Azərbaycan və İran müharibə astanasında: ABŞ kimi dəstəkləyəcək?
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və İran müharibə astanasında: ABŞ kimi dəstəkləyəcək?

Bu yaxınlarda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və bir səfirlik işçisinin ölümü, digərlərinin yaralanması ilə nəticələnən terror hücumu iki ölkəni müharibəyə yaxınlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə “Silk Road Briefing” beynəlxalq analitik saytı “Azərbaycan və İran hərbi münaqişəyə yaxınlaşır” adlı məqaləsində yazır.

“Bu hadisə Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinə ziyan vura və Xəzər dənizindəki limanları bağlayaraq, malların Avropadan Fars körfəzi vasitəsilə Cənubi Asiya ölkələrinə çıxışına əngəl ola bilər. Bu, Avropa İttifaqının Asiya ilə ticarətini yalnız Süveyş kanalı variantına endirəcək və ehtimal ki, Qazaxıstandan keçməklə Orta Dəhlizə çıxışı məhdudlaşdıracaq.

İki ölkə arasında gərginlik çoxsaylı komponentlərlə birlikdə artmaqdadır. Onlardan biri İranın şimal-qərbində yaşayan, ölkədə 25-35 milyona yaxın olan azərbaycanlılarla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin dekabrında deyib ki, İran azərbaycanlıları millətimizin bir parçasıdır.

Digər mühüm məsələ Azərbaycanın xarici siyasət əlaqələridir. Bakı İranın əsas düşməni olan İsraillə sıx əməkdaşlıq edir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edib. Bakı İsraili neft və neft məhsulları ilə təmin edir, həmçinin yüksək texnologiyalı silahlar alır: ikili təyinatlı elektronika, hücum və kəşfiyyat pilotsuz təyyarələri, naviqasiya və optik sistemlər, dəqiq idarə olunan döyüş sursatları. Bu yaxınlarda iki ölkə qarşılıqlı ticarət nümayəndəlikləri açmaqla bu əlaqələri rəsmiləşdirdi. Azərbaycan hökuməti də Təl-Əvivdə səfirlik açacağını bəyan edib.

İranda İsrailin fəaliyyətinə düşmənçiliklə yanaşılır. Azərbaycan İranla quru və Xəzər dənizi vasitəsilə su sərhədlərinə malikdir və İran bunu İsrail xüsusi əməliyyat qüvvələrinin İrana zərbələr endirmək üçün tramplin kimi istifadə etməsi üçün potensial dəhliz kimi görür. Nəzəri cəhətdən İsrail Azərbaycan ərazisindən pilotsuz uçuş aparatlarının operatorlarını qəbul etmək, döyüş təyyarələrinə yanacaq doldurmaq və təxribat qrupları üçün baza kimi istifadə etmək üçün istifadə edə bilər. Zəifləmiş İran potensial olaraq Azərbaycana İranın iki ostanına - Qərbi və Şərqi Azərbaycana və ola bilsin Ərdəbilə iddia irəli sürməyə imkan verə bilər”, - analitik sayt qeyd edir.

Məqalənin müəllifi Kris Denvonşir-Ellisin sözlərinə görə, digər mübahisəli məsələ Zəngəzur dəhlizi layihəsidir: “Azərbaycan Naxçıvan eksklavına birbaşa yol çəkmək və onu Türkiyəyə qədər genişləndirmək istəyir. Marşrut Ermənistanın Zəngəzur vilayətindən keçməlidir. Layihənin həyata keçirilməsi İranı Ermənistandan qopara və bu səbəbdən Tehranın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarətinə mane ola bilər.

Bundan əlavə, dəhlizin açılması Türkiyənin regionda daha da möhkəmlənməsinə gətirib çıxaracaq. İranın Aİİ ilə sərfəli azad ticarət sazişi var və bu layihə artan ticarət həcminə mane olmaq potensialına malikdir”.

Analitik sayt qeyd edir ki, 2022-ci ilin sentyabrında Qarabağdan kənarda, Azərbaycan və Ermənistan sərhədində genişmiqyaslı qarşıdurmalardan sonra İranın narahatlığı artıb.

“Bakı göstərdi ki, bu məsələni güc yolu ilə həll etməyə hazırdır. Tehran bundan sonra sərhədlərin dəyişdirilməsinə dözməyəcəyini bəyan etdi. Zəngəzur vilayətinin (yazıda Sünik adlandırılır) inzibati mərkəzi Qafan şəhərində İran konsulluğunun açılması Ermənistana dəstəyin əyani sübutuna çevrilib. Buna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi İran azərbaycanlılarının paytaxtı sayılan Təbriz şəhərində öz konsulluğunun açılacağını vəd edib.

Bundan sonra İran və Azərbaycan əzələlərini göstərməyə başladı. Ötən ilin oktyabr-noyabr aylarında Bakı və Tehran sərhədyanı rayonlarda hərbi təlimlər keçirib və sərt bəyanatlar verib. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Bakı İrandan qorxmadığını göstərmək üçün təlimlərə başlamaq məcburiyyətində qalıb. “Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik””, - məqalədə bildirilir.

Müəllif vurğulayır ki, ABŞ-ın İranın Azərbaycanla münaqişədə uduzmasında şəxsi marağı olacaq və rejimin dəyişməsini dəstəkləyəcək:

“Əgər İran nəticədə ərazisini itirərsə, ABŞ çətin ki, narahat olsun. Qısa müddətdə Avropanın Şərqlə ticarətində əhəmiyyətli fasilələr yaranacaq və bu, bütün Şimal-Cənub və Orta Dəhliz bazarlarında qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Uzunmüddətli perspektivdə Tehranda rejim dəyişikliyi baş verərsə, o zaman Şimal-Cənub dəhlizi Qərbin daha çox təsiri altına düşəcək. Bu, Aİ və ABŞ üçün optimal nəticədir. Bunun Rusiya ticarətinə necə təsir edəcəyi İranın gələcək hökumətinin tərkibindən, eləcə də onların sanksiyalarla bağlı mövqeyindən və Rusiya ilə münasibətlərdən asılı olacaq”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm