Deputat Füzuli aeroportunun önəmini AÇIQLADI: Naxçıvan dəhlizi vasitəsilə...
Bizi izləyin

Qarabağ

Deputat Füzuli aeroportunun önəmini AÇIQLADI: Naxçıvan dəhlizi vasitəsilə...

“İşğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması, eyni zamanda həmin ərazilərimizdə beynəlxalq standartlara uyğun nəqliyyat və logistik xidmətlərlə bağlı təkliflərin verilməsi kreativ məsələlərdəndir. Füzuli rayonunda beynəlxalq hava limanının inşası və gələcəkdə istifadəyə verilməsi işğaldan azad olunan ərazilərimizin inkişafı baxımından vacib layihələrdən hesab olunur”.

Bu fikirləri Publika.az-a açıqlamasında Parlamentdə Füzuli rayonunu təmsil edən millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, inşa olunacaq hava limanı xüsusilə də Yuxarı Qarabağ və işğaldan azad olunan digər rayon və şəhərlərimizə xarici turistlərin gəlməsi baxımından əlverişlidir və yeni imkanlar yaradacaq: “Bu gün xüsusən də Azərbaycanın mədəniyyət paytaxtı elan edilən, Qarabağın incisi olan Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının istifadəyə verilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan yerlərimizə səfər edə bilsinlər. Bu baxımdan da bu, Qarabağa, bütövlükdə Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək”.

V.Bayramov hesab edir ki, Füzulidə tikiləcək aeroport həm də beynəlxalq yüklərin daşınması baxımından vacib hesab olunur: “İşğaldan azad olunan ərazilərimizin sənaye potensialı var. Bu da həmin yerlərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarını genişləndirməsi baxımından vacib hesab olunur. Eləcə də Füzuli rayonu həm Yuxarı Qarabağa gedən nəqliyyat qovşaqlarının üzərindədir, eyni zamanda çox yaxın gələcəkdə Naxçıvana dəhlizin istifadəyə verilməsindən sonra da təbii ki, aeroport həm də nəqliyyat qovşağı olaraq böyük əhəmiyyətə malik olacaq”.

Millət vəkilinin sözlərinə görə, dəhliz istifadəyə verildikdən sonra oranın beynəlxalq nəqliyyat dəhlizi, o cümlədən o zonadan Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiyası müzakirə edilən məsələlərdəndir: “Nəticə etibarilə bu imkan verəcək ki, artıq hava limanı həm də bütövlükdə Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək dəhlizin daha səmərəli istifadəsinə şərait yaratsın. Aeroportun inşası və yaxın gələcəkdə istifadəyə verilməsi regionun inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, bütövlüdə Azərbaycanın qeyri-neft ixracatının artmasına şərait yaradacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm