“YAŞAT” Fondunun yaradılması bu addımların bariz nümunəsidir - Deputat
Bizi izləyin

Qarabağ

“YAŞAT” Fondunun yaradılması bu addımların bariz nümunəsidir - Deputat

“Vətən müharibəsində qalib gəldik, bu qalibiyyət bizim zəfər tariximizdir. Dekabrın 1-dən isə post-müharibə dövrünə qədəm qoymuşuq. Çox təəssüf ki, heç bir müharibə itkisiz başa gəlmir. Azərbaycan torpaqlarının azad olunması üçün əsgər və zəbitlərimiz çox böyük şücaət və qəhrəmanlıq göstərdilər, şəhidlərimiz və yaralananlarımız da oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, Birinci Qarabağ müharibəsində də şəhid və qazi ailələrinə diqqət, qayğı göstərilməsi Azərbaycan dövlətinin prioritet sahələrindən olub:

“Azərbaycan Prezidentinin sərəncamına əsasən şəhid ailələrinə birdəfəlik 11 min manatın verilməsi, əlillərə birdəfəlik yardımların verilməsi, o cümlədən bu təbəqədən olan insanlara sığorta haqqının ödənilməsi, müavinət və pensiyaların verilməsi hər zaman diqqətdə saxlanılırdı.

Bu günə kimi Qarabağ və şəhid ailələrinə ölkə üzrə 9000-ə yaxın fərdi ev və ya mənzillər, 7000-dən çox nəqliyyat vasitələri verilib. O cümlədən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, sığorta haqqının ödənilməsi, sanatoriya-kurort müalicə haqlarının ödənilməsi birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilirdi.

Cənab Prezidentin sərancamı ilə “YAŞAT” Fondu yaradıldı. Azərbaycan hər zaman humanizm və xeyirxahlıq prinsiplərini özündə ehtiva edən bir xalqdır. Bu prinsiplər Azərbaycan xalqı üçün hər zaman öndə olan məsələlərdir. “YAŞAT” şəhid ailələri və döyüşlərdə əlillik dərəcəsi almış əsgər və zabitlərimizin gələcəkdə sosial müdafiəsinin gücləndirilməsi, onların ailə üzvlərinin təhsil haqqının ödənilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərinin həllinə istiqamətlənən bir fonddur.

Vətən müharibəsi başlanan gündən görürük ki, istər ölkəmizdə yaşayan vətəndaşlarımız, istərsə də başqa ölkələrdə olan soydaşlarımız həm ordumuzu, həm şəhid ailələrinin üzvlərini, həm də Qarabağ qazilərini müxtəlif imkanlar daxilində qayğı ilə əhatə ediblər. Fondun yaradılması və bir mərkəzdən idarə olunması humanist və xeyirxahlıq tədbirlərinin daha geniş həyata keçirilməsi missiyasını da özündə daşıyır. Bu, çox vacib bir sərəncamdır. Gələcəkdə bu fonda nəzarət Müşahidə Şurası tərəfindən tənzimlənəcək.

Vətən müharibəsi bitdikdən sonra cənab Prezident hörmətli Mehriban xanımla birlikdə ilk görüşünü yaralı əsgər və qazilərimizlə keçirdi. Orada da bir daha qeyd etdi ki, şəhid və qazi ailələrinə diqqət və qayğı göstərilməsi birbaşa onun nəzarətindədir. Azərbaycan dövləti onları qayğı ilə əhatə edəcək, məşğulluğunun artırılması, ehtiyacı olanların ən müasir protezlərlə təmin olunması və bu kimi digər sosial müdafiənin gücləndirilməsi istiqamətində addımlar atılacaq. “YAŞAT” Fondunun yaradılması da bu addımların bariz nümunəsidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm