Sona Vəliyevanın "İşığa gedən yol" romanının təqdimat mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

Sona Vəliyevanın "İşığa gedən yol" romanının təqdimat mərasimi keçirilib

Bu gün Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş "İşığa gedən yol" romanının imza və təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq roman haqqında qısa məlumat verib. O qeyd edib ki, Sona xanım Həsən bəy Zərdabi haqqında belə böyük bir roman ərsəyə gətirməklə, sanki Həsən bəy Zərdabiyə bir heykəl qoyur. K.Tahirov deyib ki, romanda Həsən bəy Zərdabinin ömür yolu zərgər dəqiqliyi ilə təsvir edilir.

Sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə bir əsər yaratmaq çox vacib hadisədir: "Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolunun bu cür geniş şəkildə təsvir edilməsi, təbii ki, çox sevindirici haldır".

V.Əliyev bildirib ki, kitabın dili o qədər sadə və rəvandır ki, oxucular çox rahatlıqla hadisələri başa düşür: "Bu çox dəyərli əsərdir. Bu hamı üçün Həsən bəy Zərdabinin həyatını, tarixini öyrənmək istəyənlər üçün gözəl bir mənbədir".

Nazir müavini əlavə edib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dekanı, professor Cahangir Məmmədli kitabın əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Sona xanım tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub: "Bu kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir".

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: "Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində belə bir tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Lakin bu kitab nəinki jurnalistlərin, hamının stolüstü kitabına çevrilməlidir, çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafında mühüm rol oynamış bir şəxsiyyətdir".

Ə.Amaşov əlavə edib ki, bu kitab Mətbuat Şurası tərəfindən Ali media mükafatına layiq görülüb.

Milli Məclisin deputatı Nizami Cəfərov da çıxışında kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında belə bir gözəl əsərin yaradılması çox sevindirici haldır: "Bu gün tarixi şəxsiyyətlərimiz barəsində bu cür əsərlərin yaradılmasına böyük ehtiyac var. Xalqımız öz tarixi şəxsiyyətlərini yaxşı tanımalıdır".

Daha sonra çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bu kitab hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan E.Axundova bu kitabın rus, ingilis və digər dillərdə də çap edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və digər iştirakçılar da kitab haqqında fikirlərini bölüşüblər, romanın Azərbaycanın dahi şəxsiyyətlərinin və tarixinin öyrənilməsində gözəl bir mənbə olduğunu diqqətə çatdırıblar.

Təqdimat mərasiminin sonunda çıxış edən Sona Vəliyeva bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi əhəmiyyəti var: "Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bizim azad yaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi. Kitab haqqında çoxlu rəylər yazılıb. Hər kəsə təşəkkür edirəm, dəyərli fikirlər səsləndi. Bu fikirləri eşitmək mənim üçün xoş idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm