Əcnəbilərin Azərbaycanda iş tapması çətinləşdi
Bizi izləyin

Qırmızı.az

Əcnəbilərin Azərbaycanda iş tapması çətinləşdi

“Bu il Azərbaycanda işləmək üçün əcnəbilər tərəfindən göndərilən müraciətlərin yalnız 7 faizə yaxın hissəsini yüksəkixtisaslı mütəxəssislər təşkil edir. Bu məsələ çox təəssüf doğurur”.

Publika.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşündə deyib.

Nazir bildirib ki, bu ilin 6 ayında 9357 nəfər əcnəbi işləmək üçün müraciət edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çoxdur.

Nazir bildirib ki, prezident 2014-cü il 24 dekabr tarixli Fərmanında ƏƏSMN və DMX-ə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi barədə tapşırıq verdiyini deyib.

“Bundan başqa, fərmanda innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb. Hər iki qurum tərəfindən müvafiq təkliflər artıq hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq”.

DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəmizə axınının qarşısının alınması üçün Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib, hazırlanan yeni təkliflərin bu sahədə mexanizmin təkmilləşməsinə səbəb olacağını bildirib.

Təkliflərdə bir sıra prinsipial məqamlarla yanaşı, əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, yalnız müvafiq ixtisaslar üzrə yerli işçi qüvvəsi yetərli olmadığı halda əcnəbi işçi qüvvəsinin buraxılmasına icazə verilməsi məsələsi də əksini tapıb. Müzakirə zamanı bu məsələ ilə əlaqədar milli əmək bazarında iştirak üçün xarici işçi qüvvəsinə icazələrin verilməsi zamanı aidiyyəti informasiyaların əldə olunması üçün iki qurum arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi, habelə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin imkanlarından miqrasiya orqanlarının geniş istifadə edə bilməsi barədə razılıq əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm