Deputat köməksiz qadına əl tutdu
Bizi izləyin

Qırmızı.az

Deputat köməksiz qadına əl tutdu

ATV-də yayımlanan "Səni axtarıram" verilişindən tamaşaçılara yaxşı tanış olan Hacıyeva İradə Hacı qızına yardım edən tapıldı. İmksansızlıqdan və evsizlikdən əziyyət çəkən qadına torpaq və ev təklif edilib.

Əslən Bakının Bilgəh qəsəbəsindən olan İradə Hacıyevaya kömək etmək üçün qəsəbə ağsaqqalları millət vəkili Qalib Salahzadənin yanında olublar. Bildirilib ki, anası Bilgəhdən olan və çox hörmətli nəslin nümayəndəsi sayılan İ.Hacıyevanın köməksiz halda buraxılması qəsəbəyə başucalığı gətirmir. Bunu nəzərə alaraq millət vəkili şəxsi mülkündən İradə Hacıyevaya 8 sot torpaq sahəsi təklif edib. Q.Salahzadə həmin torpaq sahəsində 2 otaqlı evin tikilməsinə köməklik göstərəcəyinə də söz verib.

Millət vəkili Teleqraf.com-a bildirib ki, İ.Hacıyava istədiyi vaxt təklif olunan torpaq sahəsinə sahiblənə bilər: "İradə xanımın atası Qaxdan, anası isə Bilgəhdəndir. Adlı-sanlı nəslin nümayəndəsidir. İndi həyat onu çıxılmaz duruma salıb. Çoxları düşdüyü duruma görə, onu ittiham edir. Amma mən fərqli düşünürəm. Hesab edirəm ki, belə vəziyyətdə ona yardım əli uzatmaq həm deputat, həm də vətəndaş olaraq borcumdur".

Qeyd edək ki, İ.Hacıyeva təqribən 40 il öncə Bakını tərk edib və Rusiyada yaşayıb. O, son illər Rusiyada parklarda yaşayırmış. Qadının Rusiyada bacısı, Bakıda isə qardaşı var. Amma ona sahib çıxan, əl tutan yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm