Azərbaycanda pul bazası kiçilib - Nə gözlənilir?
Bizi izləyin

Pul

Azərbaycanda pul bazası kiçilib - Nə gözlənilir?

“Azərbaycanda pul bazası son üç ayda yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, mart ayının ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 140 milyon manat azalaraq 20 milyard 131 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası əvvəlki ilin uyğun dövrünə nisbətən artıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ili 20 milyard 875 milyon manatla başa vuran pul bazası yanvar ayının sonunda 20 milyard 271 milyona düşüb:

“Yəni son 3 ayda pul bazasında hər ay əvvəlki aya nisbətən azalma qeydə alınıb. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur”.

Deputat vurğulayıb ki, valyuta bazarındakı volatillik də pul bazasına təsirsiz ötüşmür:

“Pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə, xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiyayaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm