Qarabağdakı sülhməramlı missiyanın konkret məqsədi... - Politoloq
Bizi izləyin

Qarabağ

Qarabağdakı sülhməramlı missiyanın konkret məqsədi... - Politoloq

"Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatla müzəffər Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi".

Bunu Publika.az-a danışan politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, baxmayaraq ki, bu gün cəmiyyətimiz Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi səbəblərini geniş müzakirə edir, lakin ümumi görünən mənzərə ondan ibarətdir ki, bəzən sülhməramlı missiyanın mahiyyəti ya düzgün anlaşılmır, ya da ümumiyyətlə bütövlükdə təhrif olunur: "Hər şeydən əvvəl o qeyd olunmalıdır ki, hazırda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatda özünü ehtiva edir. Sülhməramlıların əsas məqsədi BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələrin münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərməsindən ibarətdir. Bununla bağlı dünyada təcrübələr də var. Belə ki, hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kotdivuar və digər münaqişə ərazilərində müvafiq missiya yerinə yetirirlər. Vəziyyətdən asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Buna baxmayaraq, bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüququ və BMT-nin baza prinsiplərini rəhbər tutur, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər".

Politoloq qeyd edib ki, Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı missiyanın dəqiq və konkret məqsədi dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərməkdən ibarətdir: "Dağlıq Qarabağa yerləşdirilən, eyni zamanda qərəzsiz və neytral olmaq, yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilmək, əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərmək kimi ümumi cəhətləri özündə ehtiva edən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm