Dərbənddəki narazılıqda “Bakı izi”ni kimlər axtarır?
Bizi izləyin

Qırmızı.az

Dərbənddəki narazılıqda “Bakı izi”ni kimlər axtarır?

“Son günlər bəzi qüvvələr Dərbənddə vəziyyəti gərginləşdirmək istiqamətində fəal iş aparırlar”.

Bunu Publika.az-a açıqlamasında Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib. Onun sözlərinə görə, bu qüvvələr Dərbənddəki üç ictimai təşkilatın rəhbərinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə nümayəndəsi Sergey Melikova, Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipova, Dağıstan Federal Təhlükəsizlik Xidməti İdarəsinin Dərbənd rayon şöbəsinin rəisi Aleksandr Jideykoya, Dərbənd şəhərinin meri Malik Baqliyevə ünvanladığı müraciətdən sui-istifadə edirlər: “Həmin müraciətdə Dərbənddə yaşayan azərbaycanlıların bəzi problemləri göstərilib və onların idarəetmə strukturlarında az təmsil olunduqları qeyd edilib. Dərbənd şəhərindəki azərbaycanlı ictimai fəalların “Minarət” adlanan məsciddə keçirdikləri yığıncaqda qəbul edilən bu müraciəti ətrafında süni və məqsədli hay-küy qaldırılıb. Dağıstanın bir sıra KİV-ləri Dərbənd şəhərindəki bəzi tanınmış azərbaycanlı rəhbər işçiləri və ictimai təşkilatların rəhbərlərini hədəfə götürüblər. Onların mövqeyi az qala rəsmi Bakının mövqeyi kimi dəyərləndirilir. Bəzi saytlar hətta daha qabağa gedərək Dərbənddəki vəziyyəti Sumqayıt hadisələri ilə müqayisə edirlər. Azərbaycanlılar təxribatçı kimi qələmə verilir, onların Bakıdan dəstəkləndiyi kimi gülünc iddialar ortaya atılır”.

M. Mehdiyev bildirib ki, bəzi Dağıstan KİV-ləri qeyd edirlər ki, guya Dərbənd azərbaycanlıları çoxminlik mitinqə hazırlaşırlar: “Bu ağ yalandır. Mən bu günlərdə Dərbənddə olmuşam və bəzi fəallarla görüşmüşəm. Mən müraciəti oxumuşam və orada heç bir mitinq sözünə rast gəlməmişəm. Hesab edirəm ki, müraciəti qəbul edənlər də mövcud situasiyanı dəyərləndirməli idilər. İndiki şəraitdə Dərbənddə müxtəlif qüvvələr qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar son vaxtlar Azərbaycan-Dağıstan münasibətlərinin inkişafından ciddi narahatdırlar. Rəsmi Bakı Dərbənddə həyata keçirilən quruculuq işlərində yaxından iştirak edir, buraya investisiya qoyur. Bu da bəzi dairələrdə qıcıq yaradır”.

Ekspert əlavə edib ki, Dərbənd azərbaycanlılarının problemlərinin olması faktı var.

“Lakin bu, Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işidir. Çünki onlar Rusiya vətəndaşlarıdır və problemlərini bu ölkənin qanunları çərçivəsində həll etməlidirlər. Elə müraciət də Azərbaycan hakimiyyətinə deyil, Şimali Qafqazın və Dağıstanın rəhbər şəxslərinə ünvanlanıb. Belə olan halda bəzi Dağıstan KİV-nin baş verənlərdə “Bakı izi” axtarması çox yersizdir. Dərbənd azərbaycanlıları çox ehtiyatlı olmalı, Qafqaz regionunda yaranmış o qədər də ürəkaçan olmayan ictimai-siyasi vəziyyətdə atdıqları hər addımı ölçüb-biçməlidirlər”, - deyə o, diqqətə çatdırıb.

M. Mehdiyev Dərbənddə yaşayan soydaşlarımızın taleyinə biganə qalmamağımızın vacibiliyini vurğulayıb: “ Azərbaycanın aidiyyəti nazirlik və komitələri, ziyalılar və jurnalistlər Dərbəndə vaxtaşırı səfərlər etməli, görüşlər keçirməli, əlaqələrimizin daha da möhkəmlənməsi üçün tədbirlər görməlidirlər. Azərbaycan KİV-ləri Dağıstandan xəbərlər verərkən qeyri-obyektiv informasiyalara əsaslanmamalı, qarşı tərəfdəki çirkin qüvvələrin əlinə heç bir bəhanə verməməlidirlər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm