Nazir: "Mərc oyunlarından vergi tutulacaq"
Bizi izləyin

Digər

Nazir: "Mərc oyunlarından vergi tutulacaq"

“Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə qanun layihəsi təsdiq olunarsa, o zaman idman və mərc oyunlarından vergi tutulması nəticəsində 2016-ci ilin dövlət büdcəsinə 25 milyon manat vəsait daxil olacaq”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov deyib. O bildirib ki, vergi ödəyiciləri gəlir və xərclərini təqdim etməklə ildə bir dəfə bəyannamə verəcəklər: “Bakı şəhərində 4 faiz və rayonlarda 2 faiz olan vergi ödəyicilərinin hamısı, qeyd etdiyim kimi, seçim edərək gəlir və xərc əsasında işləyə bilərlər. Gəlirlərini və xərclərini təqdim etməklə ildə bir dəfə bəyannamə verəcəklər. Ona görə də bu, bütün ticarət obyektlərini, eyni zamanda bütün ictimai iaşə obyektlərini əhatə edir”.

Nazir sadələşdirilmiş verginin artmadığını vurğulayıb. Verginin məbləği gəlir və xərc təqdim edildikdən sonra daha aşağı düşür. Hətta 0 faizində ola bilər.

F.Məmmədov fiziki şəxslərə tətbiq olunacaq verginin müəllimlərə və aztəminatlı ailələrə təsiri mexanizmini də açıqlayıb: “Bu, onunla əlaqdardır ki, 200 manatdan yuxarı əmək haqqı alan, dərs yükü çox olan müəllimlər əsasən vergiyə cəlb olunduqları üçün onların aldıqları əmək haqqı vergi çıxıldıqdan sonra dərs yükü 200 manat qədər olan müəllimlərdən daha aşağı olurdu.Nəticədə ədalətsizlik prinsipi yaranırdı. Biz orada normal sosial ədalət prinsipini bərpa etmişik və bu, büdcə təşkilatlarında çalışan 500 mindən yuxarı insanı əhatə edəcək”.

Nazir qeyd edib ki, illik dövriyyəsi 120 min manata qədər olanlar ildə bir dəfə gəlir və xərclər haqqında, əgər sadələşdirmiş verginin uçotunda dayanmaq istəyəcəklərsə, 6 faizlə vergiyə cəlb olunacaqlar. Əgər əlavə dəyər vergisi uçotunda qeydiyyatda dayanmaq istəyərlərsə, məbləğindən asılı olmayaraq seçim edəcəklər.

F.Məmmədov eyni zamanda bildirib ki, qanunsuz vergi yığmaları ilə insanları incidən müfəttişlərilə bağlı nazirliyin daxili Təhlükəsizlik və Əməliyyat İdarəsi araşdırma aparır: “Cənab prezident mütəmadi olaraq qarşımızda bu tələbləri qoyur, 6 ayın yekunlarında da bu barədə tapşırıqlarını vermişdi. Onun 6 ayın yekunlarına dair iclasda verdiyi tapşırıqlardan irəli gələrək kollegiya iclası keçirilib və mühüm tapşırıqlar verilib. Belə bəlaları çalışmalıyıq həll edək. Elə bir şərait yaratmalıyıq ki, nə vergi ödəyicisi qanunsuz ödəniş etməkdə maraqlı olsun, nə də vergi orqanı əməkdaşının buna imkanı çatsın”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm