İranda növbəti anti-Azərbaycan şousu: İsrail bayraqlarını yandırır, Türkiyə ilə müharibəyə çağırırlar
Bizi izləyin

Nida Xəbər

İranda növbəti anti-Azərbaycan şousu: İsrail bayraqlarını yandırır, Türkiyə ilə müharibəyə çağırırlar

İlin əvvəllərində İranda “Səlam, fərmandeh” mahnısının guya Azərbaycanın müxtəlif şəhərlərində fərqli yaş kateqoriyasından olan şəxslər tərəfindən ifa olunması haqda kliplər çəkilirdi. O zaman araşdırmamızda qeyd etmişdik ki, o kliplərin çoxu İranda çəkilib, çünki fonda görünən binalar, məkan Azərbaycana aid deyildi. Amma təbliğati effekt əldə etmək üçün Azərbaycan Respublikasında çəkildiyi iddia olunurdu.
İsrail Prezidenti İshak Hersoqun Azərbaycana rəsmi səfərindən sonra İran təbliğat maşını yenidən bənzər kampaniyaya start verib. SEPAH-a bağlı teleqram kanallarında İsrail bayrağını yandırmaq üçün çağırışlar edilir, belə səhnələr əks etdirən video və fotolar paylaşılır. Kampaniya artıq İranın ənənəvi mediasına da sıçrayıb. Videolarda məkanın hara olduğu anlaşılmır, yalnız bayraq dirəkləri görünür, bayraqlar dirəklərdən endirilib yandırılır, yerinə Fələstin bayraqları sancılır. Bununla guya Azərbaycanda hər yerdə yol qırağı dirəklərdə İsrail bayraqları dalğalandığı haqda təəssürat yaradılır, üstəlik, Azərbaycanda dünyəvi kəsim arasında istər-istəməz Fələstin muxtariyyətinin bayrağına qarşı mənfi münasibət formalaşdırılır.

Rəsmi “Məşreğ” qəzeti də o videoları yayımlayaraq xəbər verib ki, Bakıda Heydər Kərrarın ( imam Əli nəzərdə tutulur) igidləri saxta İsrail bayrağını Fələstin bayrağı ilə əvəz edir. Dərhal da kontentin sosial şəbəkələrdən götürüldüyü və yalan olarsa, məzmuna görə məsuliyyət daşımadığını əlavə edir.

Halbuki Azərbaycanda heç bir şəhərdə yol boyu dirəklərdə İsrail bayraqları sıralanmayıb. O bayrağın asıldığı məkanlar da nəzarət altındadır, hansısa şəxsin gizli qəhrəmanlıq etməsi, bir bayrağı endirib başqa bayraqla əvəz etməsi, sonra da yandırması kameralara düşmədən icra edilə bilməz. Güman ki, bu çəkilişlər İranın özündə səhnələşdirilir, fon musiqisinin fars dilində olması, dirəkdən başqa heç bir məkanın göstərilməməsi ehtimalımızı təsdiqləyir. Bütün hallarda həm ictimaiyyət, həm də rəsmilər kampaniyaya etinasız qalmamalıdır.

Növbəti anti-Azərbaycan kampaniyasının başqa bir istiqaməti isə ərəb ölkələri ilə Azərbaycanın münasibətlərini korlamaq, ölkəmizin İƏT-dən xaric edilməsinə nail olmaq üçün iş aparılmasıdır. İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin “Shareqdaily” qəzetinə müsahibəsində Azərbaycanın İƏT-dən qovulması haqda ötən həftə səsləndirdiyi təklifini təkrarlayıb. O, mövcud gərginliyin səbəbi kimi Prezident İlham Əliyevi ünvan verir. Xatırladaq ki, Pakayin əvvəllər yaranmış gərginlikdə İran tərəfini günahlandıran şərhlər də verirdi, Azərbaycanda səfir olduğu müddətdə isə mərhum prezident Heydər Əliyev haqda pozitiv məqalələr dərc etmişdi. Ola bilsin ki, ona Azərbaycanda bəslənən isti münasibət nəzərə alınaraq atılacaq radikal addımları onun dililə ictimailəşdrimək istəyiblər.

Həmin qəzetə müsahibəsində anti-Azərbaycan baxışlı ekspert Ehsan Müvəhhədian daha sərt addımlar atılmasını təklif edir. O iddia edir ki, İranın adekvat addım atmasına maneə olan güclü Bakı lobbisi var. “Məhz bu lobbiçilərə görə biz Bakıya zərrə qədər reaksiya verə bilmirik. Biz, Kürdüstanda, eləcə də son zamanlar “Taliban”ın davranışlarına qarşı İranın hərbi reaksiyasını gördük. Səudiyyə Ərəbistanı və ərəb ölkələri ilə münaqişələrimiz olduğu dövrdə Tehran hər dəqiqə ən kiçik anti-İran hərəkətinə reaksiya verirdisə, indi Azərbaycan Tehrandan qətiyyətli cavab almadan öz anti-İran siyasətini asanlıqla həyata keçirir. Niyə? Çünki güclü lobbi Bakının xeyrinə işləyir, bəzi etnik və ideoloji mülahizələrə görə reaksiya verə bilmirik. İranın Bakıya qarşı mövqeyi yanlışdır. Etiraf etməliyik ki, Azərbaycan əvvəldən Türkiyə, İsrail və NATO-nun təsiri altında fəaliyyət göstərib. Bu səbəbdən də Əliyev rejimi Ankara, Təl-Əviv və NATO-nun İran sərhədləri boyunca maraqlarını yerinə yetirmək üçün gərginliyi davam etdirir. Azərbaycan İranla müharibə və münaqişə axtarışında deyil, İranla davamlı və dağıdıcı gərginlik yaratmağa çalışır”.

O iddia edib ki, Ərdoğanın yeni hökumətdə etdiyi dəyişikliklər və xarici işlər naziri vəzifəsinə Hakan Fidanın təyin edilməsi göstərir ki, Ankaranın Qafqaza və Qarabağa yanaşması aqressiv, hərbi yanaşma olacaq. Azərbaycan və Qarabağda Türkiyə, İsrail və NATO arasında İranın maraqlarına və milli təhlükəsizliyinə qarşı yeni bir sui-qəsd yaranacaq. “İran Türkiyə və Azərbaycanla mübahisəsinə birdəfəlik son qoymalı və passiv siyasətindən əl çəkməlidir”- deyə Müvəhhədian bildirir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm