Cennifer Lopezi geyindirən azərbaycanlı kimdir? – FOTOLAR
Bizi izləyin

Qadın

Cennifer Lopezi geyindirən azərbaycanlı kimdir? – FOTOLAR

Cennifer Lopezi geyindirən azərbaycanlı kimdir? – FOTOLAR

Cennifer Lopesin rusiyalı mediamaqnat, "Russneft" şirkətinin sahibi Mixail Qutseriyevin ikinci oğlu Səidin toyunda oxuması böyük səs-küyə səbəb oldu. Onun Moskvada Aysel Trudelin "AİZEL" butikinə baş çəkərək özünə geyim alması xüsusi ilə Azərbaycanda maraqla qarşılandı. Məsələ ondadır ki, "AİZEL" butikinin sahibi Aysel Trudel əslən azərbaycanlıdır. Rusiya mətbuatının yazdığı məlumata görə, ulduz Aysel Trudelin butikindən aldığı geyimlərə təxminən 2,5 milyon rubl (36 min dollar) xərcləyib.

Publika.az son günlərdə adı Azərbaycan və Rusiya mətbuatından düşməyən Aysel Trudelin həyatından maraqlı faktları təqdim edir:

Əslən azərbaycanlı olan Aysel Hüseynova Bakıda – diplomat ailəsində doğulub. O, 3-cü sinifdə oxuyanda ailəsi ilə birlikdə həmişəlik Moskvaya köçüb. Orada Aysel Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunun jurnalistika fakültəsini bitirib. Aysel uzun müddət Moskva Dövlət Universitetində "Rusiyada fashion-biznes və onun inkişaf perspektivləri" mövzusunda mühazirələr deyib. O, hazırda “Landau Fashion Group” şirkətinin sahibidir və bir çox tanınmış Avropa brendlərinin Rusiyada satışı məşğul olur.

O, Monakodan köçmüş kanadalı, “TTMG” tikinti şirkətinin rəhbəri, tanınmış memar Lui Trudelin həyat yoldaşıdır. Aysel Hüseynova məşhur memar Lui Trudellə ailə qurandan sonra soyadını dəyişərək Trudel olub. 16 yaşından işləməyə başlayan Aysel gələcək həyat yoldaşı ilə tanış olanda artıq Moskvada dəbli paltarların satışı ilə məşğul olan butiklərin sahibiydi.

Ayselin biznes-ledi kimi özünü təsdiqləməsində həyat yoldaşının böyük rolu olub. Onun bütün butiklərinin binalarını da bilavasitə həyat yoldaşı layihələşdirir. Ayselin özü də Rusiya mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, həyat yoldaşı ona karyerası ilə bağlı heç vaxt qadağalar qoymayıb. Aysel zəngin iş adamı və ixtisasca memar-dizayner olan ərinin bu işdə hər zaman ona yardım etdiyini və dəstəklədiyini söyləyib: “Xaricilər qadına ictimaiyyətin tamhüquqlu layiqli nümayəndəsi kimi baxırlar. Onlar qadına daha çox azadlıq verir. “İşləmə, evdə otur, uşaqlara bax” demir. Yəni onlar qadının özünü formalaşdırmasına tam imkan verir. Mən daim özümü inkişaf etdirmək ehtiyacı hiss edirəm. 16 yaşımdan çalışıram, bütün gün evdə otura bilmirəm. Bir də belə məqam var ki, güclü, xarakteri olan, özünəimanlı qadın onda kişilərin xoşuna gəlir. Biz ərimlə artıq 11 ildir ki, evliyik. Xoşbəxtlikdən, ərim tərəfindən heç vaxt təzyiq hiss etməmişəm. Əksinə, o, mənim bütün təşəbbüslərimi dəstəkləyir”.

Aysel “Harper's Bazaar” jurnalının Qərbdə öz həyat yoldaşlarını layiqli təmsil edən qadınlar reytinqində 1-ci olub. Bu reytinqdə Anna Kurnikova, Olqa Sviblova və Natalya Vodyanova kimi tanınmışların adları çəkilib.

Cütlük hazırda Monakoda yaşayır, amma iş qrafikinin gərgin olması səbəbindən Aysel çox vaxt Moskvadakı bağ evində qalmalı olur.

Moda dünyası daim hərəkətdə olduğu üçün Aysel də onunla birlikdə hərəkət edir. O, bir-birinin ardınca Moskvada məşhur dizaynerlərin butiklərini açır. Rusiyada biznes-ledi kimi tanınan Aysel Trudel işini belə xarakterizə edir: "Mən deyə bilmərəm ki, həyatımızı biznes idarə edir. Amma bir yerdə oturmaq bizim üçün yolverilməz israfçılıqdır".

Aysel Trudel hesab edir ki, qadının uğur qazanması onun zahiri görünüşündən çox asılıdır: “Səliqəsiz saç və çirkli ayaqqabıdan pis heç nə ola bilməz. Qadın daim baxımlı olmağa çalışmalıdır. Bunun üçün çox bahalı geyimlər də almaq vacib deyil. Bu gün kifayət qədər dəbli geyimlər istehsal edən ucuz markalar var. Etiraf etməliyəm ki, baxımlı olmaq üçün kefin yaxşı olmalıdır. Bunun üçün qadın özü xoş əhval-ruhiyyə yaratmalıdır. İndi çoxları belə fikirləşir ki, üç övladım var. Səhərdən-axşama qədər işdəyəm. Bütün bunlara vaxtım yoxdur. Yaxşı, saçını da yumağa vaxtın yoxdur? Buna inanmaram. Yaxşı görünmək üçün qadından sadəcə özünü sevmək tələb olunur. Sizin min, yaxud on min dollarlıq paltar geyinməyinizin heç bir əhəmiyyəti yoxdur. Özünü sevmək və hörmət etmək bahalı paltar geyinməkdən qat-qat önəmlidir.

Hətta uşaqlarınıza tək baxsanız da həyatda hər şey dəyişə bilər. Biz öz əllərimizlə həyatımızı bütünlüklə dəyişməyə qadirik. Mən də çox işləyirəm. Bu gün qazandıqlarıma görə də ilk növbədə özümə minnətdaram. İstənilən halda ruhdan düşmək olmaz, gərək həmişə irəliyə getmək istəyəsən, özünü sevəsən... Bu, mənim həyat şüarımdır!”

Aysellə Cennifer Lopezin tanışlığı uzun illərə söykənir. Pop diva bundan əvvəl də Moskvaya gəlişində Ayselin butikinə gedib xeyli alış-veriş eləmişdi. Ümumiyyətlə, yazının qəhrəmanı şou dünyasının və dəb sənayesinin əksər nəhəngləri ilə dostluq edir. Rusiyalı məşhurların çoxu da Aysel Trudelin butikindən geyinir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm