Azərbaycan dili imtahanının biabırçı nəticəsi: keyfiyyətsiz tədris, problemli metodika, yoxsa biganəlik
Bizi izləyin

Qırmızı.az

Azərbaycan dili imtahanının biabırçı nəticəsi: keyfiyyətsiz tədris, problemli metodika, yoxsa biganəlik

İyulun 7-də rus bölməsi üzrə Azərbaycan dilindən imtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı bu rəqəm sadəcə bir statistika deyil. Bu rəqəm həm də rus dilində təhsil alanların Azərbaycan dilinə münasibətinin göstəricisidir. İmtahan verənlərin təxminən 50%-ə qədəri dövlət dilini bilmir deməkdir.

Bu biganəliyin ilk nümunəsi imtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfərinin imtahana gəlməməsidir.

Aprelin 26-da keçirilən ilk imtahanda da 8 426 abituriyentdən 551 nəfəri imtahana gəlməmişdi. İmtahanda iştirak edən 7 873 abituriyentdən 6 631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət almışdı. "Məqbul" almayan və imtahanda iştirak etməyənlər iyulun 7-də təkrar imtahan verdi. Bu imtahanda nəticəsi uğursuz olanlar və gəlməyənlərə yenidən şans verilir. Onlar növbəti il yenidən imtahanda iştirak edə biləcək.

TQDK imtahana biganə yanaşıb gəlməyənlərə yenidən şans verir. Lakin bu biganəliyin səbəbi və nəticələrini izah etməkdə çətinlik çəkirlər.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, imtahanda məqbul qiymət ala bilməyən abituriyentlər növbəti il yenidən imtahan verə biləcəklər.

Komissiyadan öyrəndik ki, bu, ilk hal deyil. 2014-cü il iyulun 3-də keçirilən imtahanda 1216 abituriyentdən 528-i imtahana gəlməyib. Onların imtahanda iştirak etməmək səbəbi bəlli deyil, bu baxımdan onlara şans verilir. Lakin imtahan nəticələri ilə bağlı TQDK hər hansı şərh verməyib.

Bu da onu göstərir ki, imtahanlarda iştirak etməmək bu bölmənin şagirdləri üçün adət halını alıb. Bəs şagirdlərin bu cür nəticə göstərməsinin səbəbi nədir? Bu problemi necə həll etmək olar?

Təhsil eksperti Etibar ƏIiyevin sözlərinə görə, rusdilli məktəblərdə şagirdlərin Azərbaycan dilini bu səviyyədə mənimsəməsi yaxşı hal deyil. Bunun səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır:

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarla bağlı açıqladığı son rəqəmlər göstərir ki, rusdilli məktəblərdə Azərbaycan dilinin tədrisi çox aşağı səviyyədədir. Bunun bir neçə səbəbi ola bilər. Birinci məqam müəllimlərlə bağlıdır. Bu nəticə onu göstərir ki, müəllimlər Azərbaycan dilini zəif tədris edir. İkinci məqam, məktəblərdə şagirdlərin Azərbaycan dilini öyrənmələri üçün maraq yaradılmır. Heç olmazsa, şagirdlər ingilis dilinə yaxın səviyyədə Azərbaycan dilini öyrənməlidirlər. Bunun nəticələrini real həyatda da görürük. Rus bölməsini bitirən şagirdlərin 90%-i Azərbaycan dilində danışa bilmir. Bu da Azərbaycan dilinə hörmətsizliyin nəticəsidir”.

Rus bölməsində təhsil alanların əksəriyyətinin əcnəbi yox, azərbaycanlı olduğunu deyən təhsil eksperti onların ana dilini bilmələrini, bu dildə danışmalarını vacib sayır:

“Təəssüf ki, bəzi valideynlər övladlarının rus və digər xarici dil bilmələri ilə fəxr edirlər. Amma onların ana dilini bilməməsindən narahat olmurlar. Sabah da həmin gənclər xaricə gedəndə danışdıqları dillərdən onların hansı milləti təmsil etdiyini bilmək mümkün olmur. İntellektual şəxs hərtərəfli məlumatlı olmalı, yaşadığı dövlətin dilini də bilməlidir.

Azərbaycan dilinin tədrisi və şagirdlərin bu dili mənimsəməsi yalnız rus deyil, ingilisdilli məktəblərdə də çox aşağı səviyyədədir. Bu istiqamətdə çox ciddi işlər aparılmalıdır. Ana dilini bilməmək onların bütün həyatı boyu hiss edəcəkləri bir problem olacaq. Bu gün məmurların, hətta millət vəkillərinin bir çoxu Azərbaycan dilini bilməməyin fəsadlarını yaşayırlar. Onların da əksəriyyəti rusdilli məktəblərin məzunları olub və sonradan da dili öyrənməyiblər. Çünki dil bilgisi ilə bağlı baza orta məktəbdə qoyulur”.

Rus bölməsində Azərbaycan dilinin tədris olunduğu dərsliklərə gəldikdə, ekspert bildirib ki, bu sahədə də müəyyən problemlər var.

“Lakin müəllim istəsə, dərslik problemini aradan qaldıra bilər. Bu, müəllimin etinasızlığıdır. Çünki bir dərslik tələblərə cavab vermirsə, başqa dərslikdən istifadə edə, alternativ vasitələr tapa bilər. Problem müəllimlərlə bağlıdırsa, onlar müvafiq kurslara cəlb edilməlidir. Problem dərsliklə bağlıdırsa, yeni dərsliklər yazılmalıdır. Səbəbdən asılı olmayaraq, reallıq nəticələrin çox zəif olduğunu və tədrisin yaxşı aparılmadığını göstərir. Mənim fikrimcə, bu məsələ daha çox müəllim və məktəb mühitindən asılıdır”.

Millət vəkili, dilçi alim Nizami Cəfərovun hesab edir ki, abituriyentlərin bu nəticəsi ilk növbədə dövlət dilinə olan münasibətin göstəricisidir.

“Həmin məktəblərdə tədris alanların əksəriyyətinin azərbaycanlı olduğunu nəzərə alsaq, bu həm də ana dilinə olan münasibət deməkdir. Görünür, tədrisdə problem var. Lakin bu gün cəmiyyətdə Azərbaycan dilini bilməyənlərin sayı çox azdır. Bu nəticə isə şagirdlərin dili elmi baxımdan yaxşı bilmədiyini göstərir. Bu da dilçiliyin düzgün tədris edilməməsinə görədir. Çünki rus, ingilis məktəblərində oxuyan azərbaycanlıların ana dilini bilməməsi inandırıcı görünmür. Onlar danışıq dilini bilirlər. Bu gün həmin şagirdlərin Azərbaycan dilini yaxşı bilməməsi gələcəkdə iş məsələsində problem yaradacaq. Çünki dövlət dilini bilməyən dövlət idarələrində işləyə bilməyəcək. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi bu məsələni təhlil etməli və nəticələr barədə müvafiq addımlar atmalıdırlar”.

N.Cəfərovun sözlərinə görə, orta məktəblərdə xarici dillərin öyrənilməsində çətinliklər var.

“Orta məktəbi bitirən şagirdlər tədris dilindən başqa, digər dilləri öyrənmir. Buna maraqları olmur. Kim xarici dil sahəsi üzrə təhsil alacaqsa, yalnız onlar çox vaxt repititor yanında öyrənirlər. Azərbaycan bölməsində xarici dillərin, rus və ingilisdilli məktəblərdə Azərbaycan dilinin tədrisi hər zaman problemli sahə olub. Ənənəvi olaraq bu məsələyə ikinci dərəcəli iş kimi baxıblar. Hətta əvvəl imtahanlar da olmayıb. Hesab edirəm ki, son illər şagirdlərin Azərbaycan dilindən imtahan vermələri dilə münasibəti dəyişəcək”.

Təlim rus dilində olan ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün “Azərbaycan dili” dərsliyinin müəllifi Nadir Abdullayev hesab edir ki, problem yalnız dərsliklə bağlı deyil.

Onun sözlərinə görə, rusdilli siniflərdə şagirdlərə Azərbaycan dilini yalnız dərsliklə öyrətmək olmaz. Bunun üçün yardımçı vəsaitlər, ayrıca lüğətlər olmalıdır.

“Dili öyrənmək üçün, ilk növbədə, şagirddə dilə maraq olmalıdır. Əgər bu maraq yoxdursa, müəllim bunu yaratmalıdır. Bundan başqa, müəllimlərin özləri də yeni tədris metodlarını mənimsəməlidir. Son 10 ildir bu müəllimlər üçün tədris metodikası nəşr edilmir. Bu istiqamətdə yeni kitablar yazılmalı, müəllimlər təlimatlandırılmalıdır. Bu sahədə uzun illər yaxşı təcrübəsi olan müəllimlərin metodikası yayılmalı, müəllimlər üçün açıq dərslər təşkil edilməlidir. Bunlar olmadan bir dərslik dili öyrətmək üçün yetərli deyil”.

N.Abdullayev rusdilli məktəblər üçün dərsliklərin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, bu dərsliklər köhnə metodika ilə yazılır.

“Yeni interaktiv təlim metodları dərsliklərdə istifadə edilməlidir. Bu gün səkkizinci sinfə qədər kurrikulium əsasında tədris aparılır. Mən 9-cu sinif üçün dərslik hazırlamışam. Hesab edirəm ki, yuxarı siniflər üçün dərsliklər hazırlanarkən yeni təlim metodları əsas götürülsün. Yeni metodlardan istifadə ilə şagirdlərin dilə marağını artırmaq olar. Hazırda ənənəvi üsulla dərslik hazırlayıram. Yeni üsullardan istifadə etməklə bağlı bizə hər hansı müraciət olmayıb”.

N.Abdullayevin sözlərinə görə, nəticənin aşağı olmasının bir səbəbi də müəllimlərin hazırlığı ilə bağlıdır.

“Bu gün ali məktəblərdə rusdilli məktəblərdə Azərbaycan dilini tədris edənlər üçün ayrıca şöbə açılmalıdır. Bu gün pedaqoji fakültəni, filologiyanı bitirənlər dərs saatı olmadığına görə, rusdilli məktəblərdə Azərbaycan dilini tədris edirlər. Kim rusca bir az bilirsə, onlar bu siniflərdə Azərbaycan dilini tədris edir, ona görə də keyfiyyət aşağı olur. Konkret bu sahədə ixtisaslaşmış mütəxəssislər yetişdirmək lazımdır. Əgər rusdilli məktəblərdə Azərbaycan dilinin səviyyəsini qaldırmaq istəyiriksə, Təhsil Nazirliyi bu məsələyə ciddi diqqət ayırmalıdır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm