“Bu, Qarabağdakı erməni əhali üçün böyük şansdır” - Partiya sədri
Bizi izləyin

Qarabağ

“Bu, Qarabağdakı erməni əhali üçün böyük şansdır” - Partiya sədri

Prezident İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün təşkil olunan brifinqdə işğaldan azad edilən ərazilərimizlə bağlı bir sıra məqamlara toxundu. Bunlardan biri də hazırda ermənilərin yaşadığı və sülhməramlıların nəzarətində olan ərazilərə inteqrasiya və həmin arealda birgəyaşayışın təmin olunması ilə bağlı idi.

Prezident vurğuladı ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycan inteqrasiyası labüd və qaçılmaz prosesdir.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, prezident məlum brifinqdə çox mühüm məsələyə toxundu:

“İlk növbədə, bu məsələ ilə bir daha təsdiq edildi ki, Qarabağ tam olaraq Azərbaycandır! Qarabağda hansısa milli qrup üçün statusdan söz gedə bilməz. Azərbaycan artıq Dağlıq Qarabağ münaqişəsinə tarix kimi baxır. Qarşımızda işğaldan azad olunan bu bölgənin inkişafı durub. Eyni zamanda, qarşıda işğaldan azad olunmuş ərazilərdə infrastruktur problemlərinin həlli, böyük inşaat layihələri, sosial işlər və təbiəti qorumaq şərti ilə Qarabağı yenidən cənnətə çevirmək kimi məsələlərin gerçəkləşməsi bizi gözləyir”.

ADİP sədrinin fikrincə, təbii olaraq iqtisadi-sosial inkişaf orada yaşayan erməni əhali üçün böyük şansdır:

“Onlar illər boyu səfalət içərisində idi. Bilirik ki, Ermənistanın özü uzun illərdir ki, ağır vəziyyətdədir. Qarabağ bölgəsində yaşayan ermənilərin həyat tərzi də göz qabağındadır. Qarabağ hərtərəfli – həm sosial, həm də iqtisadi nöqteyi-nəzərdən inkişaf edəcəksə, bu zaman birgə yaşayış üçün şərait yaranacaq. Bu zaman Qarabağdakı erməni əslli əhali maraqlı olacaq ki, zəngin və inkişaf etmiş ölkənin tərkibində yaşasınlar”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm