciddi açıqlama verilməyib. Məlumat üçün bildiririk ki, 1961-ci il aprelin 18-də qəbul edilmiş Diplomatik əlaqələr haqqında Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, onun sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, ölkəmizin səfirliyinə hücumun məsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidir".

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

"Avropaya İnteqrasiya Mərkəzi" İctimai Birliyi - Şəhriyar Məcidov

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi- Radə Abbas

"Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı" İctimai Birliyi- Orxan Əlixanlı

"Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyi- Mariya Hüseynova

Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi - Rəhilə Mehtiyeva

“Elmi Araşdırmalar” İctimai Birliyi - Telman Qasımov

“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Müşfiq Ələsgərli

“Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyi - Vüqar Əhmədov

“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi - Nadir Cəfərov

"Əqli Mülkiyyətçilərə Kömək" İctimai Birliyi - Əfqan Qafarov

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi - Toğrul Allahverdiyev

"Ziyalı Ocağı" İctimai Birliyi - İlahə Əliyeva

"Beynəlxalq Dialoq və İnkişaf Alyansı" İctimai Birliyi - Nüşabə Məmmədova

"Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi - Təranə Hüseynova

"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi - Şəhla Nağıyeva.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm