Qəbələdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nın rəsmi bağlanış mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

Qəbələdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nın rəsmi bağlanış mərasimi keçirilib

Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA), Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək ölkəmizdə keçirilən “Azərbaycanda Koreya Kinosu Festivalı” başa çatıb.

Avqustun 15-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində festivalın rəsmi bağlanış mərasimi olub. Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev festivalın təşkilatçıları və iştirakçıları ilə görüşüb. Görüşdə qonaqlara Qəbələnin tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib, qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Heydər Əliyev Konqres Mərkəzində keçirilən bağlanış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxış edərək “Azərbaycanda Koreya Kinosu Festivalı”nın müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini çatdırıb, festivalın əhəmiyyətindən danışıblar. Məlumat verilib ki, ölkəmizin 5 regionunda - Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə Koreya filmləri göstərilib. Festivalda fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətinə görə xüsusi dəyərə malik 10 Koreya filmi nümayiş etdirilib. Bütün filmlər SEBA-nın dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. “Koreya Kinosu Festivalı” Azərbaycan tamaşaçılarına Koreya mədəniyyəti və insanları ilə daha yaxından tanışlıq imkanı yaradıb, eyni zamanda, onların asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayıb. Bildirilib ki, ümumilikdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nda 21 minə yaxın tamaşaçı iştirak edib.

SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxışında qeyd edib ki, festivalın bağlanış mərasiminin Qəbələdə keçirilməsi təsadüfi deyil. Azərbaycanın qədim mədəniyyət paytaxtı Qəbələ artıq mötəbər beynəlxalq toplantılara, elmi simpoziumlara, mədəniyyət tədbirlərinə, musiqi festivallarına, sərgi və konfranslara, eyni zamanda, idman yarışlarına böyük uğurla ev sahibliyi edir. “Mədəniyyət millətin, xalqın vizit kartıdır”, - deyən Ruhəngiz Heydərova ulu öndər Heydər Əliyevin mədəniyyətimizin, incəsənətimizin, eləcə də kino sənətinin qorunması və inkişafındakı tarixi xidmətlərini minnətdarlıqla xatırladıb. O, “Koreya Kinosu Festivalı”nın məhz ulu öndər Heydər Əliyevin təsis etdiyi 2 Avqust - Azərbaycan Kinosu Günü ərəfəsinə və həmin bayramın qeyd edildiyi günlərə düşdüyünü xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin daha da tərəqqi etdiyini diqqətə çatdıran Ruhəngiz Heydərova bildirib ki, kinematoqrafiyanın, milli kinomuzun inkişafı üçün həyata keçirilən islahatlar, müasir kino müəssisələrinin tikintisindən tutmuş dövlət hesabına filmlərin çəkilməsinə qədər kompleks tədbirlər bu sahənin inkişafına böyük töhfələr verir.

SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxışında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği və tanıdılmasındakı misilsiz xidmətlərindən də danışıb, ölkəmizdə ilk dəfə keçirilən “Koreya Kinosu Festivalı”nın yüksək səviyyədə reallaşmasına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirib. Mədəniyyət və incəsənətin həm də ayrı-ayrı ölkələri, xalqları, insanları birləşdirən, yaxınlaşdıran böyük dəyər olduğunu söyləyən Assosiasiyanın sədri bu festivalın Azərbaycan və Koreya xalqlarının mədəniyyətlərinin yaxınlaşmasına, xalqlarımız arasında mənəvi bağların daha da möhkəmləndirilməsinə xidmət edən ən gözəl layihələrdən olduğunu vurğulayıb.

Həmçinin Ruhəngiz Heydərova Koreya Respublikasının Müstəqillik günü münasibətilə Koreya xalqını təbrik edib. O, festivalın təşkilatçılarından olan Koreya Fonduna və Koreya Respublikasının ölkəmizdəki səfirliyinə də göstərdikləri dəstəyə görə təşəkkür edib, koreyalı kino xadimlərinə böyük sənət uğurları arzulayıb.

Tədbirdə, həmçinin Xalq Artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Əməkdar İncənət Xadimi, kinorejissor Ayaz Salayev çıxış edərək, kino mədəniyyətinin inkişafı və təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, mədəni irsin və milli şüurun formalaşmasında, gənc nəslin inkişafında bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən bəhs edib. O, son illər Azərbaycan və Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, festival çərçivəsində nümayiş olunan filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaratdığına inandığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov “Azərbaycanda Koreya Kinosu Festivalı”nı parlaq mədəniyyət hadisəsi kimi dəyərləndirib. O deyib ki, bu festivalda nümayiş etdirilən bir-birindən maraqlı filmlər Azərbaycan tamaşaçısına Koreya xalqının tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanışlıq imkanı qazandırıb. Bu baxımdan azərbaycanlıların Koreya xalqının mədəniyyətinə, adət-ənənələrinə hörmət və məhəbbət hissi ilə yanaşmasında “Azərbaycanda Koreya Kinosu Festivalı”nın mühüm rolu var.

Çıxışlardan sonra tamaşaçılara festival çərçivəsində 5 regionun hər birində 10 filmin təqdimatı və tədbirlərin gedişatı ilə bağlı sənədli film təqdim olunub.

Sonra koreyalı rejissor Lee Hyun-jong-un 2013-cü ildə ərsəyə gətirdiyi “Məni həbs et” (Steal My Heart”) filmi nümayiş etdirilib.

Festivalın sonunda tədbir iştirakçılarına təşkilatçılar tərəfindən müxtəlif hədiyyələr, eyni zamanda, Koreya Fondu tərəfindən Koreyanın mədəniyyətini və tarixini özündə əks etdirən videodisklər təqdim olunub.

Qeyd edək ki, festivalın bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycanın məşhur kinorejissorları İlqar Nəcəf və Asif Rüstəmov, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu və başqaları iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm