Xaricdə yaşayan problemli krediti olan şəxslər kompensasiya ALA BİLƏCƏK?
Bizi izləyin

Pul

Xaricdə yaşayan problemli krediti olan şəxslər kompensasiya ALA BİLƏCƏK?

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək. Artıq prosesin həyata keçirilməsi ilə bağlı bir sıra mühüm addımlar atılıb. Fərmanda göstərilən tarixdə banklardan 10 min dollar və 17 min manat dəyərində kredit götürənlərin siyahısı açıqlanıb.

Bəs kompensasiya alacaq şəxs ödənişin həyata keçirildiyi vaxtda ölkədə olmazsa prosesdən necə yararlana bilər?

İqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.

Ekspert bildirib ki, əgər kompensasiyalar ödənildiyi vaxtda vətəndaş ölkədə olmazsa, bu zaman ödənişə fərdi müraciət kimi yanaşıla bilər:

“Həmin şəxs başqa birinə vəkalətnamə verə bilər. Bu zaman vətəndaşa ödənilməli olan vəsaiti vəkalət verilmiş şəxs ala biləcək. Lakin ödənişlərin həyata keçirilməsinə başlandığı vaxtda bank vətəndaşın mövcud əlaqə vasitələri ilə əlaqə saxlaya bilməzsə, bu zaman ona ödəniş edilməyəcək. Həmin dövrdə Azərbaycanda olmayacaq şəxslər vəkalətnamə verib, əlaqə nömrələrini düzgün göstərməklə hüquqlarından yararlana biləcək. Çünki burada əsas məsələ əlaqə vəsaitələrinin doğru olmasıdır”.

V.Bayramov bildirib ki, proses başlamamışdan əvvəl ölkə xaricində olan və həmin müddətdə ölkəyə gəlməyən şəxslər də kompensasiya ala bilər:

“Bunun üçün vətəndaş hazırda yaşadığı ölkədə notarial ofisdə vəkalətnaməni təsdiq etdirə bilər. Həmin vəkalətnamə verilən şəxs onu ASAN Xidmət mərkəzlərində tərcümə və təsdiq etdirməlidir. Bundan sonra həmin şəxsin adına çıxış edib vəsaiti ala bilər. Əgər vətəndaş üçün ayrılan kompensasiya məbləğ borcun ödənilməsinə sərf edilirsə, bunun üçün vəkalətnaməyə ehtiyac yoxdur. Çünki ödənilən kompensasiya ancaq borcun bağlanmasına sərf ediləcək. Əgər kompensasiya məbləği borcdan çox olarsa, bu zaman o eyni qayda ilə vəkalətnamə verərək, qalıq pulu ala bilər. Bundan başqa kredit borcu olduğu bankdan plastik kartı olan vətəndaşa verilən kompensasiya karta köçürüləcək. Bu zaman yenə də vətəndaşın banka gəlməsinə və ya vəkalətnaməyə ehtiyac yoxdur. Müflis olmuş banklar və bank olmayan kredit təşkilatları isə ödənişi poçt idarələri vasitəsilə ödəyir. Fəaliyyətdə olan banklar isə vətəndaşa fərdi hesab açmaqla vəsaiti ödəyirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm