Nazir: “Kişi müəllimlərin sayı artır”
Bizi izləyin

Qırmızı.az

Nazir: “Kişi müəllimlərin sayı artır”

Bu il keçirilən şəffaf müsabiqə nəticəsində ümumilikdə 2618 nəfər işə qəbul olunub. Yüksək rəqabət şəraitində keçirilən bu müsabiqənin nəticəsi müəllimlik ixtisasına olan marağın göstəricisidir.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr Müəllim günü ilə bağlı təbrikində deyib.

Nazir bildirib ki, təhsilimizdə aparılan bütün islahatyönümlü tədbirlərin ən başlıcası müəllimlə bağlıdır. Müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində son illərdə aparılan davamlı və məqsədyönlü tədbirlər bu şərəfli missiyanın ictimai çəkisini xeyli artırıb.

Onun sözlərinə görə, bu il müəllimlik ixtisasını seçən və yüksək bal toplayan abituriyentlərin müəllim olmaq istəyənlərin ümumi sayına nisbəti xeyli artıb.

“Bu, bizi sevindirir. Digər bir məqam ondan ibarətdir ki, uzun müddətdir belə bir tendensiya var ki, müəllim olmaq istəyənlərin gender balansında xanımların sayı üstünlük təşkil edir. Ancaq son illərdə apardığımız müşahidələr onu göstərir ki, artıq müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır. Bu da sevindiricidir.

Müasir dövrdə müəllimlərin üzərinə düşən missiyanın üfüqləri daha da genişlənir. Bu milli-mənəvi keyfiyyətlərə malik vətəndaş tərbiyəsi, qeyri-standart düşüncəli fərdin yetişdirilməsi və öyrənməyi öyrənən təhsil sistemi fəlsəfəsidir. Qeyd olunan məqsədlərə doğru bütün müəllimlərimizin davamlı olaraq çalışması mühümdür. Bunu həm də təhsil quruculuğunda dövlətimizin bizim üzərimizə qoyduğu yeni öhdəliklər tələb edir.

Biz bütün müəllimlərimizi, eləcə də dövlət mükafatları ilə təltif olunan və yeni tədris ilindən ilk dəfə olaraq fəaliyyətə başlayan müəllimlərimizi bir daha təbrik edirik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm