O, bütün qadınların vurulduğu kişi ilə evlidir - FOTOLAR
Bizi izləyin

Qadın

O, bütün qadınların vurulduğu kişi ilə evlidir - FOTOLAR

Gözəlliyi dillərə dastan olmasa da, bütün qadınlar onun paxıllığını çəkir. Çünki onun uğurlu karyerası və xoşbəxt ailə həyatı var. Əzəmətli xanım tərzi ilə dünyanın ən sevilən modelyerlərdən birinə çevrilə bilib. Onu sevənlər və sevməyənlər də stilinə laqeyd yaşana bilmir. Uğurlu karyerası bir yana, kim istəməz ki, onun kimi yaraşıqlı əri olsun? Beləliklə, Publika.Az-ın “9 don” layihəsi çərçivəsində təkrarolunmaz üslubu ,xanım-xatınlığı, geyindiyi hər şey müzakirə obyektinə çevrilən müğənni və modelyer Viktoria Beckham haqqında danışacağam.

Viktoria Beckham 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kristian adlı qardaşı və Luiza adlı bacısı var. Kifayət qədər imkanlı ailədə böyüyüb. Buna görə də dostlarının paxıllıq hissi onu çox zaman öz oyunlarına və əyləncələrinə buraxmağa qoymurdu. Dostları heç nədən korluğu olmayan Viktoriyanın paxıllığını çəkirdilər. Bundan başqa Viktoria Adamsın gənclik illərində çox pis üz dərisi var idi ki, bu da əlavə təhqirlərə yol açırdı. Dostlarından kənar gəzən qız mülklərində özü üçün şənliklər təşkil edir, sevimli ulduzlarını çağırır, paltarlarını dəyişir və çoxlu fotolar çəkdirirdi.

İlk əvvəl teatr və balet məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Gələcəyin parlaq ulduzu xüsusi istedadı ilə fərqlənməsə də, müəllimləri onun zəhmətsevərliyini qiymətləndirirdi. Məhz əzmkarlığı ona bu yolda uğur qazanmasına kömək edir. Viktorianın gənclik xəyallarını tanınmış model və aktrisa olmaq arzuları bəzəyirdi. Oxuduğu illərdə rəqslə məşğul olub. Daha sonra model kimi də fəaliyyət göstərib. Lakin təsadüfən qəzetdə oxuduğu elan bütün həyatını dəyişir. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. O bu qrupa üzv olur. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxır. Belə ki, ulduzluq yoluna müğənni kimi başlayır. 1994-cü ildə qrupun ən cazibədar və zövqlü xanımı seçilir. Təkrarolunmaz üslubu seçilən ulduz ancaq bahalı brendlərin paltarlarını geyinirdi. Dəb ilahəsi statusunu qazanan ulduz bu ada layiq olduğunu dəfələrlə sübut edib. Tənqidçilər tez-tez vokal imkanlarının məhdud olduğunu söyləsə də, populyarlıq və uğur ondan yan keçmir. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara alırlar. Viktoriya solo albomunu üzərində işləməyi qərara alır. Hansı ki, ona xüsusi heç bir uğur gətirmir. 2002-ci ildə “Open Your Eyes” adlı ikinci solo albomunu yazdırır. Lakin kütləvi şəkildə satışa çıxarmağa cürət etmir. Uğursuz cəhdlərdən sonra Viktoria Beckham vokal karyerasına son qoyur. Keçmiş fəaliyyəti ilə birdəfəlik vidalaşıb, saçlarını qısa kəsdirərək əsaslı dəyişiklik edir. Uzun saçları ilə sağollaşan ulduz “bob” saç modelini dəbə daxil edir.

“Mən uzun ayaqları olan model deyiləm. Möhtəşəm gözəlliyim də yoxdur, adi bir qadınam. Saçlarım, üz quruluşum, bədənim də demək olar ki, adidir. Xüsusi və fərqli heç nə seçilmirəm. Lakin mənim gücüm də elə bundadır. Bu adilikdən çıxıb özümü ifadə etməyi bacarıram! Geyinib keçinməyi sevsəm də, başa düşürəm ki, gündəlik geyimlərim rahat olmalıdır. Buna görə də, günün çox hissəsini idman üslubunda keçirirəm. Lakin 4 uşaq anası olmaq o demək deyil ki, özümə baxmağa vaxtım yoxdur. Səliqəli və gözəl görünmək üçün çoxlu pullar tələb olunmur. Yeri gəlmişkən mənim ən sevimli aksessuarım uşaqlarımın mənə hədiyyə etdiyi əldəqayırma boyunbağılardır. Onları sərvət kimi saxlayıram və mənə elə gəlir ki, gələcəkdə onları geyinə biləcəm”.

2007-ci “Spice girls” qrupu dünya turuna çıxmaq üçün yenidən birləşir və “The Greatest Hits” albomunu yazdırır. Viktoriya Beckham mükəmməl ifaçı olmasa da, xarici görkəmi, səhnə kostyumları, üslubu və çıxışları tamaşaçıları heyran edə bilirdi. Özü yaxşı dərk edirdi ki, onun musiqi karyerası bitib lakin o, yaratmaq eşqi ilə dolu idi. Özünəməxsus stili olan ulduz moda dünyasına qoşulmağa qərar verir. O, “Rock & Republic” cinslərini buraxır və öz brendini yaratmağa qərar verir. Dizayner kimi ilk debuti daha uğurlu alınır, 2008-ci ildən başaqlayaraq yüksək moda həftələrində iştirak edir. 2009-2010-cu ildə Nyu York moda həftəsində Viktoriya Beckhemin kolleksiyası ən yaxşı nümayişlər arasına daxil olur. Dünyanın ən nüfuzlu butiklərində geyimləri satışa çıxarılır. Viktoriya bundan başqa öz imzasını daşıyan eynək, çanta, ətir və ləl-cəvahirat brendini buraxır. Ulduzun özü də moda dünyasından inanılmaz zövq aldığını tez-tez dilə gətirir. Qızlara dəb məsləhətlərini verməkdən yorulmur. Məsələn, o hesab edir ki, istənilən obraza ağ rənglər əlavə etmək olar. Pulları isə hər zaman aktual olan klassik və bahalı aksessuarlara xərcləmək lazımdır. Yaponiya və Nyu Yorkda moda həftələrində şopinq turlar düzəltməyi tövsiyə edir. Ümumiyyətlə, dünya ölkələrinin birinci xanımları bu markanın donlarına biganə qala bilmir. O cümlədən, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, onun qızları Arzu və Leyla Əliyevalar “Victoria Beckham” imzasını daşıyan geyimlərdən istifadə edirlər.

Viktoriya Beckham özünü ədəbiyyatda da sınayıb. İlk ədəbi təcrübəsi 2001-ci ildə nəşr etdirdiyi “Learning to fly” kitabıdır. 2006-cı ildə isə artıq ikinci kitabını buraxır. Hər iki kitabın satışı rekord qırır, bestseller olur və müəllifin məşhurluğunu daha da gücləndirir. İkinci kitabı modadan bəhs edirdi. Tənqidçilər bu kitabı “dəbin yeni İncili” adlandırmışdı.

Bəs Viktoria Beckhamın müstəsna üslubunun gözəlliyi, lətafəti və sirri nədədir?

Viktoriyanın dəb məsləhətləri:

“Öz obrazınızı fikrinizdə təsəvvür edin. 50-ci illərin moda trendlərindən tez-tez ilham alın. Alış-verişi xaricdə, ən yaxşısı Yaponiya və Nyu Yorkda edin. Stella Mccartney tipli həcmli trikotaj paltarlar alın. Çanta, ayaqqabı və eynəklər ideal olmalıdır. Klassikaya pul xərcləməyə xəsislik etməyin. Özünüzdən yeni şeylər kəşf edin. Ağların ansamblını yığmağa başlayın. Alt paltarlarını “Agent Provocateur” və “Calvin Klein”-dən alın. İllərin sınağından keçməyən dostlara etibar etməyin.

Dəblə ayaqlaşıb zövqlü görünməyə nail olmaq üçün dəbin yeni istiqamətlərindən xəbərdar olmalısan. Əks halda dünyanın ən bahalı brendinə xərclədiyiniz pulların hədər gedəcək. Əsas məsələ stildədir. Stil heç vaxt dəbdən kənarlaşmır. Mən heç bir zaman stilist xidmətlərindən istifadə etməmişəm. Niyə mənə maraqlı olanları kənar adama icarəyə verməliyəm? Nə geyindiyimə özüm qərar verirəm. 14 yaşımdan etibarən belə olub. Mənim ilk dəb köməkçim anam olub. Onun bu məsləhətini ömür boyu unutmamışam. Heç vaxt özünün bütün gözəlliklərini eyni anda nümayiş etdirmə. Gizli və sirli bir şey saxla. Məsələn, ayaqların görünürsə, sinəni də göstərmək məcburiyyətində deyilsən. Uzun yubka və ya şalvar geyinmisənsə, zərif çiyinlərini açıq qoya bilərsən. Yəni, dekolte balanslaşdırılmış olmalıdır. Yubkanın qısalığı elə olmalıdır ki, maşından düşən kimi sənin görünən alt paltarını çəkməyə təsləsməməlidilər. İnsanlar mənim haqqında çox şey desə də, özümü inamlı və rahat hiss etmək üçün hər zaman alt paltarı geyinirəm. Qısa yubkalar alt paltarsız gəzmək üçün nəzərdə tutmayıb”.

“Mən sevdiyim insana, sevdiyim insan da mənə məxsusdur!”

Xanım Beckhamın bədənində 5 döyməsi var. İlk döyməsini 2001-ci ildə özünün, ərinin və oğlunun şərəfinə etdirib. Digər oğulları dünyaya gələndən sonra kürəyində daha bir neçə ulduz peyda olur. Həmçinin ivrid dilində “Mən sevdiyim insana, sevdiyim insan da mənə məxsusdur!” sözləri yazılan döyməsi var. Sol biləyində ərinin ad və soyadının baş hərfləri, ərinin də sol biləyində Viktoriya yazılıb.

Tanrı nadir hallarda məşhur və uğurlu insanlara xoşbəxt ailə həyatı bəxş edir. Belə ki, Viktoriya Beckhamin ailə həyatı da karyerası kimi uğurlu alınır. Artıq uzun müddətdir ki, dünyanın ən çox arzulanan kişisi və yaraşıqlı futbolçu David Beckhamla evlidir. Cütlük 1997-ci ildə Mançester Yunayted oyununda tanış olub. Onlar 1999-cu ilin iyulunda ailə həyatı qururlar. Möhtəşəm toy mərasimi İrlandiyanın Lattrelstoun qəsrində baş tutur. Cütlük dəbdəbəli toylarına böyük pullar xərcləmişdilər.

“Bütün qadınları ona heyran olduğuna görə, necə qınaya bilərəm? Axı mən özüm də onun dərdindən ölürəm...”

Həyat yoldaşının səyləri nəticəsində futbolçu dünyanın ən yaraşıqlı və zövqlü kişisinə çevrilir. Viktoriya özü də çox yaxşı anlayır ki, ərinin üzərində böyük təsirə malikdir. Buna görə də, qısqanclıq səhnələrini nümayiş etdirmir. O, hətta ərinin təsadüfi əlaqələrinə göz yummağa hazır olan bir qadındır. Bu xoşbəxt nikahdan cütlüyün 4 övladı dünyaya gəlib. Bruklin, Romeo, Kruz adlarında 3 oğlu və Harper adlı bir qızı var. 3 oğul dünyaya gətirən ulduz onun yolunu davam etdirən qızı olmasını çox arzulayırdı. 2011-ci ildə nəhayət ki, qısqanılan cütlüyün qızı dünyaya gəlir. Qeyd edim ki, ulduzun qıza da ən az anası qədər məşhurdur. Tədbirlərə və müxtəlif mərasimlərə Harperi də özü ilə birlikdə aparır. Onu şirin gəlincik kimi geyindirib-bəzəndirir. Lakin qızının yanında heç vaxt heç bir halda kosmetikadan istifadə etmir. Onun fikrincə, bu uşağın psixologiyasına mənfi təsir göstərir və vaxtından əvvəl makiyaj etməsinə səbəb ola bilər. David Beckham də qızı çox sevir və çox vaxt birlikdə görünürlər. Qızı fotoqraflara poz verir, şirinliyini göstərir.

Yaraşıqlı futbolçunu bezdirən gözəllik ayinləri

Göründüyü kimi Viktoriyanın yaradıcılığı çox şaxəli və rəngarəngdir. Lakin bu qədər işin içində gözəlliyinin də qeydinə qalır. Viktoriya Beckham gözəlliyinin sirlərini danışmağa xəsislik etmir. Sən demə, cazibədar ulduz gecə yatmazdan əvvəl bir xeyli gözəllik ayinlərinə əməl edir. Dərisi də onların sayəsində gözəl qalır. 4 uşaq anası olmasına baxmayaraq bədəninin gözəlliyi və gümrahlığı gənc qızları qısqandırır. Boyu 165 sm, çəkisi 45 kq-dır. Həftədə 6 gün idman edir və çörəkdən demək olar ki, imtina edib. Həftənin 4 günü küçədə 10 kilometr qaçdığını bildirən xanım Beckham ağırlıq qaldırır, kardiyo ilə məşğul olur. Geyimləri kimi yediklərinə və içdiklərinə də fikir verir. Çox ciddi pəhriz saxlayır.

“Çörək, düyü və ağ unu ağzıma vurmuram. Qabıma ən çox yarısını dolduracaq qədər yemək qoymağa diqqət göstərərəm.

Yaz-qış üzümə günəşdən qoruyucu krem çəkərəm və günəş eynəyi taxaram. Həftədə 2 dəfə üz masajı etdirərəm. Ayaqlarıma və əllərimə gecə yatmazdan əvvəl xeyli krem çəkirəm. Bundan sonra qalın toxunma və pambıq əlcəklər geyinirəm. Etiraf edirəm ki, bütün bunlar ərimin xoşuna gəlmir, bəzən bezir. Amma sonda barışmaq lazım gəlir, çünki nəticə heyran edici olur”.

Deyilənlərə görə, cazibədar modelyer dərisinin elastikliyini qorumaq üçün bülbül nəcisindən istifadə edir. “Nəcis müalicəsi” adlanan üsulun bir seansı 300-500 dollara başa gəlir. Prosedurda bülbülün nəcisindən istifadə olunur. Bülbül nəcisi isə Yaponiyanın Kyushu adasının bülbüllərindən əldə edilir. Əldə edilən bülbül nəcisi düyü unu və su ilə qarışdırılıb krem halına salınır, üz maskası kimi çəkilir. Qırışların düşməni olan bu müalicəvi üsul 1 saat üzdə saxlanılır. Maska ölü hüceyrələri dəridən təmizləyir.

Təbi gözəllik metodlarından yararlanmasına baxmayaraq, saysız-hesabsız sinə əməliyyatları keçirib. Sinəsini sonuncu dəfə 2011-ci ildə böyütmüşdü. O, 1998-ci ildən bu tərəfə sinələrinin böyük, yoxsa kiçik olmasına heç cürə qərar verə bilmirdi. 1990-cı illərin sonunda sinələrinə slikon taxdıran Viktoriya böyük sinə sevdasından vaz keçmiş və keçən il əvvəlki halına qayıtmağa qərar vermişdi. 2014-cü ildə isə müsahibəsində “Artıq slikonlarım yoxdur”- demişdi.

Lakin onun gözəlliyinin əsas sirri sevimli əri və uşaqlarıdır. Viktoriyanın yanındakı yaraşıqlı kişi istər-istəməz onun incəliyini görməyə əsas verir. Analıq vəzifəsi onu daha da cavanlaşdırır. Əsas gözəllik reseptləri də məhz bunlardır. Əlbəttə ki, ulduzun dodaqlarında gözəl təbəssüm də görmək istərdik. Lakin o nadir hallarda gülür. Əziz xanımlar, siz də onun kimi özünüzə fikir verin və ətrafdakılar gözəl təbəssüm bəxş edin...

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm