Bir şikayətin izi ilə: Sement bazarındakı qarşıdurmada haqlı tərəf kimdir?
Bizi izləyin

Qırmızı.az

Bir şikayətin izi ilə: Sement bazarındakı qarşıdurmada haqlı tərəf kimdir?

Mayın 2-də "Publika.az" xəbər portalında Azad İstehlakçılar Birliyindən (AİB) daxil olmuş materiala əsasən "Bu sementləri almayın: Adları oxşar, keyfiyyətləri fərqli məhsullar" (http://publika.az/p/138258 ) başlıqlı yazı dərc edilib. Məqalədə Azərbaycanın sement bazarında istehlakçıların aldadılması, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı hallarına rast gəlinməsi halları vurğulanmışdı. Həmin materialda "Laçın-1" firmasının istehsal etdiyi "AZBETON" sementinin adı hallanmışdı.

Qeyd edək ki, qarşı tərəf kimi "Laçın-1" firmasının təsisçisi Anar Məlikov Publika.az-ın "Poçt qutusu"na məktub göndərərək, öz mövqeyinin dərc olunmasını xahiş edib.

"Laçın-1" firmasının sement bazarında uğurla fəaliyyət göstərən müəssisələrdən biri olduğunu deyən Anar Məlikov müəssisənin adının hallandığı həmin materialda səsləndirilmiş iddialara cavab olaraq bildirib ki, firma Azərbaycan qanunları və müvafiq icra hakimiyyəti orqanları tərəfindən sözügedən sahə üçün müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərir: "Müəssisənin istehsal etdiyi və satışını həyata keçirdiyi məhsullar uyğunluq sertifikatlarına və dövlət qurumları tərəfindən verilmiş əmtəə sertifikatlarına malikdir. "Laçın-1" firmasının istehsal etdiyi "AZBETON" sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatı verilib. Bununla yanaşı, firmanın istehsal etdiyi "AZBETON" sementinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilib".

"Laçın-1" firmasının təsisçisi qeyd edib ki, istehsal etdikləri məhsulun adı məqalədə adı keçən digər istehsalçının məhsulunun adından tamamilə fərqlidir: "Məhsulun kisəsinin təsvirinin digər istehsalçı müəssisənin istehsal etdiyi məhsulun kisəsinin təsviri ilə oxşarlığı istehsal olunan məhsulun keyfiyyətsiz olduğuna və ya hansısa təhlükə yaratmasına dair mülahizə irəli sürmək üçün əsas deyildir. Əksinə, bazarda rəqabət şəraitində fəaliyyət göstərmək əvəzinə, qarşı tərəfə ləkə yaxmaq, onun məhsullarını pisləməklə, bazarda üstün mövqeyə nail olmağa çalışmaq, özünə hörmət edən, məhsulunun keyfiyyətinə arxayın olan bazar iştirakçısına yaraşmayan ucuz piar-kampaniyadır.

"Laçın-1" firması istehsal etdiyi "AZBETON" sementinin dövlət standartlarına uyğun olduğunu bir daha bəyan edir, müəssisənin istehsal etdiyi məhsulun keyfiyyətinə tam zəmanət verir, eyni zamanda, bazarda iştirak edən bütün istehsalçıları və ticarət iştirakçılarını açıq rəqabətə, rəqiblərə qarşı ədalətlilik prinsiplərinə əməl etməyə dəvət edir, yalan və iftira dolu məlumatları yaymaqdan çəkinməyə çağırır və bunun hüquqi məsuliyyət yarada biləcəyini bir daha xatırladıram".

Mövzunu davam etdirmək məqsədilə şikayət məktubunu redaksiyamıza yönlənmdirmiş Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) müraciət etdik. AİİB sədri Eyyub Hüseynov qeyd etdi ki, ictimai birliyə daxil olan müraciətlərdə "AZBETON" adı ilə istehsal olunan sement məhsulunun kisəsinin üzərində "AZBETON" yazılışı "Garant İnşaat Sənaye" MMC tərəfindən istehsal olunan sement məhsulunun kisəsi üzərindəki "AZBENTONİT" yazılışının ilə eyni şriftdə və rəngdə olmaqla, həmçinin, sement kisəsinin üzərindəki rənglər və digər təsvirlərin də həmin müəssisənin istehsalı olan sement məhsulunun kisəsi üzərindəki rənglər və təsvirlərlə eynilik təşkil etdiyindən bazarda istehlakçıların çaşdırılmasına səbəb olur: "AZBETON" yazısının uzun illər bazarda tanınmış "AZBENTONİT" yazısı ilə eyniliyi və kisəsinin tərtibatı tanınmış əmtəə markasının rənglərini təqlid edir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, "AZBETON" yazılışlı kisənin rəngləri və dizaynı müəssisənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır.

Birliyimizə ayrı-ayrı bölgələrdən daxil olan istehlakçı müraciətlərində də "AZBETON" yazılışlı kisənin "AZBENTONİT" yazılışlı əmtəə markası ilə qarışdırıldığı bildirilir. Həmçinin, "AZBETON" sement məhsulunun kisəsi üzərində sementin markasının 400, 500 göstərilməsi ilə istehlakçılarda bu cür yüksək markalarda sementin istehsalına təsəvvürlər yaradır.

Qarşı tərəfdən təqdim olunmuş sənədlərdən görünür ki, "Laçın-1" firmasının adına "AZBETON" adı və qrafik təsvirdən ibarət əmtəə nişanı 18.03.2016-cı il tarixdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Əmtəə nişanının qeydə alınmasına dair təqdim olunan Şəhadətnamədə yalnız "AZBETON" sözünün əmtəə nişanı kimi "19-cu sinif- Sement" üzrə qeydə alındığı göstərilir. Həmin Şəhadətnamədə əmtəə nişanının tətbiq sahələri göstərilməyib. Şəhadətnamədən həmçinin, görünür ki, "AZBETON" əmtəə nişanının rəngi göstərilməyib. Eyni zamanda, "AZBETON" əmtəə nişanının mühafizə olunan elementləri öz əksini tapmayıb".

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin tələbinə əsasən, Əmtəə nişanı - əmtəə nişanı sahibinin əmtəələrinin və göstərdiyi xidmətlərin digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır (kombinasiyasıdır): "Qanunun 4-cü maddəsinə əsasən, əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.

"Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 166 №-li 15.10.1999-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir".

Qanunun 25-ci maddəsinə əsasən, qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa): "Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Sadalanan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, hər bir sahibkar digər sahibkarın qeydə alınmış əmtəə nişanına olan hüquqlarına hörmətlə yanaşmalı və eyni cinsli əmtəələrin satışında (xidmətlərin göstərilməsində) istehlakçıların əmtəəni qarışdırmasına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir. Bu cür hərəkətlər istehlakçıların hüquqlarının pozulmasına səbəb olur.

"Laçın-1" firmasının təqdim etdiyi sənədlərdən və araşdırılan materiallardan görünür ki, "AZBETON" adı ilə istehsal edilən sement məhsulunun kisəsinin rəng və təsvirləri "AZBENTONİT" sement məhsulunun (əmtəə nişanı kimi qeydə alınmış) kisəsinin rəng və təsvirləri ilə eynilik təşkil edir. Halbuki, "AZBETON" əmtəə nişanına verilmiş Şəhadətnamə eyni ilə "AZBENTONİT" sement məhsulunun kisəsinin rəng və təsvirlərindən istifadəyə əsas vermir. Ona görə də bu iki sement məhsulunun bazarda qarışdırılması ilə istehlakçıların haqlı narazılığına səbəb olub.

Təqdim edilən "Sınaq protkolları"na dair "Evrascon" ASC-nin Mərkəzi Laboratoriyası tərəfindən təsdiq edilmiş sınaq protokollarından görünür ki, həmin protokollarda və əlavə olunmuş "Sınaqların nəticələri"ndə: "Portlandsement PÜ 300 D20", "Portlandsement PÜ 400 D20", "Portlandsement PÜ 500 DO" məhsullarının laborator sınaqlarının nəticələri verilib. Məhsulun nümunəsinin götürülməsi tarixi – hər üç məhsulda - 08.06.2015, partiyanın miqdarı 10t, 15t göstərilib. Qeyd edim ki, AİB-ə daxil olan və müraciətlərdə isə "AZBETON" sement məhsulunun kisəsi üzərində yazılan 400, 500 markasının hansı laborator nəticələrlə təsdiqləndiyinə dair suallar yer alır. Təqdim edilən protokollarda isə "AZBETON" sement məhsulunun akkreditasiya olunmuş laborator sınaq nəticələri əks olunmayıb. Həmçinin, qeyd edilməlidir ki, "Laçın-1" firmasının başqa bir məhsulunun 08.06.2015-ci ildə yalnız 10t (və 15t) partiyasından nümunənin sınaqdan keçirilməsi hazırda bazarda "AZBETON" adı ilə satılan sement məhsulunun 400 və ya 500 markalarda olduğunu təsdiqləyən amil hesab edilə bilməz.

Bütün bunları nəzərə alaraq və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunu və əlaqəli qanunvericilik aktlarının, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələblərini rəhbər tutaraq, təklif edirəm ki, həmin firma bazarda istehlakçıları çaşdırmayan, tanınmış başqa bir əmtəə nişanı ilə qarışdırılmayan, müvafiq qeydiyyata alınmış, özünəməxsus şrifti, rəngi və təsviri (və ya bu elementlərin kombinasiyası) olan əmtəə nişanını qeydə aldırmaqla fəaliyyətini daha sağlam və qanuni əsaslarla davam etdirsin. Bu halda bazarda məhsullarının daimi istehlakçılarının, həmçinin, digər məhsulların istehlakçılarının da hüquqlarına hörmətlə yanaşmış olarlar.

Nəzərə alınmalıdır ki, hər bir məhsul istehsalçısının, sahibkarın məqsədi istehlakçıların istədikləri məhsulu bazarda sərbəst seçib almaq imkanını yaratmaq və yalnız sağlam rəqabətlə istehlakçıların rəğbətini qazanmaq olmalıdır. Bu, həm də qanunla sahibkarların üzərinə düşən vəzifələrdəndir".

Hüquqşünas Habil İsgəndərov isə məsələnin hüquqi tərəfləri ilə bağlı daha maraqlı fakta toxundu. O, bildirdi ki, başqasının oxşar məhsulunun qablaşdırılması cinayət məsuliyyətinə səbəb ola bilər: "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin tələbinə əsasən, Əmtəə nişanı - əmtəə nişanı sahibinin əmtəələrinin və göstərdiyi xidmətlərin digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır (kombinasiyasıdır). Qanunun 4-cü maddəsinə əsasən, Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması".

Göründüyü kimi, əmtəə nişanlarının qeydə alınmasını nəzərdə tutan qanunvericiliyin məqsədi həm də məhsulları bir-birindən fərqləndirməkdir: "Yəni əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmalıdır, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Həmçinin əmtəə nişanı əmtəənin (malın) mənşəyini istehlakçıya bildirməlidir. Bu, o deməkdir ki, istehlakçı əmtəə nişanına görə malın hansı istehsalçıya məxsus olduğunu asanlıqla ayırd edə bilməlidir. Qeydə alınmış əmtəə nişanının bazarın digər iştirakçıları tərəfindən icazəsiz istifadəsi qanunla qadağandır. Əmtəə nişanının sahibinin icazəsi olmadan o nişanla tanınan markanı başqa bir sahibkar istifadə edə bilməz. Əks təqdirdə, bu cür qanunsuz istifadə həm əmtəə nişanının sahibinin hüquqlarını pozur, həm də istehlakçıların aldadılması, çaşdırılması ilə onların hüququnun pozulmasına səbəb olur.

Əmtəə nişanına olan hüquq – əqli mülkiyyət hüququdur. Əmtəə nişanının qanunsuz istifadəsi də əqli mülkiyyət hüququnun oğurlanması, mənimsənilməsidir. Ona görə də əmtəə nişanının qanunsuz istifadəsi mülki, inzibati, cinayət məsuliyyəti yaradır. Yəni başqasının əmtəə nişanına olan hüququnu pozan şəxs(lər) hüquq pozuntusunun dərəcəsindən asılı olaraq məsuliyyət daşıyır.

Başqa bir sahibkarın məhsulunun qablaşdırılmasının (əgər bu, əmtəə nişanı ilə qorunursa) eyni və ya oxşar şəkildə istifadə edilməsi qanunsuz əməldir. Ola bilər ki, əmtəə nişanı eynilə təkrarlanmır, ayrı-ayrı elementlərdən istifadə olunur. Bu halda da əgər oxşar məhsul bazarda əmtəə nişanı ilə qablaşdırılan məhsulla qarışdırılırsa, istehlakçını çaşdırırsa, yenə də qanunsuz hərəkətdir və bu cür əməllərə görə məsuliyyət nəzərdə tutulur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197-ci maddəsinin (197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə) tələbinə görə: 197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda

- min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda —

- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, başqasına məxsus əmtəə nişanından bu və ya digər formada qanunsuz istifadə olunması cinayət əməli kimi həbs cəzası ilə də cəzalandırıla bilər".

O, qeyd etdi ki, hər bir sahibkar digər sahibkarın qeydə alınmış əmtəə nişanına olan hüquqlarına hörmətlə yanaşmalı və eyni cinsli əmtəələrin satışında (xidmətlərin göstərilməsində) istehlakçıların əmtəəni qarışdırmasına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir: "Bu cür hərəkətlər istehlakçıların hüquqlarının pozulmasına səbəb olur".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm