“Sədərək” və “Binə”nin girovları – iflas həddinə gələn yüzlərlə sahibkar – FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Sədərək” və “Binə”nin girovları – iflas həddinə gələn yüzlərlə sahibkar – FOTOREPORTAJ

“Burda girovuq. Girovdan daha betər. Girov azad olunacağına inanır, amma bizim inamımız da, gedəcək yerimiz də qalmayıb...”

“Sədərək”ə gedib-gələnlərdən eşidib öyrəndik ki, ticarət mərkəzi boşalır. Nə satan var, nə alan. Amma deyilənlərə çox da inanmamışdıq. O boyda ticarət mərkəzi necə boşala bilər? Elə ilk həmsöhbətimizdən yuxarıda qeyd etdiyimiz gileyi eşidəndə artıq vəziyyətin ciddi olduğunu anladıq...

“Sədərək” və “Binə” ticarət mərkəzlərinə getmək üçün “20 Yanvar” metrostansiyasının qarşısından mindiyimiz avtobusdakı sərnişin sıxlığı şəhərdaxili avtobuslardan fərqlənmirdi. Halbuki alıcılar bir vaxtlar ora avtobusların qapılarından sallanaraq gedirdilər...

İlk dayanacağımız “Sədərək” oldu. Əvvəlcə bir az gəzib vəziyyəti öyrəndik. Mallar piştaxtalara yığılıb, satıcılar isə iki-iki, üç-üç toplaşıb şöhbət edirlər. Bikarçılıqdan nərd oynayanlar da vardı. Bəzi mağazaların isə qapıları bağlıdır. Bir vaxtlar səyyar satışla məşğul olanlar da gözə dəymir. Ortada gəzən tək-tük alıcının əlindəki torbalara baxanda vəziyyət aydın olurdu. Əslində, alıcını da qınamaq olmur. Evinin 5 addımlığında ticarət mərkəzi olan alıcı “Sədərək”ə nə üçün gəlsin? Yəqin ki, daha ucuz qiymətə mal almaq üçün. Amma burada malların qiyməti şəhərdəkindən çox da fərqlənmir. Yəqin, bu səbəbdəndir ki, satıcıların alıcılardan çox olduğu ticarət mərkəzində səssizlik hökm sürürdü.

Amma bura səssizlikdən yazmağa yox, danışmağa və danışdırmağa gəlmişik. Əvvəlcə alıcı olduğumuzu düşünürlər. Bir vaxtlar alıcıya nazla cavab verən satıcılar indi onların başına fırlanırdılar, təki bir mal alsın...

“Əvvəl günə 10 mal satırdımsa, indi 3-nü güclə satıram...”

Jurnalist olduğumuzu biləndə isə açırlar dərd sandıqlarını. Amma “adımızı və şəklimizi verməyin” deyə şərt kəsirlər. Çünki rəhbərlik sonra başlarını ağrıdır. Bu baxımdan, danışdığımız satıcılara şərti adlar veririk. Onlarla qiymət məsələsindən tutmuş, ticarət mərkəzinin bugünkü durumuna qədər hər şeydən söhbətləşə bildik.

Orxan adlı satıcıdan əvvəl malların qiymətini öyrənirik. Qiymət və çeşidlər şəhərdəkindən fərqli deyil. Orxan mallarının köhnə olmadığını desə də, yeni mal gətirməyin sərfəli olmadığını da etiraf edir: “Gətirdiyimizi sata bilirik ki? Firma malları da əlimizdə qalıb. Bu mağaza üçün şərikimlə birlikdə hər ay 900 manat yerpulu ödəyirik. Belə satışla, əslində, qiymət 200-300 manat olmalıdır. Amma yerpulunu endirmirlər. Şərikim gələn ayın 15-nə qədər mala görə 3-4 min manat verməlidir. Götürdüyü malın da hamısı rəfdə qalıb, sata bilmir. Nə ilə ödəyəcək? İş yoxdur deyə, həvəs də yoxdur. Heç kim “Sədərək”ə gəlmək istəmir. Camaat şikayət edir ki, qiymət şəhərlə eynidir. Bəs nə edək? Alıcı azdır, məcburuq ki, qiyməti bir az artıraq. Əvvəl günə 10 mal satırdımsa, indi 3-nü güclə satıram. 10-undan qazanacağım gəliri 3-ündən qazanmalıyam. Ona görə də əvvəl 15 manata satdığımı indi 20-yə satıram. Onu da alan olsa...”

Təxminən yarım saatdan çox mağazada olduq və içəri cəmi bir nəfər girdi. Bütün mallara baxdı, bir neçəsinin də qiymətini soruşdu. Cavablara ağzını büzüb getdi.

Orxan ticarət mərkəzində vəziyyətin belə olmasının səbəbini Rusiyadakı vəziyyətlə əlaqələndirir: “İndi Rusiyada iş yoxdur. Əvvəl ölkəyə oradan yaxşı pul gəlirdi, camaat da xərcləyirdi. Bir müddət aralanmışdım, bir az qış malım qalmışdı deyə yenidən qayıtdım. Amma peşman olmuşam. Belə getsə, bağlayıb gedəcəm...”

Müsahibimiz deyir ki, bəzən günlərlə bir şey sata bilmir: “3 gün idi, heç nə sata bilmirdim. Dünən 55 manatlıq mal satmışam. Bu gün günortadır, amma hələ siftə etməmişəm. 4 günə 55 manat - bu satışla yerpulu vermək olar?”

Bunu deyib, əlini cibinə salır, 17 manat pul çıxır. Bu anda yadıma bir vaxtlar burda satıcıların pulun qalığını qaytarmaq üçün ciblərindən topa-topa pul çıxarmaları düşür. Amma deyəsən, o günlər indi keçmişdə qalıb...

“Bazar ölüb, siz nədən danışırsınız?..”

Mağazaların aylıq yerhaqqı hər kvadratmetrə görə 16 manatdan başlayır. Bura əlavə işıq, icarə, kamera və yemək xərclərini də əlavə etsək, vəziyyət qəlizləşir. Yerhaqqı sıradan asılı olaraq dəyişir. Yəni ön sıralarda yerhaqqı daha bahadır. Bu bahalıq özünü malların qiymətində də göstərir.

Arif adlı satıcı vəziyyətlərinin sentyabrın 15-dən pisləşdiyini deyir. Onun sözlərinə görə, rayon avtomobillərinin Bakıya buraxılmaması alveri öldürüb: “Əvvəllər hər gün rayonlardan gəlib burda alış-veriş edirdilər. İndi heç kim gələ bilmir. Bakının marşrut avtobuslarının qrafikinin dəyişməsi alveri bir az da öldürdü. Əvvəl “28 May” metrosundan bura avtobuslar gəlirdi. Amma marşrutu yığışdırıblar”.

Söhbətə qoşulan Yalçın adlı satıcı isə “bazar ölüb, siz nədən danışırsınız?” deyir və başlayır dərdini danışmağa: “Ayın sonunda 1200 manat yerhaqqı verməliyəm. Alver olmadığından mağazanın yarısını bir nəfərə verdim ki, şərikli işləyək. Hər ay 600 manat yerpulunu o, 600 manatı da mən verməliyəm. Deməli, hər gün 20 manat qazanmalıyam ki, təkcə yerpulunu düzəldim. Hələ sığorta, vergi, gündəlik yol xərclərini, yemək pulunu demirəm. İşıqpulunu da özümüz veririk. Üstəlik, plomb pulu da var. Deyirlər, plomb vurulanlar oğurluqdan qorunur.

Adambaşına 500 manatdan kamerapulu da yığdılar. Guya bu pulları müşahidə kameralarına xərcləməliydilər. Gətirib hər dükana işləməyən kamera quraşdırdılar. Xərci də biz çəkdik. Soruşun ki, digər xərclər bir yana, heç mağazanın yerpulunu düzəldə bilirəm? Vəziyyət çox pisdir. Müflis oluruq. Amma yenə yerpulunu azaltmırlar. Biz ölməmək üçün yaşayırıq”.

Vəziyyət elədir ki, alıcılarda maraq yaratmaq üçün qiymətləri də aşağı sala bilmirlər. Çünki belə olsa, qazandıqları həqiqətən də gündəlik çörəkpuludan başqa bir şey olmayacaq.

Xərcləri malın üstünə gələndə də heç kim almaq istəmir. Aylardır yerpulunu verə bilməyən satıcıların firmalara, banklara xeyli borcu var. Daha banklar da bu ticarət mərkəzlərinin satıcılarına kredit vermirlər...

Mal sata bilmirlərsə, bəs burda niyə qalırlar? Sualımıza Yalçın cavab verir: “Malımı yığıb burdan getmək istəsəm, qarşımı kəsəcəklər. Günü bu gün çıxıb gedərəm bazardan. Malı “upakovka” etmək istəsəm, dərhal başımın üstünü kəsdirəcəklər ki, hara gedirsən? Burda girovdayıq, nə gedə bilirik, nə də qala...”

Satıcı deyir ki, 5-6 ay mağazanın yerpulunu ödəyə bilməyəndə rəhbərlik qapını bağlayır. Satıcıları da içəri buraxmır, malları əllərindən alırlar. Biz orada olarkən də bir neçə belə halla qarşılaşdıq. Dükan sahibləri nə qapını açıb içəri girə, nə də mallarını götürə bilirlər.

Bəzən isə borclu olduqları şəxslər, bank işçiləri gəlib mallarına əl qoyur. Hər gün təxminən 3-4 nəfər bu səbəbdən mağazasını bağlayıb getməli olur.

“Binə”də vəziyyət...

“Sədərək”dəki satıcılar vəziyyətlərinin ağır olduğunu desələr də, “Binə”yə baxanda öz hallarına şükür edirlər. Deyirlər ki, orada yerpulu min manatdan ucuz olan obyekt yoxdur, qiymətlər 5-6 min manata qədər artır. Orda işləmək ancaq öz yeri olanlara sərf edir. Bu sözlərdən sonra “Binə”yə baş çəkməyə bilməzdik.

“Binə”də ticarət iki hissəyə bölünüb: topdan və pərakəndə. Yerpulu və malların qiyməti də bu bölgüyə uyğundur. Burda icarəyə yer götürənlər ancaq mövsümlə işləyirlər. Ya da bir neçə ay işləyir, razı qalmasalar, çıxıb gedirlər.

Aylıq yerpulu sıradan asılı olaraq 1000-1300 manat arasında dəyişir. Əgər yeri icarəyə götürmüsənsə, yerin sahibinə də əlavə pul verməlisən.

“Binə”də apardığımız müşahidələr də göstərir ki, burda da ticarət çoxdan ölüb. Yalnız hər satıcının bir neçə xüsusi müştərisi var. Onlar da hər gün yox, ildə bir neçə dəfə gəlirlər.

“Artıq saat 1-dir, amma hələ siftə etməmişəm. Heç əvvəlki kimi gələn də yoxdur. Gözümüzü dikmişik şənbə-bazar günlərinə... Sonuncu bazar günü də cəmi 3 qadın koftası satdım. Hərəsindən 5 manat qaldı. Dörd gündür 1 qəpik də qazanmıram. Gələnlər də mallara baxır, qiymətləri soruşub gedirlər. Camaatı qınamıram, heç kimdə pul yoxdur axı...” - Rasim adlı satıcı giley-güzar edir.

Hər iki ticarət mərkəzində, demək olar, hər sırada qapısına “satılır”, “icarəyə verilir” sözləri yazılmış mağazalara rast gəlmək olur. Dükanların üstünə vurulmuş telefon nömrələri ilə əlaqə saxlayıb, nə üçün öz mağazalarını satışa çıxarmalarına, yaxud icarəyə vermələrinə aydınlıq gətirdik. Məlum oldu ki, səbəb eynidir: alverin olmaması.

Mağazasını satışa çıxaranlardan biri əvvəllər gəlir yeri kimi nəzərdə tutub aldığı obyektdən indi üz döndərməsini belə əsaslandırdı: “Mağazamı 50 min manata satışa çıxarmışam. İki mərtəbəlidir. Hər ay əlavə 800-900 manat yerpulu vermək lazımdır. Başım başqa işlərə qarışıb. Ona görə satıram”.

O, mağazasını başının qarışıq olması səbəbindən satışa çıxardığını iddia etsə də, bu dükanın yerləşdiyi sırada və digər yerlərdə alıcıların seyrək olması hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyurdu.

Mağazasını icarəyə verən başqa bir satıcı ilə də əlaqə saxladıq. Bildirdi ki, alış-verişin olmaması səbəbindən uzun müddətdir ticarət mərkəzinə baş çəkmir: “İndi orada bir aylıq icarəhaqqının nə qədər olduğunu bilmirəm. Mən özüm mağazamı aylıq 200 manata icarəyə verirəm. Qalan xərclər icarədarlıqdır...”

Eşitdiklərimiz və gördüklərimiz bir vaxtlar böyük ümidlə salınmış “Sədərək” və “Binə” ticarət mərkəzlərinin taleyinin təhlükədə olduğu təəssüratını yaratdı. Bu təhlükədən isə nə qədər ailənin zərər görəcəyini təxmin etmək çətin deyil...

Təbii ki, ticarət mərkəzlərinin rəhbərliyindən də məsələyə münasibət öyrənməyə çalışdıq. Ancaq suallarımızı cavablandıra biləcək səlahiyyət sahibi tapa bilmədik. Bu üzdən, qarşı tərəfin də mövqeyini bildirəcəyinə ümid edərək, cavab haqqı tanıyırıq.

Gülxar Şərif

Anar Tağıyev

FOTOLAR müəlliflərindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm