Hərbçilərimizin sevinc hissindən hər birimizə pay düşür - Politoloq
Bizi izləyin

Qarabağ

Hərbçilərimizin sevinc hissindən hər birimizə pay düşür - Politoloq

Silahlı Qüvvələr Günü ərəfəsində Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncam imzalaması hərbçilərimizin daim ölkə rəhbərinin, dövlətin diqqət mərkəzində olduğunu, bu prosesin sistemli, ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. Politoloq əlavə edib ki, hərbçilərimiz və ailələrinin sevinc hissindən hər birimizə pay düşür:

“Məlum olduğu kimi, sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir və bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq. Qeyd edim ki, iyunun 24-də 76 min nəfərdən çox hərbçimiz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar. Qəhrəmanlarımızı xoşbəxt görəndə biz də xoşbəxt oluruq. Bu hissləri hər kəsdən öncə, şübhəsiz ki, Ali Baş Komandan yaşayır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Vətən müharibəsindən keçən 8 aya yaxın bir zaman kəsiyində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin yüksək vətənpərvərlik hissi, daşıdıqları mənəvi dəyərlər qədər, nümunə yaratması baxımından bəlkə də daha çox dəyəri olan təvəzökarlıqlarının, şəhid analarının, atalarının, övladlarının, qardaş və bacılarının heyrət doğuran əzm və iradələrinin, qazilərimizin heç bir bədii mətnlə ifadə olunmayacaq mətinliyinin şahidi olmuşuq:

“Gözümüzün önündə bizi bundan sonra minillər boyu ayaqda saxlayacaq, bir millət, xalq olaraq mənəvi böyüklüyümüzün sərhədlərini bütün zamanların üstündən çəkəcək nümunələr yaranır. Şübhə etmirəm ki, bu əzm, bu iradə bizi zəfərdən zəfərə daşıyacaq, qarşımızdakı bütün maneələri aşmağımıza vəsilə olacaq!”

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm