Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib

Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 18-də Baş prokuror Zakir Qaralovla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Z.Qaralov son dövrlər qardaş ölkədə baş vermiş qanlı terror hadisələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək tez bir zamanda cinayətkarların müəyyən edilərək layiqli cəza alacağına ümidvar olduğunu bildirib.

Görüşdə aprelin əvvəllərində Azərbaycanın işğal altında olan ərazilərindəki erməni hərbi birləşmələrinin Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini artilleriya qurğularından intensiv atəşə tutmaqla beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı törədilmiş cinayətlər, həmçinin hərbçilərimizin yüksək döyüş hazırlığı sayəsində erməni təxribatının qarşısının qətiyyətlə alınması qonaqların diqqətinə çatdırılıb.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi və Dövlət ittihamının müdafiəsi üzrə idarənin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

İsmayıl Rüştü Cirit rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edib.

Nümayəndə heyətinin üzvləri – Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Mehmet Akarca və Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçil çıxış edərək dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyini vurğulamış və əlaqələrin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd ediblər.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm