Dodaqdan qəlbə - Bir çamadanın macərası: fırıldaqçıların “Desheli” əfsanəsi
Bizi izləyin

Qırmızı.az

Dodaqdan qəlbə - Bir çamadanın macərası: fırıldaqçıların “Desheli” əfsanəsi

- Neçə yaşınız var?

- 30.

- Dərinizdə o qədər problem var ki, lap 60 yaşında qadını xatırladırsız. Təcili və kompleks müalicə lazımdır. Bir az da gecikdirsəniz, bərpası heç cür mümkün olmayacaq....

Bu sözləri kimə desəydilər, havalanardı. Amma hər şeyə hazırlıqlı gəldiyimdən özünü “Desheli” firmasının kosmetoloqu kimi təqdim edən bu xanımın dedikləri mənə təsir etmədi. Görünür, azərbaycanlı qadınların psixologiyasını yaxşı bildiyindən daha çox zəif nöqtələrə vurmağa çalışırdı. Əslində isə zəhlətökən əməkdaşları sayəsində “Desheli” firması minlərlə müştərini özünə qarşı çevirə bilib. Amma bütün bunlara baxmayaraq, şirkət heç də pis qazanmır. Bəs buna necə nail ola bilirlər?

Çamadanın içi və çölü

“Desheli” şirkəti bir ad altında müxtəlif məhsullar təklif edir. Sistem belə qurulub: şirkətin operatorları qadınlara zəng vuraraq onlara pulsuz kosmetoloji xidmətlər təklif edirlər. Dəfələrlə zəng vurub bezdirdikləri müştəri, nəhayət, təşrif buyurduqdan sonra onu dərisində çox ciddi problemlərin olduğuna inandırırlar - hətta bu, bəzi hallarda psixoloji təsirə qədər gedib çıxır. Sonra müştərilərə kompleks müalicə, yəni içərisində 10 adda məhsul olan çamadan təklif edirlər. Həmin çamadanın qiyməti isə nə az, nə çox – 1800-2500 manat arasındadır. Özünü kosmetoloq kimi təqdim edən bu şəxslərin qoyduqları diaqnoz əsasında müalicə aparılır və fantastik qiymətə başa gələn prosedurun isə nəticəsi olmur.

Verdiyi pul qarşılığında üzünün dəyişmədiyini görən insanlar isə pullarını geri ala bilmirlər. Publika.az-ın araşdırmasına görə, Rusiyada “VKontakte” sosial şəbəkəsində “Desheli” firmasının fırıldaqlarından zərər çəkmiş 6 mindən çox insan qrup yaradıb. Amma bu heç də “Desheli”ni öz mövqeyindən döndərmir və şirkət digər ölkələrdə də fəaliyyətini getdikcə genişləndirir. 2010-cu ildə İsraildə istehsal edilmiş kosmetik məhsulla Rusiya və dünya bazarlarına çıxmış “Desheli”nin bu gün ABŞ, Honkonq, Tailand, İsrail, Çexiya, Rusiya, Türkiyə, Bolqarıstan, Rumıniya, Belarus, Serbiya, Gürcüstan, Qazaxıstan, Estoniya, Latviya, Litva, Ukrayna kimi dünyanın müxtəlif ölkələrində 300-dən artıq nümayəndəliyi fəaliyyət göstərir. Hətta yaxın zamanlarda Kanada, Yaponiya, Almaniya, Monteneqro, Xorvatiya, Çin və Filippində də nümayəndəliklərinin açılması gözlənilir.

Məlumat üçün bildirim ki, bu qədər geniş yayılma arealı olan şirkət rəhbərliyi mətbuatla hər hansı əlaqədən qaçır.

2000 manatlıq “bazarlıq” – yerində, şəxsiyyət vəsiqəsi ilə...

“Gələndə özünüzlə şəxsiyyət vəsiqənizi də gətirin” – deyə salon əməkdaşları telefonda zəng etdikləri potensial müştəridən sənədlərini də özləri ilə götürməyi tələb edirlər. “Bəs şəxsiyyət vəsiqəsi nə üçün lazımdır?” - sualını verəndə cavabları belə olur ki, “gələn müştərinin kim olduğunu bilmək istəyirik, müştəri pulsuz xidmətdən ikinci dəfə istifadə etməsin”.

Əslində isə “Desheli”yə şəxsiyyət vəsiqəsi başqa şey üçün lazımdır. Burada kosmetik məhsullar çox bahadır və çətin ki, çağırılanlardan kiminsə üzərində həmin çamadanı alacaq qədər pul olsun. Əgər kosmetik prosedurun nümayişindən sonra müştərini növbəti müalicəyə razı salsalar, o zaman kredit razılaşması üçün üzərində şəxsiyyət vəsiqəsi hazır olan müştərinin evə gedib fikrini dəyişmək fürsəti olmur. Doğrudur, onlar kredit sözünü deyib müştərini ürkütmürlər. Kredit sözü kosmetik proseduru keçmək üçün tələb olunan vəsaiti hissə-hissə ödəmək sözləri ilə əvəz olunur.

Dodaqdan qəlbə...

Mənim bu şirkətə getməyimə səbəb iş yoldaşıma pulsuz kosmetik xidmət ilə bağlı gələn zəng idi. Ona özü ilə bərabər bir nəfəri də gətirmək təklif olunurdu. Maraq doğurduğundan gedib sınamaq qərarına gəldim. Axı nəyə görə kosmetik xidmət pulsuz təklif olunur? Girişdə məndən başqa 8-9 nəfər də eyni vaxtda növbə gözləyirdi. Gələnlərin arasında elələri var idi ki, onları israrla, dilə tutaraq gətirmişdilər. Əvvəlcə bizə verilən sorğunu cavablandırdıq, daha sonra bizi ayrı-ayrı kosmetoloqlar qəbul etdilər. Bahalı interyeri olan salonda məni özünü şirkətin kosmetoloqu kimi təqdim edən Günay xanım qarşıladı. O, gözəllik salonlarına ayda neçə dəfə getdiyimi, hansı kosmetik vasitələrdən istifadə etdiyimi soruşdu və “Desheli” firması haqqında uzun-uzadı danışdı. Arada nəfəsini dərəndə imkan tapıb ixtisasını soruşdum və məlum oldu ki, mama-ginekoloqdur, yəni tibb texnikumunu bitirib. Dediyinə görə, Türkiyədə kurs keçib. İstənilən halda həkim deyil. Amma ixtisasca mama-ginekoloq olan bu xanım böyrəklərimdə problem olduğunu iddia etdi. Bunu kəskinliklə rədd etdikdən sonra bu dəfə də öd kisəmdə problem olduğunu dedi. Yoxlandığımı və hər şeyin qaydasında olduğunu bildirdikdə isə çarəsiz razılaşdı və məndə xəstəlik axtarmaqdan vaz keçdi. Sonra üzümdəki makiyajı sildi, bir neçə qat müxtəlif preparatlar sürtdü və aparatla liftinq effektini gücləndirdi. Daha sonra məni güzgüyə baxmağa dəvət etdi və üzümdəki dəyişikliklərdən danışdı. Məlum oldu ki, məndə çox ciddi problemlər var: dəridə qırışlar, alında mimik qırışlar, dərinin sallanması, gözaltında qırışlar, dəridə məsamələr, qara ləkələr və sair 10-a yaxın bu kimi şeylər... Şirkətin əsas məqsədi səni bu dediklərinə inandırmaqdır. Əsas məsələ müalicənin qiymətinə gələndə ortaya çıxır. Məlum olur ki, üzdəki problemləri aradan qaldırmaq üçün kompleks müalicəyə 2000-2500 manat pul lazımdır. Özümü inanmış kimi göstərsəm də, bu qiymətə həmin çamadanı ala bilməyəcəyimi bildirdim.

Psixoloji təsir, gipnoz və uydurma əhvalatlar

“Bir dəfə bizə BDU-da işləyən Samirə adlı xanım müraciət etmişdi. Həyat yoldaşı onu aşağıdakı otaqda gözləyirdi. Pulsuz kosmetoloji prosedur Samirə xanımın çox xoşuna gəldi. Dedi ki, müalicəni davam etdirmək istəyirəm, amma həyat yoldaşımla məsləhətləşməliyəm. Mən onların söhbətini eşitdim. Həyat yoldaşı ona dedi ki, sən belə də mənim üçün gözəlsən, müalicəyə ehtiyac yoxdur. Onlar çıxıb getdilər və bir neçə gündən sonra mərkəzə bir xanım yaxınlaşdı və üzünü müalicə etdirmək, qırışları yox etmək üçün prosedurlardan keçmək istədiyini bildirdi. Ondan kimin vasitəsilə, hansı yolla bura haqqında məlumat aldığını soruşdum, cavab vermək istəmədi. Pul köçürüləndə məlum oldu ki, onun üçün pulu köçürən əvvəlcə gələn qadının əridir...”

Gözəl əhvalatdır, hətta inandırıcıdır da. İstənilən ev xanımını, hələ bir az da ərindən narazılığı olan xanımı bu yolla dilə tutub yoldan çıxarmaq olar. Amma onun kifayət qədər peşəkar olmadığı söhbət zamanı hiss olunurdu. Min cür təriflə içərisində almaz tozu, Ölü dənizin məhsulları, quş iliyi, arı südü, can dərmanı olan bu kremləri və maskaları təbliğ edə-edə harada oxuduğumu, işlədiyimi, ailəli olub-olmadığımı soruşan bu xanım mənə dərimin və sağlamlığımın ən birinci özüm üçün əhəmiyyətli olduğunu başa salır. Kosmetoloqun sözlərindən belə bəlli olur ki, qadına 2000 manatlıq kosmetik prosedur üçün həyat yoldaşının razılığını almaq lazım deyil... Onun bu hərəkəti təkcə çamadanı almaq üçün dilə tutmağa bənzəmirdi. Buna həm də ailə dəyərlərinin sarsıdılmasına cəhd kimi də baxmaq olar.

“Desheli” əfsanəsi belə yarandı...

“Desheli” şirkətinin baş direktoru Eduard Filbqerdir. “Kommersant”ın yazdığına görə, o, françayzinq və brendlərlə işləyən əsas şirkət olan “Desheli invest”ə 100% nəzarət edir. Onun biznes partnyoru Daniel Polonski (“Desheli”nin rəsmi saytında o, şirkətin qurucularından biri kimi təqdim olunur) “Kirby” tozsoranı istehsalçısıdır ki, bu tozsoranların qiyməti 1000 manatdan yuxarıdır.

“Desheli” şirkətinin unikal keyfiyyəti haqqında əfsanə uydurulandan sonra ona əlçatmaz qiymət də qoyulub. Şirkətin müştərilərə bildirdiyinə görə, “Desheli”nin kosmetikalarının tərkibində “intelligent” kristallar var ki, o, dərini cavanlaşdırır. Şirkətin saytında bildirilir ki, həmin kristalları İsrailin “Makor” klinikasının həkimi Eduard Polotkin kəşf edib. Lakin araşdırmalardan sonra məlum olur ki, belə bir klinika həqiqətən mövcud olsa da, bu adda həkim yoxdur.

Məlumata görə, “Desheli” salonunda iki cür əməkdaşlar var: operatorlar və ticarət menecerləri. Çağrı mərkəzinin operatoları insanlara zəng edərək pulsuz prosedurlar təklif edirlər. Sonra isə bura gələnlərdən daha 10 nömrə qoymaları tələb olunur.

Onların işində əsas mərhələ əgər qadın “həyat yoldaşımla məsləhətləşim...” - deyirsə başlayır. “Məgər o, avtomobili üçün şin və ya özünə aid nə isə alanda sizinlə məsləhətləşir?” Qadın kosmetikanın baha olduğunu söyləyincə hər gün müxtəlif şeylərə çoxlu pul xərclədiyini, digər kosmetikaların, ümumiyyətlə, bütün kosmetik vasitələr satan şirkətlərin fırıldaqçı olduğunu gələn xanımların beyninə yerləşdirməyə çalışırlar. Qadınların ən zəif yeri olan üz və bədənə qulluq, qırışlarla bağlı bir xeyli cəfəngiyat uydurandan sonra, onları yoldan çıxararaq bahalı kosmetikalarını satırlar. Məlumata görə, yaşlı qadınlarla, imkanlı şəxslərlə və tələbələrlə işləyən əməkdaşlar fərqlidir və ixtisaslaşıb.

Fırıldaqla üz-üzə qalanlar

Minarə Məmmədova da “Desheli”nin qurbanlarındandır. Əvvəlcə pulsuz xidmət təklif edilib, sonra isə tora salıblar. 1800 manatı hissə-hissə verməyə razılaşan qadın bir neçə aydır ki, çamadandakı kosmetikadan istifadə etsə də, heç bir effekt görməyib. Bu qədər məbləğin boşa getdiyini fikirləşən qadın pulunun geri qaytarılmasını istəsə də, bu, mümkün olmayıb. Şirkətdən kosmetik vasitələrin təsir etməməsinə səbəb kimi qadının həmin müddətdə az su içməsi göstərilir.

“Desheli”nin fırıldaqlarına məruz qalanlar arasında tanınmışlar da var. Bir neçə ay öncə teleaparıcı Aytən Səfərova da kosmetoloji şirkət tərəfindən dələduzluqla qarşılaşdığını bildirmişdi.

“Xüsusilə firma Rusiya və Türkiyədə qadınları daha çox aldatmaqla, yarım saatlıq prosedurdan sonra mənşəyi bilinməyən, üstündə tərkibi haqqında heç bir məlumat olmayan kremləri yüksək qiymətə satır. Müştərinin üstündə pul az olanda isə “yaxşı ki şəxsiyyət vəsiqəsi üstünüzdədir” - deyib, kredit sənədləşdirirlər.

Bax beləcə, həmin xanımlar bu kremləri az qala “Shiseido”, “Chanel”, “YSL” və s. qiymətinə alırlar. Mən həmin nömrəyə zəng vuraraq nömrəmi necə əldə etdiklərini, hansı rəfiqəmin mənim nömrəmi verdiyini soruşdum və tələb etdim ki, o rəfiqəmin adını desinlər. Qız sadəcə dedi ki, “mənə nömrələr verilib, mən də ora zəng edirəm”. Soruşanda şəxsiyyət vəsiqəsi nəyinizə gərəkdir, cavab verə bilmədi”.

Nəzarətsiz sahə və klonlaşan şirkətlər

Qəribə burasıdır ki, Azərbaycanda kim istəsə, bu cür şirkət aça və istədiyi kimi fəaliyyət göstərə bilər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, özəl klinikalara lisenziya veriləndə onların fəaliyyətini nəzarətdə saxlamaq olur. Burada kosmetologiya ilə bağlı məsələnin həm gigiyenik, həm də hüquqi tərəfləri var. Amma gözəllik salonları nazirliyin nəzarətində deyil. Əgər orada tibbi xidmət göstərilirsə, qeydiyyatı yoxdursa və ya həkim tərəfindən həyata keçirilmirsə, bu hallar qanunsuzdur”.

Peşəkar kosmetoloqlar da bu məbləğin fantastik olduğunu deyirlər. Çünki ən bahalı kremlərlə belə bu qiymətə müalicə etmək mümkün deyil. Həmin kosmetik vasitələrin mənşəyinin məlum olmaması bir yana, istənilən halda ölkəyə gətirilməsi və istifadəsi bu qədər vəsait tələb etmir.

Məlumat üçün bildirim ki, “Desheli”nin artıq klonları da peyda olub. “Mon Platin”, “Lamerel” kimi şirkətlər də eyni texnologiyadan istifadə edərək pul qazanırlar. Bu, onu göstərir ki, artıq bir neçə ildən sonra zərər çəkən müştərilərin sayı kritik həddə çatacaq. Yaxınlarımızı, özümüzü, üzümüzü belə fırıldaqçılardan qoruyaq!

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm