Qara günlü “Göy məscid” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qara günlü “Göy məscid” - FOTOLAR

“Göy məscid” İrəvan xanı Hüseynəli xanın (1760-1768) hakimiyyəti dövründə 5 ilə (1760-1765) inşa edilib. Rusiya imperiyasının İrəvan xanlığını işğal etməsi ərəfəsində xanlıqda mövcud olan 8 məsciddən biri olan Göy məscid mərkəzi örtülü bazarla üzbəüz yerləşirdi. Öz kompozisiyası və əsas ibadətxanasının formasına görə 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinin bənzəri olan kompleks ümumilikdə 7 min kvadratmetr sahəni əhatə edib. Məscidin uzunluğu 97,2, eni 66, minarəsinin hündürlüyü isə 24 metr olub. Burada ibadət otaqlarından başqa kitabxana və 28 hücrəli mədrəsə olub. Məscid iki ayrı korpusdan – qış və yay korpuslarından ibarət olub ki, qış korpusu kompleksin cənubunda, yay korpusu isə şimalda inşa edilib. Hər iki korpus mədrəsə ilə əhatələnib.

Məscidin həyətində fəvvarəli daş hovuz tikilib, ətrafı sıx kölgəli çinar və qovaq ağacları olub. İbadət kompleksi həm daxili, həm də xarici quruluşuna görə hələ xanlıq dövründə ikən diqqətləri üzərinə cəlb edib. Sonralar da İrəvanı təsvir edən bütün səyyah və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. “Göy məscid” Şərq memarlığının nadir incilərindən hesab edilir.

Erməni mənbələrinin bildirdiyinə görə, sovet hakimiyyəti qurulduqdan sonra 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilir. Yalnız erməni şairi Yeğişe Çarensin ciddi cəhdlərindən sonra onun “Mavi brilliant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olur və 1936-cı ildə məsciddə İrəvan tarix Muzeyi yaradılır.

Lakin ikinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülür, məscid silah anbarına çevrilir. Müharibədən sonra məsciddə təbiət muzeyi, 1952-ci ildə isə kiçik namaz otağında astronomiya həvəskarları üçün planetarium qurulub.

SSRİ dağılandan sonra müsəlman ölkələri ilə əlaqə quran Ermənistan məscidi ibadət üçün açır və paralel olaraq 1991-ci ildə təbiət muzeyi kimi istifadə edir. 1994-cü ildə isə tarix muzeyi məsciddən çıxarılır. 1995-ci ildə İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən İran hökuməti məscidin yenidən təmir və bərpası xərclərini öz üzərinə götürür. 2006-cı ildə məscidin təmir və bərpa işləri başa çatır. “Göy məscid” kompleksinin 24 metrlik minarəsi, 28 hücrəsi (kiçik otaq), kitabxanası, böyük zalı, minarəsi, minbəri yenidən bərpa edililərək istifadəyə verilib. Ancaq o da məlum olub ki, ermənilər məscidi “Fars camisi” kimi təqdim edirlər.

İngilis tədqiqatçısı Tom de Vaal bu barədə yazır:

“Ermənilərin azərbaycanlılara məxsus məscidi belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki, XX əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar. Onunla belə onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər... Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər.

Beləliklə, ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar idi”.

Erməni mənbələrinin nə uydurduğundan asılı olmayaraq, Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid “Göy məscid” də daxil olmaqla 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, məscid XX əsrdə ermənilər tərəfindən iki dəfə yandırılıb, bunlardan birincisi 1918-ci ildə baş verib. Ikinci vandalizm isə 1955-ci ilin martında azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən həyata keçirilib.

Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm