• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Sərhədi pozan 46 nəfər saxlanılıb

Sərhədi pozan 46 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qeyri-leqal miqra­siyaya, qaçaqmalçılığa, narkotik vasitə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanılıb. Onların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbə­kistan, 3 nəfəri İran, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq­-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkar­lanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhə­dindən keçirilməsinin qarşısı alınıb.

Yanvar ayının 9-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazi­sin­dəki sərhəd zastava­sı­nın xidməti ərazisində “Vaz-2015”markalı Az 44-BC-305 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşən Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu saxla­nılıblar. Avtomobilə baxış zamanı 3,9 kiloqram həşiş, 3,7 kiloqram marixuana aşkar edilib.

Yanvar ayının 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu 2 kiloq­ram həşiş, 1140 qram marixuana, 25 qram heroin, 30 qram tiryəklə saxlanılıblar.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ valyutası, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR