Monika Belluçi EŞQ AXTARIR: “Aşiq olmağa, yenidən...” - FOTOLAR
Bizi izləyin

Qadın

Monika Belluçi EŞQ AXTARIR: “Aşiq olmağa, yenidən...” - FOTOLAR

Bu yaxınlarda baş rolda məşhur italyan aktrisası Monika Belluçinin oynadığı “Süd yolu qalaktikası” filminin çəkilişləri başa çatıb.

Publika.az xəbər verir ki, aktrisa “Grazie” jurnalına yeni filmi barədə müsahibə verib, həmçinin şəxsi həyatı haqqında gözlənilməz açıqlamaları ilə diqqət çəkib.

- "Süd yolu qalaktikası" filminin sizin karyeranızda xüsusi yeri olduğunu demisiniz. Niyə?

- Bəli, müəyyən mənada bu film mənim üçün böyük irəliləyiş oldu. Film Balkanlarda baş verən müharibə zamanı güclü və gözəl sevgi hekayəsindən bəhs edir. Əsas qəhrəmanların hər ikisi kifayət qədər həyat təcrübəsi olan orta yaşlı insanlardır və artıq onların itirəcək heç nəyi yoxdur. Lakin onlar tanış olanda möcüzə baş verir. Hər halda müharibənin fonunda sevgi hekayəsi haqqında film dərin hisslər, ölüm və dirilmə barədə ciddi söhbətdir.

- Kusturiça (Filmin rejissoru – red.) sizi məyus etmədi?

- Siz nə danışırsınız?! Mən dərhal hiss etdim ki, onun filmində çəkilmək enerji və istedad dənizinə baş vurmaq, qeyri-adi insanlarla və başqa ölkənin mədəniyyəti ilə tanış olmaq deməkdir. Hər şey elə belə də oldu! Film 4 ildir ki, çəkilirdi və bu illər ərzində bir dəfə də darıxmadım.

- Yeni rolunuza necə hazırlaşmışdınız?

- Mən səhər saat altıda durub idman zalına gedənlərdən deyiləm. Ancaq çəkilişə başlamazdan bir həftə əvvəl spagetti yemədim, əsas dəyişiklik budur. Bir qayda olaraq, mən özümü əzizləyirəm: pirojna və pastaları çox sevirəm, hərdən isə özümə bir qədəh şərab icazə verirəm. Həyat şüarım da belədir: yaxşı ye və iç, sev və gül! Qalan hər şey özü düzələcək.

- Tərəf müqabilinizdən ilk növbədə nə gözləyirsiniz?

- Məni təəccübləndirməlidir. Ümumiyyətlə, müxtəlif insanlarla işləmək xoşuma gəlir: üslub, mədəniyyət, müxtəliflik və s. məni cəlb edir. Çünki istedadlı insanlarla iş birliyi sayəsində mən özümün fərqli cəhətlərimi daha yaxşı göstərə bilərəm.

- Adətən aktrisaların karyerası 40 yaşdan sonra başa çatır. Siz, deyəsən, istisnasınız...

- Tək mən istisna deyiləm! Uzun müddət Los-Ancelesdə və ya Nyu-Yorkda yaşamadığım üçün Hollivud dünyasını pis bilirəm. Amma Avropada Katrin Denyov, Kristin Skott Tomas, Şarlotta Remplinq, Cudi Denç və başqaları var. Onlar hamısı istənilən güclü, seksual və cazibədar qəhrəmanları oynaya bilər.

- Demək istəyirsiniz ki, zamanla qaydalar dəyişir?

- Düşünürəm ki, bəli, zamanla qadın və aktrisalara qarşı münasibət də dəyişir. Bu gün biz kişilərin dünyasında yaşayırıq. Bütün qanunları onlar yazırlar və dünyanı onlar idarə edirlər. Eləcə də qadınların dünyaya daha uşaq gətirə bilməməsinə, qocalmasına, heç kimə lazım olub-olmamasına da məhz onlar qərar verir. Lakin bu, belə deyil! Bilirsiniz Sem Mendes məni Bondun rəfiqəsi rolunu oynamağa niyə dəvət etdi. Çünki reallıqda o qəhrəman mövcud deyil.

- Aktyorluq qabiliyyəti insanın şəxsi keyfiyyətləri ilə bağlıdır?

- Əgər sən qeyb olmusansa, onda rəssam səndə heç nə tapmayacaq. Yaradıcılıq insan ruhu ilə çox bağlıdır, insan ruhu ilə bütün əlaqələri itirsə, o, heç nəyə yarada bilməz.

- Gözəllik bu işdə kömək edir?

- Onun haqqında danışmaq, üstəlik fəxr etmək mənasızdır. Bu, cansağlığı və ya ağıl kimi hədiyyədir.

- Hətta karyeranızın əvvəlində zahiri görkəminizin sizin üçün maneə olduğunu demisiniz.

- Bəli. Axı mən kinoya moda sənayesindən gəlmişdim. Bu isə mənim xeyrimə deyil. Hamı axmaq qızcığaz olduğumu düşünürdü. Mən isə maska arxasındakı əsl məni görmələrini istərdim.

- Qızlarınızdan biri aktrisa olmaq istəsə, necə reaksiya verəcəksiniz?

- Ümid edirəm ki, bu, baş verməyəcək. Mən onlara izah edirəm ki, bu, çox mürəkkəb işdir. Üstəlik, sənin valideynlərin aktyor və aktrisadırsa, onda sənə ikiqat çətin olacaq. Özünü daim sübut etməli olacaqsan. Lakin onlarda aktyorluq istedad olsa, buna etiraz etməyəcəyəm.

- Qızlarınız sizin keçmiş həyat yoldaşınız Vensan Kasellə daha çox vaxt keçirirlər.

- Onlara ata lazımdır. Əgər sizi mənim dağılmış ailə həyatım maraqlandırırsa, deməliyəm ki, biz Vensanla evli olduğumuz müddətdə müxtəlif məkanlarda yaşamışıq. O, mənim, mən də onun dostlarını tanımırdım. Biz bəzən öz dünyalarımızdan çıxır və görüşürdük. Daha evli olmasaq da, uşaqlarımızın valideynləri olaraq qalırıq və hələ də bir-birimizi sevirik. Sadəcə, əvvəlki şövq və cazibə olmadan...

- Yeni romana başlamaq üçün özünüzü hazır hiss edirsiniz?

- Təbii ki! Mənim yaşım mənə azadlıq bəxş edib. Cavanlığımda kişilərin çoxu məni soyuq olduğuma görə qınayırdı. Mən isə sadəcə qorxurdum, özümə əmin deyildim və həyat təcrübəm yox idi. Yaxşı ki, Fransada “Şeytan gözəlliyi” adlanan bu gənclik dövrü tez keçir və sənin əsl üzün açılır. Mən indi özümü harmoniyada hiss edirəm, şəxsi mənada öz cəbhəmdə böyük dəyişikliklər gözləyirəm. Özümü sevməyə, kiməsə aşiq olmağa hazır hiss edirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm