Universitetdən narazı valideynlərə CAVAB: "Biz testin əleyhinəyik"
Bizi izləyin

Qırmızı.az

Universitetdən narazı valideynlərə CAVAB: "Biz testin əleyhinəyik"

“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ali təhsil ocağında keçirilən qış imtahan sessiyasında bir qrup üzrə 80% tələbə imtahandan kəsilib. Bir ali məktəbdə tələbələrin kütləvi şəkildə imtahandan kəsilməsi o deməkdir ki, müəllim dərs proqramını tədris etmir”.

Bu barədə Publika.az-a övladları ADNSU-da təhsil alan çoxsaylı valideynlər adından Yavər Cabbarov müraciət edib.

Saytımıza ünvanlandığı məktubda Y.Cabbarov bildirib ki, qaydalara əsasən, bir fəndən kəsiri olan tələbə növbəti imtahan sessiyasına kimi təqaüddən məhrum edilir, üstəlik, həmin fənnin təkrar keçilməsi üçün tələbə ali məktəbin hesabına 170 manata qədər ödəniş etməlidir.

“Digər ali məktəblərdə bunun üçün müəyyən kredit limiti mövcuddur. Lakin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə qayda yoxdur. Yeni rektor Mustafa Babanlı I kurslarda imtahanların test üsulu ilə keçiriləcəyini vəd etsə də, vədinə əməl etmədi”.

Valideynlərin bu müraciəti ilə əlaqədar olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqə saxladıq. Universitetin prorektoru Qasım Məmmədov Publika.az-a açıqlamasında bu iddiaları əsassız saydı:

“Tələbələr köçürmə yolu ilə qiymət almağa çalışırlar. Biz buna icazə vermərik. Tələbə imtahana hazır gəlmirsə, kəsilməlidir. Ötən il mənim dərs keçdiyim fəndən qrupda 4-cü kurs tələbələrindən 21-dən 19-u iki almışdı. İmtahan vərəqini ağ vermişdilər, ona görə də kəsildilər. Dekabrın 29-da keçirilən imtahan nəticələrinə əsasən, imtahanda iştirak edən tələbələrin 2.5%-i qeyri-kafi qiymət alıb. Bu da bizi narahat etdi. İnanmırıq ki, qeyri-kafi qiymət alanların sayı bu qədər az olsun. Ona görə də nəzarəti bir az da artırmışıq. Kimin əlində köçürmə vasitələri aşkarlayırıqsa, auditoriyadan kənarlaşdırırıq. Gün ərzində 2-3 min tələbə imtahan verirsə, onlardan 20-30-da belə vasitələr aşkarlanır”.

Bir qrupda 80-90% tələbənin hər hansı fəndən qeyri-kafi qiymət almasının tədrisin keyfiyyətini şübhə altına alması ilə bağlı fikirlərə münasibət bildirən prorektor bunun doğru yanaşma olmadığını dedi:

“Tələbə semestr ərzində keçilən dərslərdən narazı idisə, kafedraya, dekanlığa bu barədə müraciət edə bilərdi. Tək-tək hallarda belə müraciətlər olub və biz də buna uyğun ölçü götürmüşük. Amma imtahanın nəticəsinə görə tədrisin keyfiyyətsiz olması barədə fərziyyə yürütmək əsassızdır”.

Kəsiri qalan tələbədən əlavə 170 manat ödəniş tələb edilməsinə gəldikdə, prorektor bunun həqiqəti əks etdirmədiyini dedi:

“Bizim universitetdə təhsil haqqı 1200 manatdır. Tələbə bir tədris ilində 60 kredit götürür, 1200 manatı kreditlərin sayına böləndə, hər kreditə 20 manat düşür. Heç bir fənn 8 kreditdən artıq olmadığına görə kəsirə görə maksimum ödəniş 160 manat ola bilər. Bu da təsdiq olunmuş qaydadır”.

Prorektor imtahanların test üsulu ilə aparılmamasına da münasibət bildirdi:

“Biz birinci kursda iki monitorinqi test üsulu ilə keçirdik. Məlum oldu ki, tələbələr əzbərçilik yolu ilə imtahandan keçir. Riyaziyyatdan imtahan verən tələbə misalı həll etmədən cavabı yazır. Bu, sizdə təəccüb yaratmaz? Testlə imtahanda tələbələr münəccimlik edirlər. Ona görə də qərara aldıq ki, imtahanlar yazılı formada keçirilsin. Biz testin əleyhinəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm