Qırmızı.az
“Tarixi yaddaşsızlıq manqurtluqdur” - BRİFİNQ
Professor, tarix elmləri doktoru Kərim Şükürov “Brifinq”in qonağıdır. Kərim müəllimdən əvvəlcə tarixçilərin mediadakı tarixi mövzulara dair müzakirələrdə passivliyinə aydınlıq gətirməsini istədik. Daha çox qeyri-peşəkarların müzakirələrə can atmasının səbəbləri barədə suallar ünvanladıq. K.Şükürov Babəkin kimliyi haqda son zamanlar yaranan mübahisə və iddialara faktlarla izah verdi. O, tarixi mövzularda teatrlarımızda qoyulan tamaşalar barədə də fikirlərini bölüşdü.
Dilqəm Əhməd: Kərim müəllim, mediada tarixi mövzular
dartışılanda mətbuat orqanlarına açıq bir neçə tarixçi istisna
olmaqla fikirlərini dinləməyə ekspert tapa bilmirik. Tarixçilər
mətbuatdan uzaq gəzir, yoxsa günah bizdədir, onları dəvət
etmirik?
- Mediaya açıq peşə sahiblərindən biri tarixçilərdir. Media ilə
konkret vaxtda əlaqədə olmaq imkanı məhdud olan tarixçilər də ola
bilər. Amma tarixi tədqiqatların əsas istiqamətlərindən biri də
tarixin populyarlaşdırılması, geniş xalq kütləsinə çatdırılmasıdır.
Bu da işlərimizdən biridir.
D.Əhməd: Deyilənə görə, tarix tarixçilərin öhdəsinə
buraxılmayacaq qədər daha böyük sahədir. Gündəmdə olan tarixi
mövzulara daha çox ixtisasca tarixçi olmayan insanlar münasibət
bildirir. Tarix barədə hər kəs danışa bilərmi, yoxsa sırf peşəkar
yanaşma labüddür?
- Gərək burada bir məsələni dəqiqləşdirək: tarix nədir, tarixçi
kimdir? Bu suallar cavab tələb edir. Məsələn, mən 1977-ci ildə Bakı
Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. O zamandan
tarix sahəsində çalışmağa başlamışam. Adətən, belə hesab edirdik
ki, tarix sırf elmdir. Amma tarixə baxanda fərqli məqamlar çox
olub. Qədim yunanlar tarixi incəsənətin bir sahəsi hesab edirdilər.
Elm insanın idrakı, incəsənət isə hissləri ilə bağlıdır. Tarix də
yüz faiz elm hesab olunurdu, amma zaman keçdikcə məndə belə bir
fikir əmələ gəldi ki, biz bilik və fəaliyyət sahəsi olaraq tarixə
baxışımızı dəyişməliyik. Tarix həm elmin, həm incəsənətin çox mühüm
xüsusiyyətlərini özündə birləşdirir. Tarixi mövzulardan
danışılmasına gəlincə, hamı tarixdən danışmağı sevir. İnsanlar
tarix barədə müəyyən fikirlərini söyləyə bilərlər. Çox təəssüf ki,
bu fikirlər bəzən elmi qaynaqlara əsaslanmır, təsadüfi və insanın
bir anlıq düşüncəsinin məhsulu olur. Amma tarix sahəsində də
professionallıq var. Çoxları hesab edir ki, tarix qədim elmdir.
Lakin burada yanlışlıq var. Tarixin atası adlandırılan Herodot
eradan əvvəl V əsrdə yaşayıb, amma fəaliyyət sahəsi kimi tarix XIX
əsrdə universitet elminə çevrilməyə başlayır, o zamandan peşəyə
çevrilir. Peşənin də əsas xüsusiyyəti odur ki, insan həyati
təminatını o sahədən əldə edir. Tarixdə də peşəkarlar var. Peşəkar
tarixçiləri dinləmək, peşəkar tarixçilərin əsərlərini oxumaq daha
yaxşı olar Tarixə son dövrdə . bir az məsuliyyətsiz baxış
mövcuddur. İnsan fikir söyləyə bilər, amma məsələnin qəbuledilməz
tərəfi odur ki, insanlar fikirləşir ki, doğru olan o deyəndir. Bax,
bununla razılaşmaq olmaz.
“BDU-da ilk mühazirə də tarixdən olub”
Səxavət Həmid: Həm peşəkar tarixçi qismində, həm də
tarixə məsuliyyətsiz yanaşan şəxslər kimi kimlərin adlarını
sadalamaq olar?
- Söhbət Azərbaycandan gedirsə, BDU 1919-cu ildə açılıb və bəlkə
də, çox adam bunu bilmir, ilk mühazirə də tarixdən olub. O zaman
professor Dubrovski birinci mühazirəni ümumi tarixdən oxuyub. O
dövrdən başlayaraq Azərbaycanda tarix universitet fakültəsinə
çevrilir və peşəkar tarixçilər yetişdirilir. Məndən soruşsanız,
deyərəm ki, bizim tarix məktəbimizin müəyyən problemləri vardır.
Dünya miqyasında tarixçilərin ayrı-ayrı məktəbləri var. Bu
məktəblər toplu olaraq ölkə tarix məktəbini formalaşdırır. Bizdə də
tarix məktəblərinin formalaşdırılması istiqamətində işlərə diqqət
artırılmalıdır. Görkəmli tarixçilərimizdən xüsusi professionallığı
ilə fərqlənən Ziya Bünyadov tarixçilik etalonu hesab oluna bilər.
XIX əsr, XX əsrin əvvəlləri düzdür, indi o dövrdə yazılanlar tənqid
olunur, Əlisöhbət Sumbatzadəni çox görkəmli tarixçi hesab edirəm.
XIII-XIV əsrlər tariximizi öyrənən akademik Əbdülkərim Əlizadə
olub. IX-XI əsr tarixi üzrə Məmmədəli Şəriflinin monoqrafiyası
stolüstü kitabımız hesab olunur və s. Sovet dövründə sovet
ideologiyası ilə yazan tarixçilər olub. İdeoloji qəlibləri çıxandan
sonra onların topladıqları materiallar, əslində, indi də elmi dəyər
təşkil edir. Müasir dövrdə də çox güclü tarixçilər var. Amma
peşəkar tarixçilərin işləri axtarışlar aparmaq, arxivlərdə tarixi
qaynaqları öyrənməkdir. Bəzi adamlar var ki, onların əməyinin
nəticəsindən istifadə edib ortaya çıxırlar. Bu hallar tarixçilik
sahəsində var. Son dövrdə tarixi romanistika güclənməyə başlayıb.
Bizim filmlərə fikir vermisiniz, daha çox tarixi filmlər çəkilir.
Gürcü kinematoqrafiyası ilə müqayisədə onlar, adətən, yaşadıqları
dövrün mühüm sosial və siyasi problemləri ilə bağlı daha çox
dramatik məsələlərə fikir veriblər. Bizimkilər isə filmlərdə tarixi
mövzulara diqqət yetirib. Hesab edirəm ki, burada iki səbəb ola
bilər: müasir dövrün problemlərindən yayınmaq; o tarixi problem
vasitəsilə müasir dövrün problemlərini ortaya qoymaq.
“Müasir dövrdə normal tarixi roman görməmişəm”
Nərmin Muradova: Sizcə, yaxşı hal
deyil?
- Biz heç kimin fikrinə pis və ya yaxşı deyə bilmərik. Onlar belə
hesab edirsə, belədir. Düşünürəm ki, tarixi filmlər müasir dövrdən
nəyisə demək üçün vasitə olmamalıdır. Tarixi mövzuda çəkilən film
ona görə çəkilməlidir ki, məhz tarixi problemi ortaya qoysun,
tarixi əks etdirsin. Tarixə gedib müasir dövrlə nəyisə deməkdənsə,
müasir dövrün problemlərindən film çəkmək daha yaxşı olar. Müasir
dövrdə tarixi roman və povestlər yazan müəlliflərimiz var. Açığı,
onların içərisində normal tarixi roman görmədim. Bəzi əsərlərin
televiziyada müzakirələri keçiriləndə gedib iştirak etmirəm. Çünki
o əsərlər oxucunun da zövqünü korlayır, tarixi faktlar haqda
anlayışa böyük ziyan vurur.
N.Muradova: Akademik Milli Dram Teatrında son illər
tarixi mövzularda bir neçə tamaşa oldu. “Şah Qacar”, “Əmir Teymur”,
“Nadir Şah” tamaşaları qoyuldu. Tarixi tamaşalara
baxırsınız?
- Tarixi tamaşalara baxıram. Bir tamaşanı xüsusi qeyd eləmək
istəyirəm, tarixi baxımdan ən güclü Hüseyn Cavidin “Topal Teymur”
əsəridir. Tamaşanın televiziya versiyası çox güclüdür. Əsərin
özünün konsepsiyası var. Nəriman Nərimanovun “Nadir Şah” dramı var.
Burada məsələ tarixi həqiqəti çatdırmaq yox, müəyyən bir siyasi
məsələləri göstərmək olub. O, “Nadir Şah” pyesini yazmaqla
göstərmək istəyirdi ki, şahları necə devirmək olar, yəni müəyyən
ideologiyaya xidmət edirdi. “Azdrama”dakı tarixi tamaşaları, istər
Qarabağ, istər Atabəylərlə bağlı əsərləri çox da güclü hesab
etmirəm.
“Azərbaycanda tarixçi kadrlar doğru metodlarla hazırlanmır”
Qurban Yaquboğlu: Bizim cəmiyyət və xalq olaraq
tarixi qəhrəmanlara münasibətimiz hansı kontekstdən
formalaşmalıdır: tarixi faktlar əsasında, yoxsa xalqın mənafeyi
nəzərə alınmalıdır? Yəni qəhrəmanımızdır deyə onu tərənnüm
etməliyik? Yaxud tarixi fakta önəm verməliyik?
- Elə məsələlər var ki, ona birmənalı cavab verməyin özü çox çətin
olur. Burada iki məsələ vəhdətdə olmalıdır: tarixin faktı özü və
xalqın fakta münasibəti. Bəzən görürsən ki, faktdan çıxış edib bir
insanı ideallaşdırıb qəhrəmanlaşdırırlar. Qəhrəmanlara gələk, Sovet
dövründə kəndli və qaçaq hərəkatının rəhbərləri, inqilabçılar
ideallaşdırılıb, onların adına küçələr qoyulub. Onlara indi bizim
münasibətimiz necədir? Tarixin fəlsəfəsi adlı xüsusi sahə var ki,
bu, bizdə yox dərəcədədir. Universitetlərdə tədris olunan tarixçi
təhsili müasir standarta cavab vermir. Bütün ali məktəblərdə, demək
olar ki, tarix ixtisası var. Bunların da hamısı yanlış yoldadır.
Bir fakültədə tarixin fəlsəfəsi keçilmir. Azərbaycanda tarixçi
kadrlar doğru metodlarla hazırlanmır. Tarixi yaddaş problemi var.
Tarixi yaddaşın olmaması da problemdir, mövcud tarixi yaddaşın
spesifik xüsusiyyəti də problemdir. Məsələn, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ konfliktində tarixi yaddaş çox böyük rol oynayır.
ATƏT-in Minsk Qrupunun üzvləri təklif edirlər ki, gəlin problemi
həll etmək üçün tarixi bir tərəfə qoyaq, tarixi yaddaş bizə mane
olur. Azərbaycanın da bir sıra siyasətçiləri də bunlarla razılaşır,
deyirlər, düz deyirsiniz, tarix bizə mane olur. Onu kənara qoyub
digər göstəricilərdən çıxış edərək problemi həll etməyə çalışaq.
Amma zənnimcə, bu, yanlış məsələdir. Biz tarixi yaddaşı bir kənara
qoyaraq problemi həll edə bilmərik. Çünki tarixi yaddaşı unutmaq
manqurtluğa gətirib çıxarır. Tarixin çox kəskin dəyişmələr dövründə
tarixi yaddaşa xüsusilə ehtiyac artır. 1980-ci illərdə bizdə bu
ehtiyac yarandı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun
liderlərinin həyatına xüsusi maraq meydana gəldi. Bunlar vasitəsilə
özümüzü dərketmədə yeni istiqamət yaratmağa çalışdıq. Lakin müəyyən
dövrdən sonra bu unudulmaz tarix də siyasiləşdirildi. AXC
liderlərini “bizimkilər” və “sizinkilərə” bölüblər. Siyasiləşmədən
uzaqlaşmalıyıq. Tarix siyasiləşməyə meylli sahə olduğuna görə bəzən
siyasətin qurbanına çevrilir.
