Qırmızı.az
Qorxmaz Hüseynov içməli su təminatından danışdı
“Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı
infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı
və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur.
Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən
sosial-iqtisadi inkişaf strategiyası regionların dinamik inkişafını
sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan
vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət
etmişdir”.
Publika.az-ın məlumatına görə, bunu yanvarın 27-də Prezident İlham
Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına
həsr olunan konfransda çıxışı zamanı “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.
Q.Hüseynov deyib ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata
keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində
işlər davam etdirilir: “Ötən dövrdə dövlət investisiyaları və
beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər
hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra
olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə
davam etdirilir.
Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su
ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə
mərkəzləşdirilmiş qaydada su alanlardır.
Möhtərəm Prezident, xüsusi vurğulamaq istəyirəm ki, memarı ulu
öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron
yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi
regionların problemlərinin həllinə də imkan vermişdir. Belə ki, bu
kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan
Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran
və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki proqramın icrası
dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici
qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və
Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir.
Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121
kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur”.
Onun sözlərinə görə, 2014-cü ildə həyata keçirilən ən böyük layihə
Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə
qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur: “Diametri
810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası
8 aya başa çatdırılmışdır. Cənab Prezident, Sizin iştirakınızla
ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi
mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə də suyun
verilməsi təmin edilmişdir. Kəmərlə ötürüləcək suyun həcmi
perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28
kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min,
Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının
ödənilməsinə imkan verəcəkdir.
Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq
planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində
də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı
mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində
Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr
kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş,
şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə
yekunlaşmışdır.
Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və
məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun
tikintisinin birinci mərhələsi may ayına qədər başa
çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su
təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam
etdiriləcəkdir.
2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa
çatdırılmış, 4900 mənzildə smart sayğac quraşdırılmış və şəhər
sakinləri fasiləsiz su ilə təmin olunmuşlar”.
Q.Hüseynov deyib ki, Almaniya İnkişaf Bankı ilə birgə
maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi
çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su
kəməri istismara verilmişdir: “Layihəyə uyğun olaraq hazırda Gəncə
şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur.
Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min
kubmetr olan 4 su anbarı tikilmiş, 170 yaşayış binasının daxili
kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənmiş, 7000
abonent smart sayğacla təmin olunmuşdur.
Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin
və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə
hazırlıq görülür.
Ötən il bölgənin suvarma və içməli suya olan tələbatının
ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının
istismara verilməsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux
rayonlarının etibarlı içməli su mənbəyi yaradılmışdır. Gəncə
şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə
magistral kəmərinin inşası artıq yekunlaşmışdır. Dövlət Proqramına
uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına
suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə layihələndirmə
işləri davam etdirilir.
Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay
şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılmış, Ağdaş
şəhərində isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq hər üç
şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir. Bununla
yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan
şəhərində 92, Ağdaş şəhərində isə 70 faizinin tikintisi başa
çatdırılmışdır.
2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf
Bankı ilə layihənin icrasına başlanılmışdır. “Azərbaycanın 6
rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində
Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulmasına start verilmişdir. 2015-ci ildə
bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin
Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən
qurulmasına başlanılacaqdır.
Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri və respublika tabeli
şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su
mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və
paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının
zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici
qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl
şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi
əhəmiyyət daşıyan belə qurğular istismara verilmişdir. Digər
şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam
etdirilir.
Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də
layihələrin icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən
mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli,
Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini
tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd
rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə
Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su
xətləri çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqatala, Qazax,
Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı
rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35
min nəfərin su təminatı yaxşılaşmışdır.
Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış
massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan
kəmərindən əraziyə magistral xətt çəkilmişdir.
Cənab Prezident, Dövlət Proqramının icrasının birinci ilində
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə
832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr
kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos
stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılmışdır.
Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş
işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su
alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə
çatdırılmışdır.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının
yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı “İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə
bağlı olan layihələr icra ediləcək” fikriniz, Azərbaycan
vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin
yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət
qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən
regionlarda yaşayan insanların içməli su təminatının
yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün
kollektivimiz daha əzmlə çalışacaqdır”.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO