Alo, yanır, yanır - təcili gəlin - 101-dən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Alo, yanır, yanır - təcili gəlin - 101-dən FOTOREPORTAJ

Evdən çıxarkən 24 saat sonra sağ-salamat geri qayıdacaqlarına əmin deyillər, çay içdikləri yerdə qəfildən gələn həyəcan siqnalından 5 dəqiqə sonra binanın damında, yanğının ortasında ola bilərlər, onlar başqalarını xilas etmək üçün öz həyatlarını hər an təhlükəyə atmağa hazırdırlar.

Söhbət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarından gedir.

Lakin bu gərgin və çətin iş şəraitinə baxmayaraq, bəzən onların ünvanına giley-güzar da səslənir. Evi, obyekti yanmış şəxslərdən “yanğınsöndürənlər gec gəldi”, “yanğınsöndürənlər gələndə suları yox idi”, “su tez qurtardı, yaxşı ki, yardıma gələnlər oldu” kimi ifadələri eşidirik.

Bu iddiaları səsləndirənlər nə qədər haqlıdırlar?

Sualımıza cavabı öyrənməyin bir yolu var. Biz də həmin yolla gedib Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə çatdıq.

Mərkəzin qarşısında haradan gəldiyimizi öyrənən mühafizəçi bizi əvvəldən telefonda görüş barədə razılaşdığımız Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini, polkovnik Rasim Kərimovun yanına göndərdi. Gəlişimizin məqsədi barədə kiçik söhbətdən sonra Rasim müəllim bizə istiqamət verməsi üçün Yanğınsöndürmə qüvvələrinin idarəetmə Mərkəzinin rəisi Vüqar Məcidova tapşırıq verdi.

Öyrəndik ki, gəldiyimiz binada dispetçer məntəqəsi fəaliyyət göstərir. Ona görə, əvvəlcə qaynar nöqtələrdən zənglərin ilk daxil olduğu mərkəzdə - dispetçer otağında olduq. Məntəqənin rəisindən tutmuş əməkdaşlarına qədər hər kəs bizi mehribanlıqla qarşıladı. İşin gərginliyinə baxmayaraq, dispetçer otağında bayram ab-havası hiss olunurdu. V. Məcidov xidmətinin işi barədə məlumat verib, sonra bizi əməkdaşlarla baş-başa buraxdı...

Otağın divarındakı monitor bir neçə hissədən ibarətdir. Yanğın xəritəsində ölkə ərazisində baş verən bütün yanğın və qəzalar əks olunur. Biz mərkəzdə olduğumuz gündən əvvəl Bakıda 6 yanğın hadisəsi olmuşdu.

24 saat iş başında

Təkcə Bakı deyil, respublikadakı bütün yanğınsöndürmə hissə və bölmələri bu otaqdan idarə edilir. Hər dəfə növbəyə daxil olan əməkdaşlar mərkəz üçün yaradılmış xüsusi proqramla işləyirlər. Hər bir istifadəçinin proqrama xüsusi giriş adı var. Bölgələrdəki “101” dispetçer xidməti yanğının qeydiyyatını apardıqdan sonra Bakıdakı dispetçer mərkəzinə bu barədə məlumat verir. Yanğının idarə edilməsi Bakıdan həyata keçirilir. Ərazi böyük olanda qonşu mərkəzlərdən kömək göndərilir...

“112” xidməti yaradılandan sonra gün ərzində 3-4 min zəng qəbul edən mərkəzin işi nisbətən asanlaşıb. Lakin indi də daxil olan zənglərin sayı az deyil. Gün ərzində buraya 1200-ə qədər zəng daxil olur. Yanğınsöndürənlərin yaxşı xidmət göstərməsi üçün dispetçerlərin düzgün istiqamət verməsi mütləqdir...

Lakin onların işi heç də asan deyil. Onlar 24 saatlıq iş qrafiki boyu yüzlərlə zəngə cavab verməli, onların qeydiyyatını aparmalı, hissələrə məlumat ötürmək prosesini izləməli, məlumatları nazirliyin mətbuat xidmətinə gecikmədən ötürməlidirlər.

Jurnalistlərə niyə “yox” deyirlər?

Gecə iş az olanda hər dispetçer 3 saat dincələ bilir. Lakin elə günlər olur ki, onlar dincəlmədən işləyirlər.

Yanğınsöndürmə qüvvələri idarəetmə mərkəzinin rəis müavini Arzu Heydərova 25 ildir bu işdə çalışır. İş qrafiki yorucu olsa da, işini sevdiyi üçün çətinliyi hiss etmədiyini deyir:

“Bəzən elə ölüm olur ki, hadisə yerində olan əməkdaşlarımız məlumat verməkdə çətinlik çəkirlər. Biz də yanğın nəticəsində uşaq ölümü və bu kimi hadisələri eşidəndə çox pis oluruq, stress keçiririk. Amma bu, bizim işimizdir, işimizi sevirik və vicdanla yanaşırıq”.

Bəzən jurnalistlər, elə özümüz də “101”ə zəng edib, təcili məlumat almaq istəsək də, “yox” cavabı alırıq. Arzu xanım bu məsələdə onlardan inciyənlərin olduğunu deyir. Səbəbləri isə belə izah edir:

“Bəzən jurnalistlər tez xəbər almaq istəyirlər. Bunu anlayırıq, amma dəqiqləşdirilməmiş məlumat verə bilmərik. Belə ki, məsələn, bəzən çox dəhşətli yanğın olması barədə məlumat verilir. Amma hadisə yerinə çatanda çox kiçik bir ərazidə yanğın olduğunu görürük. Ona görə də tam dəqiqləşməmiş məlumat verə bilmərik”.

Gülnarə Süleymanova 20 ildir ki, bu mərkəzdə çalışır. Ailəli xanım üçün günün 24 saatı işdə olmağın heç də asan başa gəlmədiyini deyən müsahibim bunun işlərinə təsir etmədiyini bildirir:

“Evimiz, ailəmiz olsa da, bu, bizim işimizdir. Sevərək, məsuliyyətlə işləyirik. İşimiz çox məsuliyyətlidir. Yayda gün ərzində mən təxminən 100-ə qədər zəng qəbul edirəm. İndi zənglər nisbətən azalıb. Zənglərin sayından asılı olmayaraq, biz işimizi yerinə yetiririk. Bəzən yanlış zənglər də olur. Vətəndaşlar yoldan keçəndə tüstü görür, yanğın baş verməsi ilə bağlı zəng edir. Biz deyilən ünvana çatanda, bunun yanğın yox, hər hansı zavodun tüstüsü olduğunu görürük. Amma buna baxmayaraq, biz mütləq hadisə yerinə gedirik”...

Nazilə Abbasova dispetçerliyin məsuliyyətini vurğulamaqla yanaşı, bunun maraqlı iş olduğunu deyir:

“Ciddi hadisələrdən əlavə, yanlış zənglər də olur. Bu günlərdə poliklinikada adi bir elektrik sayğacı yanmışdı, həyəcandan dəhşətli yanğın olması barədə məlumat vermişdilər. bölmələr bir neçə briqada göndərmişdik. Yalnız hadisə yerinə çatanda əslində ciddi yanğın olmadığını öyrəndik. Bəzən insanlar ünvanı səhv verir, bu da işimizi bir az gecikdirir”.

Fiziki güc tələb edən bu sahədə qadınlar əsasən dispetçer vəzifəsində çalışırlar.

Yanğınsöndürən üçün qadağalar

Dispetçer xidmətində işimizi başa vurub, Yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinin rəisi Vüqar Məcidovla işlərinə çətinlik yaradan məqamlar, yanğınsöndürəndən tələb olunan keyfiyyətlər barədə danışırıq. O, yanğınsöndürmə xidmətində işləməyin həm məsuliyyətli, həm də yüksək savad tələb edən iş olduğunu deyir:

“Burada çalışan hər bir əməkdaş kimya, fizika, riyaziyyat, coğrafiyanı yüksək səviyyədə bilməlidir. Əməkdaşlarımızın həm yüksək təhsili, həm də fiziki hazırlığı olmalıdır. Spirtli içkilərdən istifadə etməməli, zərərli vərdişlərdən uzaq olmalıdır. Yanğınsöndürən bilməlidir ki, qırı, transfarmatoru su ilə söndürmək olmaz”.

Müsahibim yanğınsöndürənlərin əsas çətinliyinin tıxaclı yollarla bağlı olduğunu deyir:

“Kommunal xidmət göstərən qurumlar, həmçinin Daxili İşlər Nazirliyi ilə əlaqəli işləriyik. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində aldığımız məlumat əsasında DİN-nə məlumat veririk, tıxac olan yola post-patrul xidmətinin əməkdaşları göndərilir. Yollar rahat olsa, 3-5 dəqiqəyə hadisə yerinə çatmaq mümkündür. Bütün yanğın maşınlarında GPS sistemi quraşdırılıb. İnsanlara maksimum rahat və yüksək xidmət göstərmək imkanı yaradılıb. Əlbəttə, bunlar Fövqəladə Hallar Nazirliyi yaradılandan sonra mümkün olub.

Bundan başqa, binaların bir-birinə yaxın yerləşməsi, girişdəki şlaqbaumlar yanğınsöndürmə prosesini çətinləşdirir. Su problemi də aradan qaldırılıb. Yanğın olan kimi aidiyyatı quruma hidrantlarda suyun təzyiqini qaldırmaları üçün təlimat veririk”.

Söhbət etmək, ünvan öyrənmək üçün zəng edənlər

Əlbəttə, dəxilsiz zənglər də az deyil. V. Məcidov həmin insanlarla bağlı hüquq mühafizə orqanları tərəfindən tədbirlər görüldüyünü deyir:

“Dəfələrlə yalançı zəng edən şəxslərlə bağlı “AzTelekom”a müraciət etmişik, həmin telefon xətləri bağlanıb. Bəzən hüquq mühafizə orqanlarına məlumat veririk, xuliqanları cəzalandırırlar. Təəssüf ki, sonra yenə də zəng vuranlar olur. Bəzən azyaşlı uşaqlar da zəng vurur. Sadəcə söhbət etmək, saatı, ünvanı soruşmaq üçün arayanlar olur. Amma bütün zənglərə cavab veririk. Bizi təhqir etsələr də, tərifləsələr də, insanları razı salmalıyıq”.

Nazirliyin işi yalnız bu gün üçün qurulmayıb. Əlbəttə, bədbəxt hadisələr arzuolunmaz olsa da, qaçılmazdır. Bunun üçün də nazirlikdə fövqəladə hadisələr zamanı digər qurumlarla əlaqə saxlamaq üçün radiorabitə sistemi qurulub. Bu da gələcəkdə hər hansı hadisə zamanı bütün güc sturukturlarının yumruğu bir nöqtəyə vurması deməkdir.

Dağlıq bölgələrdə, meşədə yanğınlar zamanı, həmçinin paytaxtın bəzi ərazilərində nazirliyin aviasiya dəstəsindən kömək istənilir. Yanğın sahəsi böyük olanda yanğınsöndürmə təyyarəsinin cəlb edilməsi mümkündür...

Dispetçer xidməti və yanğınsöndürəndən tələblər barədə yetərincə məlumat topladıq. Artıq insanların şikayətlərinə cavab almaq üçün yanğından mühafizə hissəsinə getməyin vaxtıydı. V.Məcidov bizi şəxsi maşını ilə Səbail Rayon Yanğındanmühafizə hissəsinə şəxsən apardı.

20 saniyəyə geyinmək

Burada bizi xidmətin rəisi Etibar Nəsirov və müavini Zaur Əlisgəndərov qarşılayır. Xoş qarşılanmadan sonra rəis müavini bizi idarənin işi ilə ətraflı tanış edir. Əvvəldən qeyd etdiyimiz kimi, “101” xidmətinə daxil olan bütün məlumatlar rayon idarə və şöbələrinə göndərilir. Burada dispetçer məntəqəsi həmin məlumatı qəbul edib, həyəcan siqnalı düyməsini vurur. Şəxsi heyət məlumat alandan 5 saniyə ərzində paltarlarını geyinməyə başlayır. Geyinmək üçün isə 20 saniyə vaxt verilir. Yol vərəqəsinin yazılması və bütün bu proses bir dəqiqə vaxt aparır. Təxminən 5-6 dəqiqəyə onlar hadisə yerinə çatırlar.

İdarənin dispetçer mərkəzi də tıxac olan küçələr barədə hadisə yerinə gedən briqadanı məlumatlandırır və istiqamətləndirir. Əlavə köməyə ehtiyac olarsa, dispetçerə bu barədə məlumat verilir.

Zaur Əlisgəndərov yanğınsöndürənin ən çətin iş şəraitinin gəmi və neft çənlərindəki yanğınla bağlı olduğunu deyir.

“Neft çənlərində hər an partlayış təhlükəsi, gəmilərdə isə əraziyə tam bələd olmamaq və tüstülü mühit iş prosesini çətinləşdirir. Gəmidə işləmək yanğınsöndürən üçün hər an təhlükəli mühit yaradır. Yayda yanğın söndürmə prosesi daha çətin olur”.

Geyimlər yüksək istiliyə dözümlüdür

Bizi yanğınsöndürənlərin dərs, geyim yerləri ilə tanış edən rəis müavini ağırlığı 9 kiloqrama qədər olan geyimlər yüksək istiliyə dözümlüdür.

Xüsusi istilik əks etdirəngeyimlər neft çənlərində baş verən yanğınlar zamanı istifadə edilir. Adi geyimdə hadisə yerinə 2 metr yaxınlaşmaq mümkündürsə, həmin geyimlə yanğın ərazisində 200 dərəcə temperaturda 16 dəqiqə, 800 dərəcədə isə 2 dəqiqə işləyə bilirlər. Yanğınsöndürənlər psixoloji baxımdan hər bir hadisəyə hazır olurlar. Hər bir tüstülənmiş yerə ard-arda 3 nəfər daxil olur. Qəza-xilasetmə avtomobilində işıq generatoru, kəsiçi, deşici alətlər olur.

Bəzən zərərçəkənlər deyirlər ki, “yanğınsöndürənlər gəldi, amma su yox idi”. Bu fikir nə qədər doğrudur? Yanğınsöndürən susuz hadisə yerinə gedə bilərmi?

Z.Əlisgəndərov bunun köhnədənqalma fikir olduğunu deyir.

“Əvvəllər hadisə yerinə gedən maşınlar - avtoçən və avtonasoslu olurdu. Avtonasoslu maşınlarda su olmurdu. Yanğınsöndürənlər gəlib, avadanlıqlar hazırlananda həmin maşından su gəlmədiyini görən insanlarda belə düşüncə yaranırdı ki, “yanğınsöndürənin suyu yoxdur”. Artıq həmin maşınlar dəyişdirilib və indi bütün maşınların su tutumları çox olan avtomobillərdir. Yanğın yerinə cəlb olunan digər maşınlar xüsusi təyinatlıdır və onlar xilasetmə və digər işlərin aparılmasında istifadə olunur. Bəzən insanlar maşındakı suyun qurtarmasından narazılıq edirlər. Lakin bu, qeyri-adi hal deyil, maşınlardakı çənlər 9 tona qədər su tutur, yanğın ərazisi geniş olanda bir maşında su qurtara bilir. Buna görə də, hər hadisə yerinə bir neçə maşın göndərilir”.

Bəzi günlər hissədə heç bir yanğın müraciəti qeydə alınmasa da, yanğınsöndürənlərin yemək yeməyə belə imkan tapmadığı günlər də olur. Bundan başqa, hadisə ilə bağlı yanlış ünvan verənlər də az deyil. Bu da briqadanın hadisə yerinə vaxtında çatmasına mane olur.

Az qala boğulurdum

Z.Əlisgəndərov bizi yanğınsöndürən maşınlarla tanış edərkən, yanğınğınsöndürmə növbəsinin rəisi Zöhrab Eyvazovla söhbət etmək imkanımız oldu.

15 ildir yanğınsöndürməklə məşğul olan Z.Eyvazov işə adi işçi kimi qəbul olub, hazırda növbə rəisidir. O, bu illər ərzində qarşılaşdıqlarıçətinliklərdən danışdı:

“Bəzən yatdığımız yerdə həyəcan siqnalı verilir. Növbə rəisi olaraq bütün briqadanın məsuliyyətini daşıyıram. Hadisə yerində problem olmaması üçün yol boyunca yenə də onlara müvafiq təlimatlar verirəm. Bəzən yanğınsöndürmə zamanı insanların təxliyəsi üçün xüsusi geyim geyindirməli oluruq. Yaşlılar həvəslə geyinsələr də, gənclər həmin paltarı geyinməkdə tərəddüd edirlər. Digər çətinliyimiz tıxaclarla bağlı olur. Bundan başqa, ilk işə başlayanlarda təcrübəsizliyə görə müəyyən çətinliklər olur. Mən ilk vaxtlar işə başlayanda yanmış insan görəndə özümü pis hiss edirdim. Bir dəfə də deyilən vaxtdan çox hadisə yerində qaldığıma görə az qala boğulacaqdım... Hər bir hadisəyə psixoloq kimi yanaşmalı və diqqətli olmalıyıq. İşə başlayan kimi ərazidə dəqiq kəşfiyyatın aparılması mütləqdir”.

Ev sahiblərinin lazımsız müdaxiləsi

Əlbəttə, ev sahibləri də yanğınsöndürənlərin işinə az mane olmur. Onlar yanğınsöndürənin işinə müdaxilə edir, özlərinə lazım olan sahəni söndürmələrini məsləhət görürlər. Bəziləri sözlə müdaxilə bir yana, şlanqı açıb istədikləri yeri söndürməyə çalışırlar. Evdə qiymətli əşyası qaldığını əsas gətirib, qadağan olunmuş sahəyə zorla daxil olmaq istəyənlər də az deyil. Yanğınsöndürənlər onları başa düşsə də, bu amillər onların işinə mane olur.

İnsanlar və tıxacdan başqa, hava şəraiti də onların maneə yarada bilir. Yanğınsöndürən isə hər an hər bir hadisəyə hazır olmalıdır. Qış vaxtı küləkli,yağışlı havada damda, hündürmərtəbəli binada işləmək heç də asan deyil. Yayda qızmar günəş altında yüksək temperaturda yanğını söndürmək də yüksək fiziki və psixoloji hazırlıq tələb edir. Bizimlə söhbət edən əməkdaşlar iki dəqiqə sonra həyəcan siqnalı veriləndən sonra hansı şəraitdə olacaqlarındanxəbərsizdirlər. Eləcə də, hadisə yerinə gedən bütün heyətin sağ-salamat dönməməsi də istisna edilmir. Çünki onlar ən çətin şəraitdə ən təhlükəli işlərdən birini həyata keçirirlər. Bir çox hallarda insanların həyatını xilas etmək üçün öz həyatlarını təhlükə altına atırlar.

İşlərinin çətinliyi və gərginliyinə baxmayaraq, istər dispetçer məntəqəsi, istərsə də Səbail rayonunda əməkdaşlar bizi gülərüz və mehribanlıqla qarşıladılar. İşləri barədə bütün suallarımıza səbirlə, ətraflı cavab verdilər.

Elə bizimlə söhbət zamanı daxil olan zəngdən bir dəqiqə sonra əməkdaşlar hazırlanıb hadisə yerinə getdilər. Tanımadıqları şəxslərin həyatını xilas etmək üçün.

Gülxar Şərif

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm