• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bank borcunu qaytarmağın yolu: ayda cəmi 1 manat...

Bank borcunu qaytarmağın yolu: ayda cəmi 1 manat...

Son vaxtlar kredit borcunun maaş kartından tutulması ilə bağlı şikayətlər artıb. Banklar kredit üzrə problem yaranan kimi borcu maaş kartından tutur. Bu məsələ kredit-zamin-bank müqaviləsində də göstərilir. Nəticədə isə banka borcu olan şəxsin aylıq gəliri kəsilir.

Bunu virtualaz.org saytına açıqlamasında vəkil Əkrəm Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, maaşını kart vasitəsilə alan vətəndaş kartı aldığı bankdan kredit götürərkən problemlə üzləşir. Belə ki, kredit üzrə problem yaranan kimi bank borcu kartdan tutur. Nəticədə vətəndaş gəlirsiz qalır, dolanmağa, elementar ehtiyaclarını ödəməyə pul tapmır: “Digər hallarda bank borclunu və ya borcluya zamin duran şəxsi məhkəməyə verir. Məhkəmə isə borclunun özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün vəsait nəzərdə tutur, borcu yerdə qalan hissədən tutur. Bu halda banka maaşın az hissəsi çatır. Məsələn, vətəndaşın maaşı 500 manatdır, himayəsində həyat yoldaşı və iki uşağı var. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manatdır. Beləliklə, həmin şəxsin ailəsinin yaşayış minimumu 496 manatdır (140+140+108+108). Beləliklə, banka ən yaxşı halda ayda cəmi 4 manat qalır. Vətəndaş sübut etsə ki, zəruri digər xərcləri də var (məsələn, ailə üzvündən kimsə xroniki xəstədir və daim müalicəsi üçün pul tələb olunur və s.), banka ümumiyyətlə heç nə çatmayacaq”.

Vəkil deyir ki, vətəndaş bank tərəfindən kartından maaşının tutulmasına son qoya bilər: “Vətəndaş məhkəməyə müraciət edərək tələb edə bilər ki, maaşından tutma yalnız yaşayış minumumu həddindən yuxarı hissədə həyata keçirilsin. Lakin problemin məhkəmə vasitəsi ilə çözülməsi vaxt tələb edir. Buna görə də işəgötürəndən maaşını ona nağd və ya digər bankdakı hesabına köçürmə yolu ilə verməsini tələb edə bilərlər. Yəni borclu olduğu bankın maaş kartını ləğv etdirməsi mümkündür. İşəgötürən bundan imtina edə bilməz. Çünki Əmək Məcəlləsinin 174-cü maddəsində deyilir: “Əməkhaqqı bir qayda olaraq işin icra olunduğu iş yerində verilir. Əməkhaqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər”.

Bəzən işəgötürən bəhanə gətirərək xərclərini artdığını söyləyə bilər. Amma vətəndaş həmin xərcləri ödəyəcəyini bildirsin. Məsələn, işəgötürən maaşı digər banka köçürmək üçün hər dəfə 3 manat məbləğində komission haqq ödəməli olacaq. Həmin komission haqqı vətəndaşın maaşından tutularsa, bu halda banka hər ay, sadəcə, 4 manat əvəzinə 1 manat çatacaq”.

Ə.Həsənov deyir ki, eyni yanaşma pensiya/təqaüd kartlarına da aiddir. Fərq ondan ibarətdir ki, məsələni işəgötürənlə deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə həll etmək lazım olacaq: “Məlum olduğu kimi, onlar pensiya/təqaüd kartını verən bankı özləri seçir. Deməli, vətəndaşın acından ölməməsi üçün onun pensiyasını (təqaüdünü) başqa yolla da verə bilərlər. Xüsusilə nəzərə alaraq ki, prezidentin 2014-cü il, 4 noyabr tarixli, 827 saylı sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın 7.7-ci bəndində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının ödənilməsi sisteminin mütəmadi təkmilləşdirilməsi nəzərdə tutulur”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR