Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin məhkəməsi başladı
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin məhkəməsi başladı

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxsin müqavilə bağladığı vəkili Kərimağa Tağıyev yanvarın 25-də vəfat edib.

Hakim deyib ki, bu səbəbdən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil Aydın Hacıyev dəvət olunub. Təqsirləndirlilən şəxs buna etiraz etməyib.

Daha sonra vəkil işlə tanış olmaq üçün vaxt istəyib. Hakimlər heyəti onun istəyini nəzərə alıb və hazırlıq iclasının davamı fevralın 4-ə təyin olunub.

Məhkəmədə dövlət ittihamını prokuror Rauf Malışov təmsil edir.

Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm