Bakı-Sumqayıt yolunda çökmənin qarşısını almaq üçün nazirliyə TƏKLİF
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunda çökmənin qarşısını almaq üçün nazirliyə TƏKLİF

İki gün öncə Bakı Beynəlxalq Avtovağzalının qarşısı, Bakı-Sumqayıt yolunda baş verən sürüşmə və çatlarda cüzi artım hiss olunub. Amma hazırda sürüşmənin dinamikasında aktivlik müşahidə olunmur.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə.Piriyevin sözlərinə görə, ərazidə sürüşmə və çökmənin genişlənməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təkliflər göndərilib. Çökməyə əsas səbəbin qazonun fontan və selləmə üsulu ilə hər gün suvarılması olduğunu deyən geoloqun sözlərinə görə, təkliflərə bunlar daxildir:

1. Çökmə-oturma prosesi baş verən ərazidə selləmə üsulu ilə suvarmanı dayandırmaq

2. Qısa müddət ərzində çökmüş sahələrdə çatlar doldurulmalı və asfaltlanmalı

3. Yağış və digər suların sözügedən əraziyə daxil olmasının qarşısını almaq üçün drenaj şəbəkəsi və ya suötürücülərini quraşdırmaqla həmin ərazidə suyun axınını maksimum azaltmaq.

Ə. Piriyevin sözlərinə görə, payızın gəlməsi ilə əlaqədar yağışların intensivləşəcəyini nəzərə alsaq, hazırda bu işlərin görülməsi vacibdir.

Qeyd edək ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının gəldiyi qənaətə görə, ərazidəki süni yaşıllığın selləmə üsulu ilə suvarılması və yağan yağışlar çökməyə səbəb olub. Yoltökmə torpaq üzərində çəkildiyindən torpaqda yığılan su sürüşməni qaçılmaz edib.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində yolun dayanacaq hissəsində yol 30-40 sm çöküb, istinad divarı 15 sm aralanıb, avtovağzal tərəfə əyilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm