Vasif Talıbova yaxın şirkətdə "qiyam" - İşçiləri "Nəxşicahan Med"dən nə tələb edir?
Bizi izləyin

Nida Xəbər

Vasif Talıbova yaxın şirkətdə "qiyam" - İşçiləri "Nəxşicahan Med"dən nə tələb edir?

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasına daxil olduğu deyilən "Nəxşicahan Med” MMC məhkəməyə verilib.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçılar Həziyev Vüqar Vidadi oğlu, Əsədov Elnur Ramiz oğlu, Quliyev Ramiz Məmməd oğlu, İsmayılov Sadıq Azər oğlu, Məmmədov Fərahim Fehruz oğlu, Vəliyev Orxan Tahir oğlu və Ağayev Elşən Bəhlul oğludur.

İddialara görə, adıçəkilən şəxslər "Nəxşicahan Med” MMC-nin işçiləri olub. Məhkəmə çəkişməsinin də əmək münasibətləri ilə bağlı mübahisələrdən qaynaqlanması bu iddiaların əsassız olmadığına dair şübhələri artırır. Lakin onların iddia tələblərinin konkret nədən ibarət olması barədə məlumat yoxdur.

İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. İş hakim Gülsüm Əliyevanın icraatındadır.

"Nəxşicahan Med” MMC 17 aprel 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 AZN olan şirkətin qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.

"Nəqşicahan Holdinq”ə daxil olan "Nəxşicahan Med” Muxtar Respublika əczaçılıq sahəsində monopolist şirkət kimi tanınıb. Ötən ilin oktyabrında "Nəxşicahan Med” MMC ləğv olunduğunu elan edib.

Bu arada qeyd edək ki, hazırda şirkətin vergi borcu 98 718, 81 AZN-dir.

Şirkətin Vasif Talıbovun nəzarətində olması barədə iddialara gəlincə, mediada gedən məlumatlarda bildirilir ki, şirkətin daxil olduğu "Nəqşicahan Holdinq”in rəhbəri Rıfat Mahmudovdur. O, Sədərək gömrüyünün keçmiş sədri Nicat Mahmudovun qardaşıdır.

Mahmudov qardaşları Vasif Talıbovun kadrı kimi tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm