DİQQƏT: Sürüşmə bu ərazilər üçün təhlükə yaradıb – SİYAHI
Bizi izləyin

Qırmızı.az

DİQQƏT: Sürüşmə bu ərazilər üçün təhlükə yaradıb – SİYAHI

Son günlər ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti sürüşmə sahələrini aktivləşdirib.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sentyabr ayı ərzində Bakı şəhəri Səbail rayonu ərazisində - Bayıl və Badamdar sürüşmə sahələrində, Xətai rayonu ərazisində - Əhmədli 1, Əhmədli 2 sürüşmə sahələrində, Suraxanı rayonu Günəşli, Nərimanov dairəsindəki sürüşmə sahələrində aktivlik qeydə alınmayıb.

“Lakin Zığ sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında və 43 saylı binanın fasadında quraşdırılmış mayaklarda 6-20 millimetr enində çatlar əmələ gəlib. Zığın ayrı-ayrı lokal sahələrində fəallaşma müşahidə olunub. Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın istinad divarının bəzi yerlərində çökmə prosesi baş verib. Quraşdırılmış mayaklarda 15-40 millimetr enində çatlar əmələ gəlib”.

Baş geoloqun sözlərinə görə, respublikanın digər ərazilərində də sürüşmə sahələrində də aktivlik müşahidə edilir.

“Sentyabr ayında İsmayıllı rayonu Xankəndi və Şamaxı rayonu Muğanlı sürüşmə sahələrində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Quba-Xınalıq yolunun 37-46-cı, Quba-Qonaqkənd yolunun 37-40-cı, Bakı-Ağsu yolunun 132-156 və Bakı-Şamaxı yolunun 106-111-ci kilometrliklərindəki sürüşmə sahələrinin dinamikasında aktivləşmə müşahidə olunub. Həmin sahələrin mövcud çatlarında genişlənmə qeydə alınıb. Nəticədə, yol boyu bir sıra yerlərdə uçqun-çöküntü hadisəsi baş verib. Buna baxmayaraq, həmin sahələrdə yollarda hərəkət dayanmayıb. Digər sürüşmə sahələrinin dinamikasında nisbi sakitlikdir”.

Ə.Piriyev bildirib ki, sürüşmə sahələrində aktivliyin zəlzələlərlə heç bir əlaqəsi yoxdur.

“Respublika ərazisində baş verən güclü zəlzələlərdən sonra aktiv sürüşmə sahələrində monitorinqlər apardıq. Lakin onun heç bir təsiri müşahidə edilmədi. Yollarda baş verən sürüşmə əsasən ağır tonnajlı maşınların hərəkəti ilə bağlıdır. Digər səbəb isə son vaxtlar yağan yağışlardır. Masazır, Bayıl, Badamdar, Zığda olan sürüşməyə ekzogenlə yanaşı, texnogen proseslər də təsir edir. Badamdar və Bayıl tərəfdə texnogen proseslərin təsiri müəyyən qədər azalıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm