• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

İlham Əliyev: Fermerlər üçün daha aydın, rahat mexanizm tətbiq olunur

İlham Əliyev: Fermerlər üçün daha aydın, rahat mexanizm tətbiq olunur

Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.

Bunu yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, aqrar sahədə, sənaye sahəsində də müsbət meyillər var: "Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.

Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək”.

Prezident qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar: "Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur. İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR