Qadın
Yaraşıqlı ərindən boşanandan sonra qadınlara gözü düşür - FOTOLAR
Hollivudun ən mükəmməl qadını - Miranda Kerr, Orlando Blum cütlüyünün boşandığı haqqında xəbərlər mətbuatda tez-tez yer alırdı. Bu cür xəbərlərə ən çox Mirandaya vurulan kişilər, bir də Orlandoya heyran olan qızlar sevinə bilər. Təəssüflər ki, xəbər keçən ilin oktyabrında öz təsdiqini tapır. Üstündən bir müddət keçmir ki, kişilərin gözəlliyindən gecələr gözünə yuxu getməyən model qadınlara qarşı laqeyd olmadığını etiraf edir. Beləliklə, Publika.Az-ın “9 don” layihəsi çərçivəsində Miranda Kerr haqqında danışacağam.
Uşaqlığı - Miranda Kerr 1983-cü ilin 20 aprelində Avstraliyanın Sidney şəhərində anadan olub. O, “Victorias Secret”-in şousunda iştirak edən ilk modeldir. Müsahibələrinin birində model damarlarında şotland, ingilis və fransız qanı axdığını söyləyib. Özündən iki yaş balaca qardaşı var. Boyu 175 sm, çəkisi 52 kq, bədən ölçüləri isə 84-60-86-dır. Miranda uşaqlığını balaca bir qəsəbənin (Qanneda) fermasında, kiçik yaşlardan etibarən zəhmətin və əziyyətin aşılandığı bir yerdə keçirib. Gələcəyin top modeli hələ balaca olanda motosiklet sürməyi, atlarda gəzməyi öyrənir. Ağır iş, zəhmət, bir sözlə orada keçirdiyi həyat tərzi onu gələcəyə hazırlayır.
“Orada heç kəsin səninlə işi yoxdur, sənin nə geyindiyinlə də heç kim maraqlanmır. İstədiyin qədər azad və özün kimi ola bilərsən!”
2000-ci ildə ailəsi Brisben şəhərinə köçür. Miranda sağlam qidalanma məsləhətçisi - diyetoloq olmağı planlaşdırırdı. Model olmaq haqqında qətiyyən fikirləşmirdi. Modellik karyerası 13 yaşında təsadüfən qatıldığı “Dolly Magazin” müsabiqəsinin qalibi olduqdan sonra başlayır. Qalibi “Dolly” jurnalında çəkilməyə dəvət edirlər. Bu fotolar böyük qalmaqala səbəb olur. Mirandanın çimərlik geyimlərində çəkilmiş fotolarını çoxları uşaq pornoqrafiyası adlandırır. 13 yaşında adı qalmaqalda hallanan Miranda cavabı ilə gəzən söhbətlərə son qoyur.
“Bu jurnal gənc qızlar üçündür, şəkillər də bu
jurnalda çıxıb. Yəni, kişi jurnalı deyil. Belə olan halda isə səhv
və pis iş gördüyümə gözə məni günahlandıra
bilməzsiniz!”
Miranda qısa bir zamanda Chic Managment model agentliyi ilə
müqavilə imzalayır, Avstraliya idman brendi “Billiabong”-la
əməkdaşlıq etməyə başlayır. O vaxtdan etibarən Nyu Yorkda bir çox
bahalı geyim markalarının reklamlarına çəkilir. 2003-cü ildən
Parisin Medison model agentliyi ilə iş birliyi bağlayır. Ən böyük
nailiyyəti qadın alt geyim markası “Victoria Secret”in mələyi
olmasıdır. Mələk qanadına sahib olduqdan sonra şəkilləri dünyanın
ən nüfuzlu qlamur jurnallarının ü zqabığından düşmək bilmir.
“ABŞ ona vurulur!” Miranda haqqında deyilən bu sözlərin müəllifi tanınmış və peşəkar fotoqraf Rassle Ceymsdir:
“Biz onu, möcüzəli gözəlliyinə və qüsursuz imicinə görə sevirik. Bu isə o deməkdir ki, gözəlliyi qadınları qorxutmur, kişiləri isə özünə cəlb edir. Simasındakı nur, mülayim ifadə hər bir sadə insanın ona yaxınlaşıb söhbət etməsinə icazə verir. Mükəmməl bir birləşmədir!”
Şəxsi həyatı
Model 2003-cü ildə maliyyə brokeri Adrian Kamileri ilə görüşür. 2004-cü ildə Kamilerinin investisiya və qiymətli kağızlar üzrə komissiyasının araşdırmalarından sonra fırıldaqçılıq əməlləri ilə təqsirli bilinərək beş bənd üzrə ittiham elan edilir. Bundan sonra onların münasibətləri bitir.
2005-də Miranda “Tamarama” qrupunun solisti Ceem Lionla görüşür. Hətta qrupun bir klipində də çəkilir. Lakin bu cütlüyün münasibəti uzun müddət davam etmir. 2007-ci ildə Liondan ayrılan Miranda yaraşıqlı aktyor Orlando Blumla görüşür.
Dünyanın ən yaraşıqlı cütlüyünün sevgi macərası necə başlayır və niyə bitir?
Ailədə hər hansı böhran olanda, öhdəsindən çox uğurla gəlirdilər. Onlar dünyanın ən yaraşıqlı və ən nümunəvi cütlüyü idi. Miranda həmişə nənəsinin ona verdiyi “Anti-böhran” məsləhəti ilə öyünürdü. Amma təcrübəli nənənin verdiyi məsləhətlər özünü doğrultmur. Bu barədə bir az sonra danışacağam. Hələlik isə nənənin verdiyi məsləhətlərə nəzər salaq:
“Nənəm kişilər haqqında gözəl məsləhətlər verərdi. O, qadınların hər gün baxımlı olmasının tərəfdarı idi. İddia edirdi ki, əgər siz hər gün sadə makiyaj edib, erotik alt paltarları geyinsəniz, onda ərinizin gözü sizdən başqa heç kimi görməyəcək. Kişilər gözləri ilə, qadınlar isə qulaqları ilə sevir...”
“Victoria Secret”-in ən gözəl modeli kişiləri özünə cəlb etməyi yaxşı bacarır. Burada onun gözəlliyinin, məşhurluğunun da xüsusi yeri var. Miranda ilə Blum tanış olan zaman o, dünyanın ən gözəl və çox pul qazanan modellərindən biri hesab edilirdi. Yəni, Blumun gözəl gülüşə malik, cazibədarlığı ilə hər istədiyinə nail olan modelə vurulmaq üçün kifayət qədər səbəbi var.
Cütlük 2007-ci ildə tanış olub. Yaraşıqlı aktyor gözəl modeli görən kimi ilk baxışdan aşiq olur... Miranda uzun müddət onunla görüşüb-görüşməmək haqqında düşünür, tərəddüd edirdi. Bunun səbəbi isə minlərlə fanatı olan tanınmış aktyorla münasibət qurmağın çətinliyini dərk etməsi idi. Blum sonda öz istəyinə nail olur. Belə ki, Mirandanın saqqızını oğurlayıb yola gətirir. Təbii ki, ancaq dəli kimi vurulan kişilər bəyəndiyi qadından asanlıqla imtina edə bilmir. Blum inadkarlığı və əzmkarlığı nəticəsində modelin fikirlərinə təsir edir. Miranda nazlana-nazlana öz eşq hekayəsində etiraf edir ki:
“Bəlkə də o məni əldə etmək mümkünsüz olan bir qadın kimi gördüyü üçün tanış olmaq və görüşmək istəyirdi...”
Xoşbəxt sevgi hekayələrini mətbuatdan düz bir il gizli
saxlayırlar. Bu vaxt ərzində Miranda sevib-seçdiyi şəxsi
valideynləri ilə tanış edir. Buna baxmayaraq, özəl həyatlarını hər
kəsdən gizli saxlamağa çalışırdılar. Paparazilərin kameralarına tuş
gəlməmək üçün əllərindən gələni edirdilər. Tanışlıqları zamanı
Miranda təəccüblənərək şikayət edirdi ki, Blumun fanatları gecələr
evin önündə çadır qurub yatırdılar. Elə bu səbəbdən də onların toyu
çox ciddi nəzarət altında keçirilir, toya da ən yaxın dostlar,
tanışlar dəvət olunmuşdu. Fanatlara isə bu toydan fotolar görmək
qismət olmur, onlar boş yerə evin önündə gözləməyə davam edirdilər.
Toydan sonra onlar öz sirrini açmaq məcburiyyətində qalır, çünki
Mirandanın hamiləliyini heç bir halda gizlətmək olmazdı. Körpə
Flipp 2011-ci il yanvarda dünyaya gəlir. Doğuş ərəfəsində Blum
həyat yoldaşının yanından ayrılmırdı. Miranda bununla qadınları
inandırmaq istəyirdi ki, təbii doğuş heç də düşünüldüyü kimi çətin
deyil. Qeyd edək ki, Miranda övladını qeysəriyyə əməliyyatı ilə
deyil, təbii doğuşla dünyaya gətirib.
“Mən övladımı dərmansız, narkozsuz filansız dünyaya
gətirməyə qərar verdim. Xatırlayıram, mən Orlandoya baxdım və
əzizim dedim... Həyat yoldaşım bütün kişilər kimi çox qorxmuşdu.
Mənim çəkdiyim əzablara dözə bilmədiyi üçün narkoz verilməsini
xahiş etmişdi. Xoşbəxtlikdən doğuş yaxşı keçdi və biz valideynlik
vəzifəsinin öhdəsindən bacardığımız qədər yaxşı
gəldik”.
Övladlarının dünyaya gəlməsi onları xoşbəxt etsə də, gənc ata-ana
yeni statusa alışa bilmirdi. Miranda həyat yoldaşının bütün günü
çəkilişlərdə olmasına səbir edə bilmirdi. Orlando gözəl həyat
yoldaşına, oğluna daha çox vaxt ayırmağa söz verir. Ayrılıq
xəbərini cütlük hər dəfə təkzib edirdi. Lakin 2013-cü ilin
oktyabrında ayrılıq haqqında rəsmi məlumat yayılır. Bəli, üç illik
evlilik həyatından sonra Miranda Kerr və Orlando Blum həyat
yollarını ayırmaq qərarına gəlir. “E! News”- a müsahibəsində aktyor
xəbəri təsdiqləyir. Münasibətlərinin normal olduğunu və dostcasına
ayrıldıqlarını bildirirlər.
Lakin bu ayrılıq cazibədar modelin ağlını alır. Belə ki, Miranda Kerr keçən həftə verdiyi açıqlaması ilə hər kəsi şoka salıb. O, “GQ” jurnalına verdiyi müsahibədə bütün biseksual fantaziyalarını yaşamaq istədiyini etiraf edib. Bir övlad sahibi 30 yaşlı Miranda hər iki cinsin nümayəndələrinə hörmət etdiyini söyləyir:
“Həm qadınlara, həm də kişilərə hörmət edirəm. Onları kəşf etmək istəyirəm. Bir qadınla münasibətdə olmaq istərdim. Heç vaxt, heç vaxt deməyin!”
Gözəllik sirləri
Nənəsinin “müqəddəs” gözəllik məsləhətləri onun əməl etdiyi birinci gözəllik rituallarıdır. O, bədən quruluşuna xüsusi qulluq edir, formada qalmaq üçün idmanla məşğul olur. Doğuşdan 3 ay sonra model çimərlik geyimində mükəmməl qarnı ilə hamının qarşısına çıxır. Model belə gözəl görünməyinin formulunu hamıya böyük fəxr hissi ilə açıqlayır.
“Sağlamlığıma çox ciddi nəzarət edirəm. Səhhətinizdə
heç bir problem, xəstəlik yoxdursa, yeməklərdə nələrəsə qadağa
qoymaq olar. Hər birimiz artıq çəkilərdən xilas olmaq üçün müxtəlif
üsullardan xəbərdar olmalıyıq”.
