Metroda ticarət köşkləri bərpa olunur
Bizi izləyin

Qırmızı.az

Metroda ticarət köşkləri bərpa olunur

“Bakı Metropoliteni”nin bəzi stansiyalarında ticarət köşkləri bərpa edilə bilər. Lakin onlar əvvəlki köşklər kimi olmayacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında köşklərin bərpa olunmasını təsdiqləyib, lakin yeni köşklərdə satılan məhsulların çeşidinə bəzi tələblərin olacağını deyib:

“Əvvəlki kimi keçidlərdə, vestibüllərdə paltarların satışı mümkün olmayacaq. Bu obyektlərdə gül, kitab və bu kimi məhsulların satılmasına icazə veriləcək. Lakin hansı məhsulların satılması ilə bağlı yekun qərar verilməyib”.

Ticarətin hansı stansiyalarda bərpa olunmasına gəlincə, N.Paşayev sərnişinlərin hərəkətinə mane olmayan keçidlərdən istifadə ediləcəyini deyib:

“Əvvəllər metroda ticarətlə məşğul olan şəxslər satışın bərpa olunması üçün müraciət edirlər. Lakin biz hər kəsə müsbət cavab verə bilmirik. Ticarət obyektləri sərnişinlərin hərəkət və təhlükəsizliyinə maneə yaratmamalıdır. Hazırda “Koroğlu” stansiyasında bu cür obyektlər üçün imkan var, orada satışa icazə verilib. Həmin stansiya tikiləndə məhz bu məqsədlə obyektlər üçün yer tikilmişdi, satış da məhz həmin ərazilərdə həyata keçiriləcək”.

O, digər stansiyalarda bu obyektlərin bərpa edilməsinə də münasibət bildirib:

“Bundan sonra heç bir stansiyada bu cür obyektlərin tikintisi olmayacaq. Yalnız mövcud obyektlərin icarəsi mümkündür. Hansı stansiyada ayrıca obyekt üçün yer varsa, orada ticarətə icazə veriləcək. Digər stansiyalarda bu imkan yoxdur. Yeni tikilən stansiyalarda bu cür obyektlər üçün ayrıca tikinti aparılmayıb. Çünki bizim əsas işimiz sərnişindaşımadır. Bu satışlar da qanun çərçivəsində, müqavilə ilə həyata keçiriləcək. Amma hər kəs istədiyi məhsulu sata bilməyəcək”.

Qeyd edək ki, Bakı Metropoliteni” QSC-yə Zaur Hüseynov rəhbər vəzifəyə təyin ediləndən sonra ticarət obyektləri ləğv edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm