Rəsmi xronika
İlham Əliyev Ağdama səfər etdi - FOTOLAR - (YENİLƏNDİ)
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdilər.
Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tariхində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tariхli qərarları əsasında Хaldan quşçuluq sovхozunun ərazisində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaхınlığındakı Göytəpə adlanan əraziyə, vaхtilə xan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürülüb. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır.
Məlumat verildi ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış oldular.
Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.
Bildirildi ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və хan zümrəsinə daхil olan digər sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxdılar.
Qeyd olundu ki, “Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.
Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış oldular.
Məlumat verildi ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Onlardan 5-i ayğır, 50-si madyan, 145-i isə gənc atlar və dayçalardır. Kompleksdə 28 mütəxəssis çalışır.
Qeyd olundu ki, 1946-cı ildə хüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atını, o cümlədən 59 baş madyanı və 1 baş ayğırı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb. Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir.
Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxdılar.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlər ildən-ilə artır. Atçılıq və atçılıq idmanı da xüsusi diqqət mərkəzində saxlanılır. Bir sözlə, ölkəmizdə idmanın bu növü inkişaf dövrünü yaşayır.
2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sonra Qarabağ atlarından bəhs edən “Sarılar - Qarabağ atının izi ilə” adlı sənədli filmi çəkilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub. Bir sözlə, kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır. Bütün bunların nəticəsində isə atlarımız yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qürur mənbəyinə çevriləcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olublar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və fermer Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.
Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət etdilər.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Pambıqçılar: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Burada yaxşı pambıq yetişdirmisiniz. Məhsuldarlıq yaxşı olmalıdır. Görün, bir qoza nə boydadır. 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi, qaldırdıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırmışıq. Bunu ona görə edirik ki, siz daha çox pul qazanasınız.
Pambıqçılar: Çox sağ olun, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: İndi pambıqçılıq sürətlə inkişaf edir. Bu il bu günədək 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxt təxminən 160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız belə davam etsə, deməli, təxminən 260 min ton pambıq tədarük ediləcək. Pambıqçılıqda 190 min insan işləyir, pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.
Pambıqçılar: Bəli, Allah köməyiniz olsun. Sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq.
Prezident İlham Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?
Pambıqçılar: Bir gündə hərəyə 110-120 kiloqram yığırıq.
Prezident İlham Əliyev: Bir gündə 120 kiloqram?
Pambıqçılar: Bəli, cənab Prezident, bir gündə.
Prezident İlham Əliyev: 120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov: İyirmi manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.
Prezident İlham Əliyev: 100 manat, hər gün bir evə?
Pambıqçılar: Bəli, hər gün.
Prezident İlham Əliyev: Yaxşıdır.
Şahin Məmmədov: Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq. Keçən ilin müvafiq dövründəkindən təqribən 5 min ton artıq təhvil vermişik.
Prezident İlham Əliyev: Sizdə əkin sahəsi 10 min hektardır. Əgər 20 min ton vermisinizsə, deməli, 20 sentneri siz artıq təmin etmisiniz.
Şahin Məmmədov: 20,8 sentner vermişik.
Prezident İlham Əliyev: Amma yığım hələ davam edəcək.
Şahin Məmmədov: Bəli, biz bu günədək keçən il bütün mövsüm ərzində yığdığımızdan çox pambıq vermişik. Keçən il mövsüm ərzində 20 min 497 ton pambıq yığmışdıq.
Prezident İlham Əliyev: Bəs, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlıq nə qədər gözlənilir?
Şahin Məmmədov: Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.
Prezident İlham Əliyev: 27-28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada ilboyu iş var.
Şahin Məmmədov: Bəli, ilboyu, şumdur, aratdır, maladır, sonra çiyidin səpilməsidir.
Prezident İlham Əliyev: Bəli, həm məşğulluq, həm də yaxşı qazanc.
Pambıqçılar: Bəli, cənab Prezident, qazancımız yaxşıdır.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı məhsulun vaxtında və itkisiz toplanması ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Qeyd edək ki, dövlətimizin başçısının ölkədə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq, son illər bu sahənin dirçəldilməsi üçün mühüm addımlar atılıb. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdisə, bu il 10 min hektar sahədə “ağ qızıl” becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Diqqətə çatdırıldı ki, pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 41 kombayn, 108 traktor, 200-dən artıq qoşqu cəlb edilib. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında olmağı hədəfləyiblər.
Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirdilər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi.
Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.
Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinın, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça emalatxanası tikilir. Dövlətimizin başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.
Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.
Qeyd olundu ki, bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.
Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşdülər.
Xalçaçıları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Sizi bu gözəl xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir. Ağdamın qədim xalçaçılıq məktəbi var. Burada qədim xalçalar da nümayiş etdirilir. İndi Sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti bu gün milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürəkdən təbrik edirəm.
X X X
“Azərxalça” ASC-nin Ağdam filialının direktoru, Əməkdar mədəniyyət işçisi Ceyran ƏLİYEVA belə gözəl hədiyyəyə görə dövlətimizin başçısına və birinci xanıma xalçaçıların minnətdarlığını çatdıraraq dedi:
-Siz bu gün qədim Qarabağ, Ağdam torpağına xoş gəlmisiniz. Qarabağ tarixən dünyada ən çox üç sahə ilə tanınıb: Qarabağ xalçası, Qarabağ muğamı, Qarabağ atları. Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu üç sahə Ağdamda həmişə inkişaf etmiş və dünyada şan-şöhrət qazanıb.
Biz 25 il idi ki, Ağdamda Qarabağ xalçaları toxumurduq. Biz Bərdədə şəraitsiz yerdə müəyyən vaxt işlədikdən sonra bu sənətdən ayrılmışdıq. Sizin Sərəncamınızla Ağdamda, Quzanlı qəsəbəsində bu böyük müəssisə yaradılıb və bu gün biz Qarabağ xalçaçılarının ixtiyarına verilib. Buna görə, cənab Prezident, Sizə və Mehriban xanıma çox dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Mehriban xanım, Sizin Azərbaycan xalçaçılıq sənətinin inkişafında və dünyada təbliğində misilsiz xidmətləriniz var. Sizin təşəbbüsünüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. Buna görə biz Qarabağ xalçaçıları adından Sizə təşəkkür edirik.
Bizim Ağdamda çox böyük xalça fabrikimiz var idi. 1980-ci illərdə Ulu Öndərin Sərəncamı ilə tikilmişdi. Hətta Xocalıda, Şuşada, Ağdərə rayonunun Baş Güneypəyə kəndində, Ağdamın dörd kəndində bizim filiallarımız var idi. Orada 600 nəfərə qədər xalçaçı çalışırdı. Mənfur ermənilər rayonu işğal edəndən sonra biz Ağdamdan ayrıldıq.
Cənab Prezident, bu sənət Sizin Sərəncamınızla bu gün yenidən bərpa olunub. Ermənilər heç vaxt deyə bilməz ki, Qarabağ xalçaları onlarındır. Bir dəfə bir jurnalist mənə dedi ki, hansısa xarici ölkədə ermənilər Qarabağ xalçasını özlərininki kimi təqdim ediblər. Dedim ki, Qarabağ xalçasını qarabağlılardan başqa heç kəs toxuya bilməz.
Prezident İlham Əliyev. Bəli, düzdür.
Ceyran Əliyeva: Bu gün biz Qarabağ xalçaçıları Sizə çox böyük təşəkkür edirik. Ancaq bu, son olmayacaq. Əminəm ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Biz yenidən Şuşada, Ağdamda, Xocalıda xalça sexləri açacaq, bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik.
Mehriban xanım, biz Ağdamdan çıxarkən mən bir yadigar yaylıq gətirmişəm. Bu gün həmin yaylığı Sizə təqdim etmək istəyirəm.
Ceyran Əliyeva yaylığı birinci xanım Mehriban Əliyevaya təqdim etdi.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: Bu gün Ağdamda, Quzanlıda möhtəşəm Muğam Mərkəzi açıldı. İndi xalça fabriki açılır. Bu gün Ağdam Atçılıq Mərkəzinin də açılışı olacaq. Ona görə biz Ağdamı dünyada məşhur edən bu üç istiqamət üzrə bu gözəl tədbirləri bir gündə keçiririk. Bu gözəl xalça fabrikinin yaradılması münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.
Xalçaçılar: Çox sağ olun.
X X X
Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Bu məsələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi də böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib.
Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.
Layihəni icra etmiş “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Ağalar Vəliyev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.
Qeyd edildi ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək.
Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Əziz dostlar, bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Ağdam sakinlərini ürəkdən təbrik edirəm.
Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.
Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.
Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır.
Mən qeyd etdim ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin. İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq Sərəncam veriləcəkdir.
Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir.
Biz hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik.
Yəni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var. Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki, əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq.
Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı gözlənilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb. Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.
Mən sizi bir daha salamlayıram və bu mərkəzin açılışı münasibətilə təbrik edirəm.
X X X
Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsinə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Xalq artisti Arif BABAYEV dedi:
-Cənab Prezident, icazənizlə, mən də bir neçə kəlmə söyləmək istərdim. Xalqımızın sevimli oğlu Prezidentimiz, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım, Sizin Ağdama gəlişiniz toy-bayramdır. Belə bir möhtəşəm binanın tikilməsi və istifadəyə verilməsi tarixi bir işdir. İndi belə gözəl binalara, saraylara bütün rayonlarımızda rast gəlmək olar. Mənim xeyli yaşım var, biz heç vaxt indiki qədər inkişaf görməmişdik. Biz əvvəllər qastrol səfərlərində olarkən otellərdə yata bilmirdik. Allaha şükür, indi haraya gedirsən gözəl otellər, idman meydançaları, istirahət zonaları var. Sizin bu işləriniz tarixə yazılır.
Hörmətli Mehriban xanım haqqında da bir neçə kəlmə demək istəyirəm. Çünki mənim bu fikirlərim birbaşa bizim muğamımıza bağlıdır. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə məhz Mehriban xanım yüksəldib. Bu, əvəzolunmaz bir işdir. Muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Bizim muğamımız var idi, amma bu dərəcədə, bu yüksəklikdə, bu hörmətdə deyildi. Ona görə biz Mehriban xanıma “Çox sağ olun!” deyirik.
Hörmətli Prezident, Sizin hər gəlişiniz bayramdır, hər gəlişiniz bir tarixdir. Özünüzlə bir tarix gətirirsiniz, çünki bu işlərin göstərişini Siz vermisiniz. İndi hər yerə gözəl asfalt yollarla gedirik. Vaxtilə belə şeylər mümkün deyildi. Allah Sizə cansağlığı versin. Biz sənət adamlarına, muğamımıza olan diqqət və qayğısına görə Mehriban xanıma ürəkdən minnətdarıq.
Cənab Prezident, Siz muğamla bağlı çox böyük işlər görmüsünüz və görürsünüz. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq çox böyük işdir, böyük bir tarixdir. Bizim 10 milyonluq xalqımız var. Bu balaca Azərbaycanı dünya səviyyəsində ən görkəmli, ən gözəl yerlərdən birinə qaldırmısınız. Cənab Prezident, Mehriban xanım, Allah Sizi qorusun. Səmimi sözlərimdir, hərdən düşünürəm ki, bizim əziz Prezident, hörmətli Mehriban xanım sanki dincəlmirlər, hər gün bir rayonda, bir ölkədə səfərdədirlər. Allah Sizə cansağlığı versin. Biz də etimadınızı doğrultmağa çalışacağıq. Var olun, sağ olun.
X X X
Xalq artisti Mənsum İBRAHİMOV dedi:
-Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım. Biz Sizi Qarabağın bu gözəl guşəsində salamlayırıq, xoş gəlmisiniz. Dövlətimizin muğamımıza diqqət və qayğısını hər zaman hiss etmişik. Əlbəttə, bu ənənənin təməlini bizim ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Bu ənənə bu gün çox layiqincə davam etdirilir. Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Onlar artıq fəaliyyət göstərirlər. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl hörmətli Mehriban xanımın tapşırığı ilə bölgələrə gedib seçim turları keçiririk. Hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi ilk uğurlu rəsmi səfəri bu yaxınlarda İtaliyaya oldu. O səfər çərçivəsində biz, şəxsən mən Qarabağ muğam üçlüyü olaraq Prezidentin sarayında konsert verdik. Həmin konsert “RAİ” teleradiosu ilə bütün Avropaya yayımlandı. Hətta aparıcı sonda söylədi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağ muğamın məskənidir. Eyni zamanda, cənab Prezident, Sizin apardığınız uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri arasında öz layiqli yerini tutmaqdadır.
Bu, Qarabağımızda sayca üçüncü muğam mərkəzidir və ən möhtəşəmidir. Bu, bizim bölgəmizə olan böyük diqqət və qayğının təzahürüdür. Bu, bizim muğamımızın intibah dövrünü yaşamasına bariz nümunədir. Allah Sizi qorusun. Mən bütün muğam ifaçıları adından təşəkkür edirəm. İnşallah, bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçirəcəyik. Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
X X X
Xalq artisti Aygün BAYRAMOVA dedi:
-Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, Sizi bu möhtəşəm Muğam Mərkəzinin açılışında görməkdən hamımız çox şadıq. Bu, təbii ki, bizim hamımızı sevindirir. Muğam bizim milli sərvətimizdir, mənəvi dəyərimizdir. Biz muğamı yaşatmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik.
Təbii ki, cənab Prezidentin, Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Çox böyük işlər görürsünüz, cənab Prezident. Sizə dərin təşəkkürümü bildirirəm. Mən Mehriban xanım haqqında əlbəttə ki, muğam ifaçılarının adından xüsusi ürək sözlərimi demək istəyirəm. Mehriban xanım bizə çox doğma, əziz bir insandır. Çünki muğamımıza, ümumiyyətlə, incəsənətə xidmət edən insanları həmişə dəyərləndirirsiniz, həmişə diqqətiniz bizim üzərimizdə olur. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən “Muğam dünyası”, “Qarabağ xanəndələri” layihələri bizim əməyimizə verilən çox böyük qiymətdir. Biz Mehriban xanımın təşəbbüsü ilə dəfələrlə tədbirlər keçirmişik, konsert proqramlarında bir araya gəlmişik. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək. Biz hər zaman çalışırıq ki, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq. Mənim arzum odur ki, İnşallah, Sizin rəhbərliyinizlə torpaqlarımız işğaldan azad olunsun və belə bir gözəl, möhtəşəm muğam mərkəzi Şuşada istifadəyə verilsin, biz də Sizin ətrafınızda bərabər olaq. Mən vaxtınızı çox almaq istəmirəm. Allah Sizləri qorusun. Allah xalqımızı qorusun. Bütün işlərinizdə Sizə uğurlar və nailiyyətlər arzu edirəm.
X X X
Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA çıxış edərək dedi:
-Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar. Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
X X X
Xalq artisti tarzən Ramiz QULİYEV dedi:
-Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.
Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Bu dərəcədə gözəl bir şərait, işıqlı bir saray, Ağdam Muğam Mərkəzi – bu, bizim həyatımızda ən əlamətdar bir gündür. Onu bizə Siz bəxş etmisiniz. Zaman-zaman böyük çətinliklərin içərisində olmuşuq. Elə vaxtlar olub ki, işğal altındakı bəzi rayonlarımızın əhalisi vaqonlarda yaşayıblar. Bu gün isə işıqlı, gözəl evlərdə, gözəl şəraitdə yaşayırlar.
Biz bu gün muğam haqqında söz deyəndə, - ruhu şad olsun, - Ulu Öndərin qoyduğu irsin gözəl nəticəsini görürük. Xalqımızın böyük övladları olaraq Sizin və Mehriban xanımın əldə etdiyi nailiyyətlərin tayı-bərabəri yoxdur. Təxminən 50 il bundan əvvəl haradasa muğam deyəndə müxtəlif ölkələrin adları çəkilirdi, amma Azərbaycanın adı çəkilmirdi. Uzun müddət muğam yaddan çıxmışdı. Çox hörmətli, hamımızın əzizi Mehriban xanım elə bir iş gördü, elə bir nəticə əldə etdi ki, bu gün dünyanın hər yerindən Azərbaycana gəlib bizim muğamlarımızı dinləyir və sevirlər. Dahi Heydər Əliyevin adını daşıyan Fond tayı-bərabəri olmayan işlər görür.
Çox hörmətli Mehriban xanım, 40-50 il bundan əvvəl Arif müəllimlə, sənət dostlarımızla 3 ildən, 5 ildən bir hər hansı ölkəyə gedəndə sevinirdik ki, şükür Allaha, biz də xaricə getdik. Amma indi sənət adamlarımızın sorağı hər gün bir ölkədən gəlir. Bütün bunlar Sizin diqqət və qayğınızın nəticəsidir, cənab Prezident. Sizə və hörmətli Mehriban xanıma “Sağ olun!”, “Var olun!” deyirik. Bizə yaratdığınız şəraitə görə Sizə ürəkdən minnətdarıq.
Aprel döyüşlərindəki qələbədən danışdınız. Bu qələbədən sonra Ağdamda yaratdığınız bu möhtəşəm sarayı, İnşallah, Şuşada da, Ağdamın mərkəzində də görəcəyik. Biz muğam ifaçılarına yüksək səviyyədə diqqət göstərirsiniz. Vətəni sevən, onu qoruyan insanlar, sənətkarlar hamısı yüksək səviyyədə diqqətə layiqdirlər. Sizin qayğınız sayəsində sənətkarların hamısının şəraiti gözəldir. Evlərimiz, şəraitimiz, orden və medallarımız, dostlarımız var, çörəyimiz boldur, xarici ölkələrdən çoxlu qonaqlarımız gəlir. Bu da ölkəmizdə turizmin inkişafı ilə bağlıdır. Bizim qonağımız olan xarici həmkarlarımız Azərbaycanın gözəlliyindən ürəkdolusu danışırlar.
Möhtərəm cənab Prezident, ürəyimiz sevinclə doludur. Əminəm ki, Sizin yüksək səviyyəli, cəsarətli, düşünülmüş, uğurlu siyasətiniz nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq.
Hörmətli Mehriban xanım, bir vaxtlar muğam sənətimiz, tar ifaçılığı, sazımız, kamançamız diqqətdən kənarda qalmışdı, başqa ölkələr bunlara sahib durmaq istəyirdi. Amma Mehriban xanım bunlara yiyəlik etdi, qeyri-maddi mədəni irs siyahısına daxil etdi. Bu gün dünyada elə bir ölkə yoxdur ki, oradan tarımızın səsi gəlməsin, simfonik orkestrlə, böyük xalq orkestrləri ilə, pianolarla, kamera orkestrləri ilə. Muğam ən böyük sərvətimizdir. Muğamı yaradan xalq yaşamalıdır və Siz başda olmaqla xalqımız yaşayacaq.
Cənab Prezident, mənim böyük bir arzum var, Allah bizə Sizinlə bir yerdə qismət eləsin ki, bizim muğamımız işğaldan azad olunmuş torpaqlarımızda səslənsin. Biz o möhtəşəm sevinci görəcəyik. Mehriban xanımın təşkilatçılığı ilə onların hamısını görəcəyik. Mən arzu edirəm ki, əziz, möhtərəm Prezidentimiz, Mehriban xanım, Allah Sizə muğam qədər ömür versin. Allah Sizi qorusun. Var olun.
X X X
Prezident İlham ƏLİYEV dedi:
Çox sağ olun, xoş sözlərə görə təşəkkür edirəm. Mən bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
***
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.
Bu yol Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib, 10 avtobus dayanacağı tikilib. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verildi.
Bildirildi ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.
Dövlətimizin başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verildi.
Bildirildi ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görülüb. Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.
Məlumat verildi ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Dövlətimizin başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...