Model kokos yağından hər şeydə istifadə edir, hətta yeməklərinə də
kokos yağı əlavə edir. Yaxşı formada qalmaq üçün əsas şərt özünü
sevmək və özünə güvənməkdir. Özünü sevməyən şəxsin baxımlı olması
və özünə qulluq etməsi mümkünsüzdür. Əziz oxucular, Miranda kimi
gözəl görünmək istəyirsinizsə, özünüzü sevin və qulluq edin. Gəlin
qəbul edək ki, Miranda nə qədər gözəl olsa da, gözəlliyinin qeydinə
qalmasa, onu itirə bilər. Gözəllik qalıcı deyil axı... Kişini
gözəlliyinizlə cəlb edə bilərsiniz, yanınızda saxlamaq üçünsə ağıl
və bir az da hiyləgərlik tələb olunur.
Miranda Kerr podiumun ən gözəl qadını olmasına
baxmayaraq, xalat geyinib istirahət etməyi xoşlayır...
Miranda uşağın mütləq valideyn nəzarəti altında böyüməsinin
tərəfdarı olan analardandır. Oğlu ilə birlikdə alış-veriş
məkanlarını və idman salonları gəzir. Boş vaxtlarını oğluna ayırır
və həyatından zövq alır.
“Stilim hara getməyimdən asılıdır. Əgər mən işə və ya
gəzməyə gedirəmsə, dəb ilə ayaqlaşmağı və qarderobumla əylənməyi
sevirəm. Özümə ən çox yaraşan geyimləri seçirəm. Evdə oğlumla vaxt
keçirib və əylənmək istəyirəmsə, sadə pijamada da gəzə bilərəm.
Hamilə qadınların geyimləri isə çox rahat olmalıdır. Mən maksi
(uzun) geyimləri çox sevirəm. Hamilə olanda onlarda özümü çox rahat
hiss edirdim. Hamiləlikdən sonra əvvəlki formama qayıda bilmək üçün
yoqa ilə məşğul olurdum. Hamiləlikdən sonra isə plateslə məşğul
olur, məşqlərimi davam edirdim. Yəni, bədənimi ona lazım olan
“qida” ilə təmin edirəm”.
Bədəninin gözəlliyini saxlamaq üçün daim idman edən Miranda 13-14 ildir yoqadan əl çəkmir. Xanımlara gimnastika ilə məşğul olmağı tövsiyə edən Miranda bütün bunlara əməl edilərsə, həm sağlam, həm də gözəl bədənə sahib olmağın asanlığını vurğulayır. Onun ən sevimli qidası yaşıl şirələrdir. Həmçinin balığı da çox sevir. Ən zəif nöqtəsi isə şokoladdır.
Dərisinə xüsusi qulluq göstərir. 2009-cu ildə Miranda Avstraliyada özünün kosmetik vasitələrini təsis edir. Miranda Kerr 2010-cu ildə “Daxilindəki xəzinə” adlı kitabını çıxarır. Kitab yeniyetmə qızlar üçün nəzərdə tutulub. Onlara şəxsi ləyaqət hissi tərbiyə etməyə və özünü təkmilləşdirmək üzrə dərs verir. Avstraliyalı supermodel buddizmə inanır və hesab edir ki, dünyada harmoniya və sülh əldə etmək üçün hər birimiz məsuliyyət daşıyırıq. Hər səhər və axşam 20 dəqiqə ərzində yoqa ilə məşğul olur və meditasiya edir.
Adətən dünya ulduzlarının makiyajsız fotoları baxımlı hallarından kəskin şəkildə fərqlənir. Miranda Kerr isə makiyajsız həm çox sadə, həm də heyrətamiz görünür. Bu foto onu sübut edir ki, sadəlik hər şeydən üstündür. Xoşbəxt ana - dünyanın ən gözəl şəklidir, hətta siz ən yaxşı qrimdən istifadə etsəniz də, belə parlaq sima yaratmaq mümkün deyil.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!