Taleh Şahsuvarlı: Bizim milli kimliyimizlə bağlı
məsələ qaranlıq qalan məsələlərdəndir. Biz türklər Azərbaycana nə
vaxt gəlmişik?
- VII cildlik “Azərbaycan tarixi” adlı akademik nəşrimiz var. Amma
orada çoxlu çatışmazlıqlar mövcuddur. Əslində, dünyada qəbul
olunmuş qaydaya görə bu nəşr bizi tarix sahəsində düşündürən bütün
fundamental suallara cavab verməlidir. VII cildlik bizim bir çox
fundamental suallarımıza cavab vermir. Bunlardan biri də dediyiniz
məsələdir. Suala anlaşıqlı cavab yoxdur. Əvəzində bu sahədəki
konsepsiyalara müraciət olunur. Amma konsepsiyalardan yekun nəticə
çıxmır. Bu məsələ bizim opponentlərimizə əsas verir ki, onlar
tariximiz haqda yanlış fikir söyləsinlər. Erməni tarixçiliyini
izləsəniz, xüsusilə son dövr Azərbaycan tarixi, kimliyimizə dair
çoxlu kitablar yazıblar. Professional nöqteyi-nəzərdən deyirəm ki,
onlar məsələni tamamilə yanlış qoyurlar. Elmi cəhətdən düzgün
qoysaydılar, başqa elmi münasibət bildirərdik. Konkret türklərin
Azərbaycana gəlməsi ilə bağlı əlimizdə olan qaynaqlar əsasında qeyd
etmək olar ki, yerli əhalinin içərisində müəyyən qrup türk əhali
olub, sonrakı müxtəlif dövrlərdə miqrasiyalar baş verib. IV-V
əsrdən türk tayfalarının kütləvi miqrasiyası olub. Sonrakı dövrdə
ən güclü miqrasiya XI əsrin müəyyən dövründə səlcuqlarla bağlıdır.
Növbəti miqrasiya monqollar dövründə XIII-XIV əsrdə olub. Biz bəzən
Monqol imperiyası deyirik, əslinə qalsa, monqollar Uzaq Şərqdən
yürüşə başlayanda yol boyu türklərlə daim təmasda olub və birlikdə
hərəkət edib. Bunlar da Azərbaycanda qovuşmağa başlayıb. Azərbaycan
xalqının formalaşmasına gəlincə, xalqı xalq edən onun kimliyidir.
Bu məsələdə xüsusən VII-VIII əsrlərdə Azərbaycanda baş verən
hadisələrə, xüsusilə İslam dinini yayılmasına fikir verməliyik.
İslam dini vasitəsilə mənəvi birlik meydana gəlir. İslam dininə
qədər bizdə dini ayrılıq vardı. Hesab edirəm ki, VIII və IX əsrdə
Azərbaycan xalqının formalaşması üçün zəruri şərait olub.
Səlcuqların gəlişi bu xalqı daha da möhkəmləndirib və onu Cənubi
Qafqazda əsas aparıcı etnoslardan birinə çevirib.
“Azərbaycan tarixini dərk etmək çox mürəkkəb işdir”
Nərgiz Ehlamqızı: Deputat Fazil Mustafa da deyir ki,
Azərbaycan adında dövlət 1918-ci ildə yaranıb. Bu fikrə
münasibətiniz necədir?
- Hazırda dünyada məlumat-soraq kitablarında 240-a qədər ölkə, 3
mindən çox millət və xalq adı var. Bunların içində Azərbaycan
tarixi qədər mürəkkəb, ziddiyyətli və eyni zamanda, zəngin və
şərəfli tarix yoxdur. Digər ölkə və xalqlarla müqayisədə Azərbaycan
tarixini dərk etmək çox mürəkkəbdir və burada daha çox hazırlıqlı
olmağa ehtiyac vardır. Bu tarixi dərk etmək üçün tariximizin özünün
fəlsəfəsini bilmək lazımdır. Problemimiz nədədir? Bunu anlamayan
insanlar bir neçə faktın əsasında belə fikirlər söyləyirlər.
“Adında Azərbaycan sözü olan ilk Azərbaycan dövləti AXC-dir” fikri
zahirən doğrudur. Amma məsələnin mahiyyəti başqadır axı. Əvvəla,
dünya xalqlarında necədir, Azərbaycanda nə üçün belə olub?
Analogiyalar aparım, Mustafa Kamal Atatürk 1923-cü ilə Türkiyə
Cümhuriyyəti elan edənədək Türkiyə adlı dövlət vardı? Bu dövlətin
adına Bab-ı-Ali, yaxud Avropada Ottoman imperiyası deyilirdi. İran
tarixinə baxaq, İran sözünün rəsmən dövlətin adına şamil edilməsi
1935-ci ildə olub. Mənim, ümumiyyətlə, qəbul etmədiyim məsələ var,
ölkənin adını xüsusi müzakirə obyektinə çevirmək olmaz.
"Azərbaycan" sözünün bizdə azı 10 cür izahı var. Bir fikir budur
ki, Atropatın adı ilə meydana gəlib, ikinci yayılmış fikir odur ki,
odlar yurdu olub, bununla da yaranıb. Oturaq fikirləşək, bu
yanaşmanın nəyində bir problem var? Görün, Azərbaycan adını necə
izah edirlər: “Az” adlı, igid, ər tayfaların məskun olduğu yer.
Məsələni bu qədər mürəkkəbləşdirirlər, həqiqəti ortaya çıxarmaq çox
çətin olur. Ümumxalq düşüncəsində ölkənin adı dediyimiz şəkildə
qəbul olunur. Vətənimizin ərazisi Azərbaycandır. Çox mühüm bir sual
ortaya çıxır və müzakirəyə də çevrilir: burada olan dövlətlər hansı
dövlətlərdir? Hesab aparsaq, Azərbaycanda 40-dan çox dövlətin
tarixi çuğlaşır. 20-yə qədər dövlət azərbaycanlıların yaratdığı
dövlətdir, 20 dövlət isə dövrün ən böyük imperiyaları idi və işğal
prosesində Azərbaycanı da tuturdular. Məsələn, Sasanilər, yaxud
Ərəb Xilafəti Azərbaycanı tuturdu, onun tərkib hissəsinə
çevrilirdi. Və Azərbaycan torpaqları iqtisadi, siyasi, coğrafi
cəhətdən həmin imperiyaların ən aparıcı hissəsi olurdu.
T.Şahsuvarlı: Dediyiniz dövlətlərin içərisində
Babəkin dövləti də var idimi?
- Babəklə bağlı müzakirələri izləyirəm, bayaq da qeyd etdim, hər
bir şəxs fikir söyləyə bilər. Buna etiraz da etmirik. Çünki Sovet
dövründə uzun müddət vahid fikir, ideologiya bizə mane olub. İndi
müxtəlif fikirlilik var. Müxtəlif fikirliliyin ziyanlı cəhəti odur
ki, fikir söyləyən adamlar professionallıqdan uzaq olurlar. Tarix
elminin Babək, Xürrəmilər hərəkatında son sözü Səid Nəfisinin
“Azərbaycan qəhrəmanı Babək Xürrəmdin” və Ziya Bünyadovun
“Azərbaycan VII-IX əsrlər” kitabıdır. Ziya Bünyadov BDU-nun tarix
fakültəsinin tələbə və müəllimləri ilə görüşürdü, orada çox gözəl
söz dedi. Söylədi ki, mən çox kitablar yazmışam, amma VII-IX əsrlər
kitabı mənim həyat kitabımdır. O kitabdakı fikirlərlə sonrakı
dövrdə də razılaşırdı. Azərbaycan tarixşünaslığının Babək haqda son
fikri qeyd etdiyim bu iki əsərdədir. Görürəm ki, son dövrdə Babək
haqqında ərəb qaynaqlarına müraciət olunur. Amma ərəb qaynaqlarının
Babək haqda fikirlərinə tam inanmaq olarmı? Babək kimə qarşı
mübarizə aparırdı? Ərəb Xilafətinə qarşı. Tarixçilər də xilafətin
rəsmi tarixçiləri idi. Ona görə də oradakı fikirlər tənqidi yanaşma
hesab edilir. Babəkin dövlət rəhbəri olması fikrinə gəlirəm,
qaynaqların hamısını oxuyanda bizdə belə bir fikir yaranır: Babək
20 il ərzində 816-cı ildən 837-ci ilədək mübarizə aparır. Buradan
məntiqi nəticə çıxır. Kiminsə fikrimlə razılaşıb-razılaşmaması üçün
demirəm, tarixi faktlara əsaslanıram. Babəkin dövlət qurması üçün
ideoloji platforması varmı? Var, xürrəmilik, xüsusi bir baxışlar
sistemidir. 20 il mübarizə aparıb, onun mübarizə apardığı müəyyən
coğrafi ərazi məlumdur, mərkəzi var - Bəzz qalasıdır. Çünki bu
qalanın süqutu bu hərəkatın başa çatması ilə olur. Babək dövründəki
hərbi əməliyyatlara nəzər salaq, strategiyası, taktikası var, bu
qədər qoşunu bir yerə yığıb idarə etmək, hərbi nöqteyi-nəzərdən
təmin etmək və s. var. Burada dövlətin bütün əlamətləri var.
T.Şahsuvarlı: Diplomatik yazışmaları da
var...
- Bəli, Bizans imperatoru ilə yazışması var. Biz universitetdə
oxuyanda müəllimimiz vardı. Məmməd Azərlini xüsusi xatırlamaq
istəyirəm, Səid Nəfisinin kitabı Azərbaycan dilində tərcümə
olunmuşdu, çox məhdud sayda idi. O, həmin kitabı gətirmişdi və ərəb
tarixçilərinin tendensiyalı fikirlərini bir-bir açıb izah edirdi.
Babək yazmışdı ki, xəlifə öz aşpaz və dərzisini mənim üzərimə
göndərib. Əgər sən ikinci cəbhə açsan, onda xilafət üzərində qalib
gələ bilərik.
“Ərəb qaynaqlarının əsas məqsədi Babəkin şəxsiyyətini alçaltmaq olub”
Q.Yaquboğlu: Babəkin etnik kimliyi barədə də tez-tez
müzakirə aparırlar...
- Tarixçilikdə belə bir şey var, biz tarixi mühazirələrin bütün
dövrlərini oxuyuruq, amma hər birimizin bir tədqiqat sahəsi olur
ki, onu arxivi, qaynaqları ilə öyrənirik. Bu dövrdə professional
tarixçimiz Ziya Bünyadovdur. Həmçinin Səid Nəfisinin tədqiqatı var.
Ərəb qaynaqlarının əsas məqsədi Babəkin şəxsiyyətini alçaldıb
təhqir etmək olub. Ərəb xilafəti o zaman faktiki olaraq dünyanın
sahibi idi. Bunlar sübut etmək istəyirdi ki, Babək kimdir ki, Ərəb
xilafətinə qarşı mübarizə aparsın. Anası haqda yazırdılar ki, kor
olub, dünyanın ən çirkin qadını idi. Biz hesab edirik ki, qaynaqlar
bunun hamısını saxtalaşdırıb. Babək etnik cəhətdən də
azərbaycanlıdır.
“Səfəvilər dövlətində aparıcı yeri türk tayfaları tutub”
D.Əhməd: Səfəvilər dövlətinin İran dövləti olduğu
barədə iddialar var. Bu iddialara cavab olaraq fikirləriniz
necədir?
- Bu sahədə əsas monoqrafik tədqiqat Oqtay Əfəndiyevin “Azərbaycan
Səfəvi dövləti XVI əsr” kitabıdır. O zamankı baxış birmənalı
şəkildə belə idi ki, Səfəvi dövləti elə İran dövlətidir. Amma
kitabın adı da çox önəmlidir. Sovet dövrünün ən gərgin çağlarında,
ideologiyanın bütün sferalara hopduğu anda tarixçi kitabına
“Azərbaycan Səfəvi dövləti XVI əsrdə” adını qoyub. Kitabda
məsələnin qoyuluşu belə idi ki, Şah Abbasa qədər dövlət Azərbaycan
dövləti olur. Lakin Şah Abbas islahatlar keçirir, paytaxtı İsfahana
dəyişir və o zaman Osmanlı-Səfəvi müharibələri gedirdi, növbəti
müharibədə 1590-cı il müqaviləsi ilə Azərbaycan torpaqları Osmanlı
dövlətinə keçir. Belə bir fikir irəli sürülürdü ki, XVI əsrin
sonlarına qədər Azərbaycan dövlətidir, XVI əsrin sonlarından isə
elə bir proses gedir və bu, İran dövlətinə çevrilir. Hazırda
Azərbaycan tarixşünaslığında fikir belə qoyulur ki, biz elə
əvvəldən dövlətin yaranmasından 1501-ci ildən sonadək 1736-cı
ilədək Azərbaycan dövləti kimi baxmalıyıq. Azərbaycan dövlətinin
xüsusiyyəti ondan ibarətdir ki, burada yaşayan bir sıra xalqlar
dövlətin idarə edilməsi və möhkəmləndirilməsində iştirak edib. Amma
dövlətdə aparıcı yeri Azərbaycan, türk tayfaları tutub. Səfəvilərin
Azərbaycan dövləti olmasını təsdiqləyən birinci fikir odur ki,
İsmayıl mübarizəsinin əvvəllərində Şirvana hücum edir, Gülüstan
qalasını mühasirəyə alır. Mühasirə uzanır. O zaman İsmayılın məşhur
ifadəsi var. İsmayıl sual edir: Sizə nə lazımdır, Azərbaycan
taxt-tacı yoxsa, Gülüstan qalası? Yəni bunun kredosu nədir?
Azərbaycan taxt-tacı. Təbriz tutulur, mərkəz olur. İkinci məsələ
Azərbaycan dili ilə bağlı olub. Üçüncüsü isə dövlətin ilkin
yaranması prosesində, xüsusilə 1501-1503-cü illərdə əsas torpaqlar
genişlənəndə torpaqda yaşayanların kimlər olduğu ilə çıxış
etməyimiz əsas verir ki, Səfəvilərə Azərbaycan dövləti deyək. Biz
Azərbaycan dövləti kimi baxırıq. Şah İsmayılın əsərlərini də
oxuyanda bu, aydın olur. Bu arada onun da etnik kimliyi bəzən şübhə
altına alınır. Fikir verirsinizmi, Azərbaycan tarixində çox oxşar
şeylər meydana çıxır. Babək, Şah İsmayılla bağlı etnik kimliyi ilə
bağlı suallar indiki dövrə qədər davam edir. Tariximizlə bağlı eyni
iddialar səslənir.
N.Ehlamqızı: Milli Məclisin tribunasından çıxış
etmək istəmirsiniz? Bu il parlament seçkiləri ilidir,
namizədliyinizi verməyi düşünürsünüz?
- Mənim özüm şəxsi təşəbbüs irəli sürmək istəmirəm, amma seçicilər
tərəfindən belə bir təşəbbüs olsa, qəbul edərəm.
T.Şahsuvarlı: Övladlarınız yolunuzu davam
etdirdi?
- Yox, üç qızım var, iki qızım ailə həyatı qurub, hər qızımın 2
övladı var. Böyük qızım BDU-nun jurnalistika fakültəsini bitirib,
magistr təhsili də var. Ortancıl qızım biologiya fakültəsinin
bakalavr və magistr üzrə oxuyub. Kiçik qızımın ixtisası
kulturologiyadır, Mədəniyyət və İncəsənət Universitetinin kino
tarixi üzrə magistrantıdır.
Sonda icazənizlə bir məsələyə xüsusi toxunmaq istərdim. Biz qısa
bir vaxt ərzində Azərbaycan tarixinin bəzi problemlərindən bəhs
etməyə çalışdıq. Bir daha aydın oldu ki, bizim üçün Vətənimizin
tarixinin ən mühüm dövrlərini, tarixi inkişafının aparıcı
istiqamətini bilmək necə də vacibdir. Azərbaycanın yenidən
müstəqillik əldə etməsi nəticəsində həyatımızda yaranan yeni
mərhələ tariximizin aktuallığını daha da artırır. Açığı deyim ki,
belə bir şəraitdə Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən
Azərbaycan tarixinin buraxılış imtahanları sırasına daxil etməməsi
yalnız təəssüf yaradır.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı