​Ədliyyə naziri: "İnsanlar məhkəməyə gəlmədən..."
Bizi izləyin

Qırmızı.az

​Ədliyyə naziri: "İnsanlar məhkəməyə gəlmədən..."

"Artıq sınaq rejimində istifadəsinə başlanılan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar".

Bunu noyabrın 4-də prezident İlham Əliyevin iştirakı ilə keçirilən Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, prezidentin qərarına əsasən bütün regionlarda 20-dək yeni məhkəmənin, o cümlədən apelyasiya, ağır cinayətlər, iqtisad və xüsusilə, dövlət orqanları ilə bağlı iddialara baxan inzibati məhkəmələrin təsis edilməsi vətəndaşların müraciət imkanlarının asanlaşmasına, insan haqlarının etibarlı müdafiəsinə və bölgələrdə hüquq institutlarının inkişafına təkan vermişdir. Hakim ştatlarını 2 dəfə artırmağınız ədalət mühakiməsinin səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərib.

"Müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər xüsusi qeyd olunmalıdır. Təkcə Dünya Bankı ilə birgə layihə çərçivəsində 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir binalar istifadəyə verilmiş, bir o qədər də məhkəmə üçün, o cümlədən dövlət büdcəsi hesabına yeni binalar inşa olunmaqdadır.

Bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya üçün şəraiti aradan qaldırır. Yeri gəlmişkən, Azərbaycan hökuməti ilə birgə həyata keçirilən bu layihəni Bank dünyada ədliyyə sahəsində ən uğurlu layihə kimi qiymətləndirir", - deyə o qeyd edib.

Nazir sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı tədbirlərə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların reyestrinin yenidən, daha mükəmməl qurulması üzrə işlərin görüldüyünü diqqətə çatdırıb.

"Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən təşkil edilib, icra məmurlarının səlahiyyətləri genişləndirilməklə daha təsirli icra mexanizmləri yaradılıb", - deyə Fikrət Məmmədov vurğulayıb.

O bildirib ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı göstərişlərə uyğun olaraq, ədliyyə və məhkəmə sistemində bu sosial bəla ilə qəti mübarizə aparılır, təsirli tədbirlər görülür.

Nazir diqqətə çatdırıb ki, ötən dövrdə 6 milyon insanın faydalandığı “ASAN xidmət” çərçivəsində 1 milyon yarım əməliyyat məhz ədliyyə orqanları tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, son 10 ildə ədliyyə orqanlarına açıq müsabiqələrlə 2 mindən çox gənc qulluğa qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm