Rəisi həlak oldu: Bakı -Tehran əlaqəsində nə dəyişəcək?
Bizi izləyin

Nida Xəbər

Rəisi həlak oldu: Bakı -Tehran əlaqəsində nə dəyişəcək?

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması bölgədə proseslərin hansı istiqamətdə inkişafını da gündəmə gətirib. Bizim üçün əsas məsələ Azərbaycan-İran münasibətlərinin bundan sonrakı inkişafıdır.

Publika.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal helikopter qəzası ilə bağlı səslənən konspiroloji fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, qəzanın texniki səbəblərdən baş verdiyi, xüsusilə hava şəraitinin səbəb olduğu aydın görünür:

“Dünya təcrübəsində dövlət başçılarının həlak olduğu belə qəzalar kifayət qədərdir. Rəisinin həlak olduğu qəza da dünya tarixinə texniki nazaslıqdan baş verən növbəti hadisə kimi daxil oldu. İndi əsas məsələ bu hadisənin regiona necə təsir edəcəyidir”.

A.Camalın fikrincə, prezidentin həlak olması İranda dövlət mexanizminin pozulması ilə nəticələnməyəcək:

“İranda dəfələrlə siyasi böhranların yaşandığı dövrlər olub, lakin nəticə etibarilə bu ölkə öz sistemini qoruyub saxlaya bilib, xüsusilə dini lider faktoru həlledici amil daşıyır. Rəisinin həlak olmasının da ciddi böhran yaratmayacağı bəllidir, artıq İran qanunvericiliyinə görə növbəti prezident seçkilərinin vaxtı müəyyən edilib və gələn ay İran xalqı yenidən öz prezidentini seçəcək”.

A.Camal hesab edir ki, Rəisinin həlak olması Azərbaycan-İran münasibətlərində normallaşma prosesinə də xələl gətirməyəcək:

“Rəisi, o cümlədən, onunla eyni qəzada həlak olan xarici işlər naziri Abdullahian Azərbaycanla münasibətlərin normallaşması prosesinə rəhbərlik edirdi. Hər iki şəxsin həlak olması perspektivlə bağlı müəyyən narahatlıq yarada bilər, xüsusilə İran daxilində Azərbaycana qarşı olan qüvvələrin mövcudluğunu nəzərə alanda. Lakin bu qəzanın Bakı-Tehran xəttində normallaşma prosesinə təsir etməyəcəyini düşünürəm. Çünki İran siyasi elitasının normallaşma prosesini dəstəklədiyi görünür. Bununla yanaşı, Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı İran dövlətinin seçdiyi siyasi xətdir. Buna paralel olaraq, Tehranda Ermənistana olan inamın sarsıldığı da müşahidə edilir. İranda anladılar ki, regiona kənar qüvvələri gətirən ölkə Ermənistandır və rəsmi İrəvan faktiki olaraq siyasi fırıldaqla məşğuldur. Bir tərəfdən İranla yaxınlaşma siyasətini yürütdiyi görüntüsünü yaradır, amma digər tərəfdən İranın “qırmızı xət”lərindən olan kənar qüvvələrin regiona gətirilməsini həyata keçirirlər. Vəfat edən Prezident Rəisi də bununla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq etmişdi. Hesab edirəm ki, İran-Azərbaycan münasibətlərində artıq böhran aradan qalxıb və bundan sonra ikitərəfli əlaqələr daha da inkişaf edəcək”.

A.Camal Araz çayı üzərində açılışı olan “Qız Qalası” və “Xudafərin” bəndlərinin bölgənin iqtisadiyyatı ilə yanaşı, Bakı-Tehran xəttində yaxınlaşmaya mühüm töhfə verdiyini düşünür:

“Azərbaycan və İran arasında bu və bunun kimi digər mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihədə istifadə ediləcək Ağbənd yolunun inşası davam edir. Bu layihə regionları birləşdirən əsas nəqliyyat-tranzit yollarından biri olacaq. Bu yol vasitəsilə yüklər Türkiyəyə, həmçinin İran vasitəsilə Fars körfəzinə daşınacaq. Qarşıdakı dövrdə dəmiryol xəttinin çəkilməsi daşımaları daha sürətli və səmərəli edəcək. Bu layihələr Azərbaycan və İranı daha da yaxınlaşdırır. Artıq yaxın aylarda Tehranda Azərbaycan səfirliyinin fəaliyyətini bərpa edəcəyi də gözlənilir. Səfirliyimizə hücumun edilməsi ikitərəfli münasibətlərdə əsas problemi məqamlardan idi. Lakin artıq səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. Bundan sonra səfirliyimizin fəaliyyətinin bərpası önündə hansısa maneə qalmır”.

A.Camal vurğulayıb ki, Azərbaycan-İran münasibətlərinin inkişafı vaxtilə ortaya çıxan böhrandan yararlanmaq istəyən, yaxud böhranın yaradılmasına və bundan öz maraqları üçün istifadə etməyə çalışan qüvvələr üçün də əhəmiyyətli mesajdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm