Laçınlı deputat: "Bu STRATEJİ YÜKSƏKLİKLƏR bizə imkan verəcək ki..."
Bizi izləyin

Qarabağ

Laçınlı deputat: "Bu STRATEJİ YÜKSƏKLİKLƏR bizə imkan verəcək ki..."

"Bu gün laçınlıların hamısının yaddaşında qalacaq böyük bir tarixi gündür. Möhtərəm cənab Prezidentimiz öz tviter səhifəsində Laçın rayonunun şəhər mərkəzinin, Sus və Zabux kəndinin tamamilə təmizlənməsi və buraya Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daxil olması ilə bağlı müjdəni bizə çatdırdı. 10 noyabr 2020-ci ildə imzalanan müqaviləyə əsasən Qarabağda yaşayan etnik ermənilərin Ermənistana gediş - gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonunun şəhər mərkəzindən, Sus və Zabux kəndlərindən onlara dəhliz verilmişdi. Həmin vaxt Azərbaycan tərəfi öz üzərinə öhdəlik götürmüşdü ki, yaxın 3 il ərzində yeni bir yolun çəkilişini həyata keçirəcək. Artıq biz yeni yolun çəkilişini həyata keçirə bilmişik. Ona görə də bu gün Laçın rayonunun şəhər mərkəzində və kəndlərində olan rusiyalı sülhməramlılarının məsuliyyət zonası artıq yeni yolun mühafizəsinə keçir".

Bunu Publika.az-a açıqlamasında Laçın rayonunun deputatı Mahir Abbaszadə deyib.

Deputatın fikrincə, bu gün demək olar ki, Laçın tamamilə azaddır:

"Bu, çox böyük hadisədir. Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi onu göstərir ki, artıq hər hansı dəhlizdən söhbət gedə bilməz. Yeni çəkilmiş yol sadəcə yoldur. Çünki dəhlizlə yol bir-birindən tamamilə fərqli məsələlərdir. Digər tərəfdən, Qarabağla Ermənistanı birləşdirəcək ən yaxın sərhəd Laçın rayonundandır. Belə çıxır ki, Laçın rayonundakı yüksəkliklərin və şəhər mərkəzinin bizim nəzarətimizdə olması Azərbaycana növbəti strateji güc əldə edilməsi üçün imkan yaradır. Digər tərəfdən, bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş, möhtərəm prezidentimizin dediyi kimi, ağır psixoloji travmalar keçirmiş keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaqla bağlı ümidləri özünü doğrultmaqdadır. Biz inanırıq ki, Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində bu ərazilərdə infrastruktur layihələri sürətləndiriləcək, yaşayış məntəqələrinin salınması prosesi sürətlə aparılacaqdır. Məcburi köçkün düşmüş biz laçınlılar öz ata -baba yurdlarımıza qayıdaraq orada yaşayıb yaradacağıq. Bundan sonrakı ömürümüzü də orada başa vuracağıq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm