Müəllimlərin diaqnostik qiymətləndirilməsi necə və nə vaxt keçiriləcək?
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin diaqnostik qiymətləndirilməsi necə və nə vaxt keçiriləcək?

Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsi qaydaları təsdiqlənib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.

Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.

Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.

Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

Diaqnostik qiymətləndirilmədə iştirak edib zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 12 rayon və şəhərdə aparılacaq. İlk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.

Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm