Hacı İbrahim: “Cahangir Hacıyev adıma 91 milyon pul götürüb”
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim: “Cahangir Hacıyev adıma 91 milyon pul götürüb”

“Azərbaycan Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev adıma qeyri-qanuni şəkildə 91 milyon manat pul götürüb”.

Publika.az xəbər verir ki, bunu “Xəzər Adaları” layihəsinin müəllifi, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmli “Yeni Müsavat”a müsahibəsində bildirib.

İş adamı deyib ki, Beynəlxalq Bankda onun adına qeyri-qanuni şəkildə 91 milyon manat yazılaraq, pul oğurlanıb: “Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin şirkətimin adına 45 milyon dollar da götürüblər. Bu pulları Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev götürüb. Fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüblər. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik. Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də... Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım. Bu barədə bankın yeni rəhbərliyinə də yazmışam, ancaq cavab ala bilməmişəm. “ASAN Xidmət”ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, “adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik”.

İbrahim Nehrəmli Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürdüyünü bildirib: “Hər bir kreditimizin də arxasında girovlarımız var”.

Qardaşı Nazim İbrahimovun da dövlət məmuru olması məsələsinə toxunan iş adamı qeyd edib ki, qardaşı bizneslə məşğul olmur: “Doğrudur, qardaşım da məmurdur. Ancaq o, pulsuzdur. Onun pulu haradandır? Nazim İbrahimov əsl məmurdur, sadə həyat sürür. Onun kimi yaxşı məmurlarımız da var. Misal üçün, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və sairə. İş adamı kimi onlara nə zaman müraciət edərsək, dərhal qəbul edirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm