Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
Bizi izləyin

Digər

Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bu gün Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) işinə başlayıb.

Publika.az xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov iştirak edib. Daha sonra tədbir konfransla davam edib.

Konfransın birinci hissəsi “Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub, bununla bağlı çıxışlar dinləniləcək. İkinci hissədə “Qafqaz regionunda əmlak sığortası”, üçüncü hissədə isə “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları” mövzularında müzakirələr aparılacaq. Forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub. Sabah isə tədbir paralel keçirilən 2 seminarla davam edəcək. Seminarlardan biri “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar” mövzusunda, digəri isə “Bank sığortası və həyat sığortası” mövzusunda təşkil olunacaq. Forumun 2-ci günündə həmçinin ikitərəfli görüşlərin, eləcə də sığortaçılar üçün simvolik Avropa Oyunlarının (boulinq yarışmasının) daxil olduğu xüsusi gecənin təşkil edilməsi planlaşdırılır.

Sayca altıncı olacaq builki Forum Qafqaz regionunda sığorta və təkrar sığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir. Forum iştirakçılar arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olmaqla, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. Ümumilikdə AİİF-2015-də 25-dən çox ölkənin 70 şirkətinin 250-dən çox nümayəndəsi iştirak edir. Bunlardan 101-ci xarici iştirakçılardır. Onların arasında dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group” “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “Standard and Poor's”, “Audatex” və digər şirkətlərinin yüksək təmsilçiləri var. İştirakçılardan 141-i isə yerli sığorta bazarını təmsil edir. Bunlar ölkədəki 26 sığorta, 1 təkrar sığorta, eləcə də broker şirkətlərinin nümayəndələridir. Həmçinin foruma beynəlxalq təşkilatların və müxtəlif assosiasiyaların (ictimai birliklərin) təmsilçiləri qatılıb. Forumun sponsorları arasında 10 yerli, 7 xarici şirkət var. Bu baxımdan İsveçrənin təkrarsığorta nəhəngi “Swiss Re” şirkəti, eləcə də bütün dünyada sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi ilə məşğul olan “Audatex” şirkəti xüsusi qeyd olunmalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm