Qarabağdakı təxribatların arxasında kim durur? – DETALLAR
Bizi izləyin

Qarabağ

Qarabağdakı təxribatların arxasında kim durur? – DETALLAR

Oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Vladimiroviçlə Ermənistan baş naziri Nikol Vovayeviç arasında Moskvada gerçəkləşən görüşdən iki gün əvvəl Qarabağdakı separatçı ermənilər rusiyalı sülhməramlıların “yubkalarının altından” yenə də təxribatlar törətməyə cəhd göstərdilər. Dinc erməni sakininə snayperlə atəş açaraq bu hadisəni Azərbaycan əsgərinin boynuna yıxmağa çalışdılar. Amma bu, baş tutmadı.

Putin-Paşinyan görüşündən 1 gün sonra isə separatçı terror dəstəsinin üzvləri Ağdərə yolunda qeyri-hərbi yük daşıyan Azərbaycana məxsus avtomobil kalonunu atəşə tutdular. Xoşbəxtlikdən həlak olan və ya yaralanan olmasa da, Qarabağdakı təxribatların kökündə dayanan səbəblər, xüsusən də bu təxribatların Putin-Paşinyan görüşünün əvvəli və sonrası baş verməsi xeyli təəccüblüdür.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında söyləyib ki, indiki mərhələdə ən vacib məsələ Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlıdır:

“İstənilən halda onlar həm gündüz, həm də gecə monitorinq aparırlar. Ona görə də çox dəqiqliklə atəşkəsin kimlər və hansı tərəfdən pozulmasını deyə bilərlər. Onlar daim orada PUA-larla monitorinq həyata keçirirlər. Bu səbəbdən də birinci kimin atəş açdığını daha dəqiq müəyyənləşdirmək olur. Bütün hadisələr yazılır, qeydə alınır. Onları dəqiqləşdirdikdən sonra hadisənin mənbəyini tapmaq lazımdır. Orada müxtəlif qüvvələrin oyunları ola bilər. Qarabağdakı erməni əhalisinin hansısa təxribatyönümlü ünsürlərinin bu cür təxribatlara əl atması mümkündür. Mən bunu istisna etmirəm. Bu kimi təxribatları gerçəkləşdirənlərin məqsədləri də müxtəlif ola bilər”.

Politoloq hesab edir ki, Qarabağda təxribat törədənləri aşkarlayıb tutmaq lazımdır ki, bu cür addımları nə üçün atdıqlarını öyrənmək mümkün olsun: “Mən hesab edirəm ki, Qarabağdakı təxribatların Putin-Paşinyan görüşü ilə birbaşa bağlılığı yoxdur. Fikrimcə, bu görüşlə təxribatlar arasında bağlılıq axtarmaq çətindir. Hər şeyi bir-birinə bağlamaq olar, amma gərək əsaslar, dəlillər olsun. O ki qaldı görüşə, Putin-Paşinyan görüşündə 10 noyabr razılaşması müzakirə mövzularından biri olub – deyə düşünürəm. Çünki həmin üçtərəfli bəyanatın bəzi bəndlərinin icrası hələ də reallaşmayıb. Təbii ki, həmin bəndlərin axıra qədər həyata keçirilməsi mütləq məsələdir”.

Tofiq Zülfüqarovun fikrincə, hazırda ən vacib məsələlərdən biri Zəngəzur dəhlizidir: “İran birdən-birə bu məsələyə müdaxilə etməyə çalışır. Tehranın siyasi ambisiyaları onu göstərir ki, həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan bu məsələdə israrlı olacaq. Bu 3 ölkə Zəngəzur dəhlizinin işə salınması üçün hər cür səy göstərəcək. Zəngəzur dəhlizi məsələsi hələ də öz aktuallığını qoruyur. İranın bu məsələdəki qeyri-konstruktivliyi çətin ki, Zəngəzur məsələsində Ermənistanın əl-qolunu açsın. Hazırda onsuz da Ermənistanın daxilində dava gedir. Bu dava rusiyapərəstlərlə qərbpərəstlər arasındadır. İndiki mərhələdə yeni “siyasi qohum”un meydana çıxması məsələni daha da gərginləşdirə bilər. Hiss olunur ki, burada Rusiya və İranın mövqeləri fərqlənir. Bu baxımdan hazırkı situasiya daha çox ermənilərə problem gətirə bilən mövzudur”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm