Həkim mədəkiçiltmə əməliyyatı ilə bağlı şok faktlar açıqladı: İntihardır
Bizi izləyin

Qadın

Həkim mədəkiçiltmə əməliyyatı ilə bağlı şok faktlar açıqladı: İntihardır

Xanımlar, dəyərinizi bilin. Yeyib-içib kökəlib sonra da bıçağı verirsiz cərraha ki, "Al mənim mədəmi kəs tulla, al bu da üstündə neçə min pul". Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə sosial mediada yazıb. Bariatrik cərrahiyyənin fəsadlarından söz açan pediatr xüsusilə xanımları bu fikirdən daşındırmağa çalışıb.

"İndi kimlərsə fikir bildirə bilər ki, mən yarımcan-filan deyiləm, əlləri qızıl doktorum məni "fit" qız eləyib. Bu, cahillikdən başqa bir şey deyil. Öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq elə intihar kimi bir şeydir. Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, kökəlibsiniz? Xeyr. Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s. ötrü yemək istəyinin qarşısını ala bilmirik. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda, o boyda vacib orqanı tikə-para edib atırıq zibilliyə? Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Az yeyək deyə, sadəcə az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Günah deyilmi? Əlbəttə günahdır! Bunu edənə də, etdirənə də günahdır. Mən sizinlə tam səmimiyəm, xanımlar, dəyərinizi bilin. Fiziki bədəniniz ruhunuzun evidir. Onu düzgün bəsləyin. Ona istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur. Biz bizə məxsus deyilik. Biz özümüzü yaratmadıq. Necə ki, bir ana uşağının barmağına iynə batmasını istəməz, o cür də özünüzə yanaşın. Qoruyaraq və sevərək!", - Aytən İsmayılzadə bildirib.

Həkim əlavə edib ki, mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Onun sözlərinə görə, mədənin hissələri bir-birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr buraxır:

"Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, mədəkəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur. Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil.

Bu əməliyyatı icra edənlər deyə bilər ki, ay artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. deməkdir. Yəni bu problemlərə gətirir. Tamam. Artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə, bir çox minerallar sorula bilmir, zülal yaxşı həzm olmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir... Kim ki, bu işdə peşman olub, ətrafına bildirsin. Video çəkib paylaşsın".

Aytən İsmayəlzadənin fikrincə, heç kim heç kimin kopyası olmalı deyil və həyatımızın hər dövründə də eyni olmalı deyilik: "Buna məcbur deyilik. Bizi buna məcbur edən yenə zehnimizdir. Sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimiz. Və peşman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın. Ola bilər bu yazım kimlərisə demotivə edər, həyat davam edir, özünüzdən üzr istəyin və ola biləcək ən gözəl şəkildə bədəninizi qorumağa, sağlam tutmağa davam edin. Bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm